O günləri unutmağa haqqımız yoxdur

 

Belə bir kəlam var - azadlığa, müstəqilliyə nail olmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz və əbədi etmək daha çətindir, daha mürəkkəbdir. Mənim xeyli yaşım var. Həkim kimi uzun illər xalqın sağlamlığı keşiyində dayanmışam.

Həyatın hər üzünü görmüş, müxtəlif insanlarla çox rastlaşmışam. Zaman-zaman xalqımızın başına gətirilən siyasi oyunların canlı şahidiyəm. Mənim də gəldiyim qənaət belədir ki, dünyada o xalqlar xoşbəxtdir ki, zamanın ağır imtahanları ilə sınağa çəkiləndə ölüm, ya qalım problemi ilə üz-üzə gələndə müdrik rəhbəri olsun. Azərbaycan xalqı məhz ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi qüdrətli, dünyada qəbul edilən qətiyyətli, mahir siyasətçi bacarığı ilə fərqlənən oğlu var. Mən fikirlərimi bilərəkdən indiki zamanda çatdırıram. Çünki Heydər Əliyev həmişə bizimlə bir sıradadır. Ulu öndərin özünün dediyi kimi, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır.

Artıq neçə ildir ki, iyunun 15-ni - Milli Qurtuluş Gününü əziz el bayramı kimi qeyd edirik. Azad və müstəqil bir dövlətin vətəndaşları olduğumuz üçün qəlbimiz qürurla döyünür. Bu əlamətdar gündə istər-istəməz dönüb geri  baxırsan, keçilən yollara nəzər salırsan... Yetmiş il sovet imperiyası Azərbaycanın təbii sərvətlərini talamış, milli düşüncə tərzinə malik qeyrətli oğullarımız repressiya qurbanı olmuşlar. Nəhayət, azadlıq təşnəsi olan Azərbaycan xalqı  müstəqilliyini bərpa etdi. Milli azadlıq hərəkatının güclü oyanışı Azərbaycana azadlıq Günəşi doğurdu. Bu Günəşin oduna yavaş-yavaş qızınır, öz ölkəmizdə azad və müstəqil yaşamağın şirin dadını yenicə duymağa başlayırdıq ki, daxili antimilli, separatçı qüvvələr, müstəqilliyimizi gözü götürməyən düşmənlər  pozuculuq tədbirlərinə start verdilər. O vaxtkı AXC-Müsavat iqtidarının səriştəsizliyi bu prosesi daha da sürətləndirirdi. Problem qarşısıalınmaz xarakter alanda, Azərbaycan dövləti üçün real təhlükə yarananda, əli hər yerdən üzülən cəbhə hakimiyyəti o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndər Heydər Əliyevə müraciət etdi. Heç vaxt o ağrılı-acılı günləri unutmağa haqqımız yoxdur.

Son 10 ildə xalqımızın xilaskarı Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Azərbaycan indiki sürətli sosial-iqtisadi inkişafı ilə dünyanı heyran qoyur. Təkcə paytaxt Bakı deyil, bütün bölgələr inkişaf edir, gözəlləşir. Bizim Bərdə rayonu da son illər tanınmaz dərəcədə dəyişib, gözəl görkəm alıb. Əhalinin yaşayış tərzi də müqayisəedilməz dərəcədə yaxşılaşıb.

Zamanın özü də təsdiq edir ki, Azərbaycanın seçdiyi yol ən doğru yoldur. Biz əminik ki, dövlət başçısı İlham Əliyev bu yolda bizi hələ çox qələbələrə qovuşduracaqdır. İlham Əliyev artıq zamanın sınağından çıxmış qətiyyətli və prinsipial, eyni zamanda, son dərəcə qayğıkeş və humanist rəhbərdir. Odur ki, builki prezident seçkilərində Azərbaycan xalqı məhz İlham Əliyevə - yüksəlişə, tərəqqiyə, sabitliyə, firavan həyata səs verəcəkdir.

 

 

 

Hümbət HACIYEV,

Bərdə rayonu Ağsaqqallar Şurasının üzvü

 

Azərbaycan.-2013.- 15 iyun.- S.6.