Dağlıq Qarabağ transmilli cinayət üçün nəzarətsiz əraziyə çevrilib

 

Azərbaycanın işğal edilmiş əraziləri xeyli vaxtdır narkotik vasitələrin becərildiyi, tranzit kimi istifadə edildiyi və terrorçu qrupların hazırlandığı bir düşərgəyə çevrilib.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən daxil olan son məlumatlar bunu bir daha təsdiqləyir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ələ keçirilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik aşkar edilərək götürülüb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, ordan da Azərbaycana gətirilib. Əlbəttə, bu, bütün region üçün böyük təhlükədir. Bir daha sübut olunur ki, narkoticarət Ermənistanın dövlət siyasətinə çevrilib. Ermənilər bu ərazilərdə narkotik vasitələrin yetişdirilməsi ilə yanaşı, insan alveri, silah qaşaqmalçılığı ilə də məşğul olurlar.

Ölkəmiz  üçün ən narahatedici məqam isə ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunmasıdır. Bu nəzarətsiz ərazilərdə narkomafiyanın əkin sahələrinin və laboratoriyalarının olması vəziyyəti daha da təhlükəli edir.

Dağlıq Qarabağ işğal altında olduğu üçün qonşu dövlətlərdəki bəzi qüvvələr burada qanunsuz fəaliyyət həyata keçirir,  narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olurlar. Bu məqsədlər üçün  nəzarətsiz ərazilər, münaqişə ocaqları "əvəzsiz rol" oynayır.  Çünki bu cür ərazilərdən istifadə edərək daha az vəsait qoymaqla daha çox mənfəət əldə etmək mümkündür.

Aparılan təhlillər sübut edir ki, Əfqanıstanda və Dağlıq Qarabağda istehsal olunan, çox kustar üsulla mini laboratoriyalarda tərkibi kimyəviləşdirilərək heroinə çevrilən narkotiklər sonradan Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxarılır. Nəzərə almalıyıq  ki, işğal nəticəsində Azərbaycanın 20 faiz torpağı itirilib, 132 kilometrlik sərhədi tamamilə nəzarətsiz qalıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənovun sözlərinə görə, hesabat dövrü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomaniyaya qarşı mübarizədə 2590 fakt aşkar edilib. Qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 371 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Aşkar edilən cinayət faktlarından 780-i satış, 1660-ı saxlama, 136-sı əkin, 14-ü isə digərləri olub. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 49,2 faizini həşiş, 27,4 faizini marixuana, 11,9 faizini tiryək, 7,8 faizini isə heroin təşkil edib: "Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur.  Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilib. Hazırda ölkə ərazisindən narkotiklərin daşınması üzrə 3 beynəlxalq marşrut keçir. Bu marşrutlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycandır. Lakin beynəlxalq marşruta daxil edilməyən daha bir marşrut var ki, bu da Əfqanıstan-İran-Dağlıq Qarabağdır. Bu marşrut BMT-nin hesabatlarına daxil edilmir. Dağlıq Qarabağ həm narkotik vasitələrin tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biridir. Beynəlxalq qurumlar öz maraqları ucbatından Dağlıq Qarabağda narkotik ticarətin və terrorçuluğun qarşısını almağa cəhd göstərmirlər. Onlar Dağlıq Qarabağda narkotik ticarətin və terrorçuluğun artdığını yaxşı bilirlər. Həmin təşkilatlar bir çox ölkədə narkotik vasitələrin ticarətinə və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə apara bilir, tranzit marşrutlarının ünvanlarını hər il öz hesabatlarına daxil edir, amma Dağlıq Qarabağdakı vəziyyətə gələndə, heç bir addım atmırlar. Bu onu göstərir ki, problemin qalması beynəlxalq təşkilatlardakı mafiya qruplarının maraqlarına xidmət edir".

Beynəlxalq təşkilatlar Azərbaycanın qaldırdığı həyəcan siqnalına, təəssüf ki, o qədər də  həssaslıqla yanaşmır, ermənilərin və onlarla iş birliyində olan müəyyən dövlətlərin transmilli cinayətkar qruplaşmasına qarşı ciddi tədbirlər görmür. Bu cəbhədə də  Azərbaycan bütün lazımi addımları atmalı olur. Belə ki, son günlərdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfərin ifşa edilməsi bu qəbildəndir.

 Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib satış məqsədilə 8 kiloqramdan artıq həşişi və təxminən 7 kiloqram tiryəki, 9 kiloqram 500 qrama yaxın qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər. Tutulan şəxslərin ifadəsinə nəzər saldıqda məlum olur ki, İrandan gətirilmiş qurudulmuş marixuana və digər narkotik vasitələr ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazilərində yetişdirilib. Tutulanlardan biri İran İslam Respublikasının vətəndaşı Ərsalam Həlim həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilərin əsasən Qarabağda yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verdiklərini vurğulayıb. O, həmçinin iğşal olunmuş Qarabağ ərazilərində ermənilər tərəfindən yetişdirilmiş narkotik vasitələrin İran vasitəsi ilə Azərbaycana və başqa ölkələrə daşınaraq satıldığını deyib. Qrupun digər üzvü Babək Bağırov da analoji ifadələr verərək bildirib ki, Ərsalam Həlim ona həmin marixuananın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində erməni zabitləri və əsgərləri tərəfindən yetişdirildiyini və sifarişlər əsasında erməni hərbçilərinin bu narkotik vasitələri İrana və oradan başqa ölkələrə göndərdiklərini demişdir.

Faktlar onu göstərir ki, Azərbaycanın işğal olunmuş ərazilərində, beynəlxalq nəzarətdən kənarda qalan Dağlıq Qarabağda ermənilər qeyri-insani əməllərlə məşğuldurlar. Onların bu əməlləri Dağlıq Qarabağı bütün dünya üçün təhlükə ocağına çevirib. Beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşır ki, Azərbaycan buna qarşı mübarizə aparmır. Bunun da səbəbi odur ki, işğal olunmuş Dağlıq Qarabağ əraziləri Azəbaycana məxsusdur. Çünki heç bir dünya dövləti qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil dövlət kimi tanımayıb. Azərbaycan bu barədə beynəlxalq təşkilatlara dəfələrlə məlumat versə də, nəticəsi olmayıb. ABŞ Dövlət Departamenti 2005-ci ildə Azərbaycan hökumətinin məhz Dağlıq Qarabağda qeyri-qanuni narkotikanın tranziti və kultivasiyası ilə bağlı  məlumat xarakterli narahatlığını ifadə etmişdi. 2005-2006-cı illərdə bu məsələlərə çox böyük diqqət var idi. Hətta ABŞ Azərbaycan hökumətinin reaksiyasına dərhal cavab verərək Dağlıq Qarabağda monitorinqin aparılmasına qərar vermişdi. Amma sonrakı illərdə ABŞ-ın Dövlət Departamentinin hesabatında bu məsələlərə yer ayrılmadı. Əsas fikir respublikanın daxilindəki narkosituasiyaya yönəldildi. Bu da digər tərəfdən beynəlxalq donor institutlarının marağını bu məsələyə azaltmış oldu. Nə qədər ki, maraq azalır, narkoişbazlar orda öz çirkin əməllərini həyata keçirməkdə davam edirlər.

Bu faktdır ki, müxətlif terror qruplaşmaları Dağlıq Qarabağı özlərinin sığınacağına çevirərək çirkin əməllərini həyata keçirmək üçün narkotik ticarətdən əldə olunan gəlirlərdən istifadə edirlər. Məsələnin bu həddə çatması isə daha bir qlobal problemin - terrorizmin genişlənməsinə təkan verir.

Azərbaycan xüsusi xidmət orqanlarının apardığı araşdırmalar, o cümlədən əməliyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadır. Əgər nəzərə alsaq ki, Ermənistan və Dağlıq Qarabağ separatçı rejiminin rəhbərliyi narkotik ticarəti birbaşa himayə edirlər, onda bu marşrutların həqiqət olması ehtimalı daha böyükdür. Azərbaycanın rəsmi nümayəndələri də dəfələrlə Dağlıq Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün əsas baza olduğunu bildiriblər. Hətta amerikalı diplomatların Vaşinqtona göndərdiyi məlumatlarda  bildirilir ki, Azərbaycan tranzit yolların üzərində yerləşdiyindən beynəlxalq narkotik şəbəkə bu məkandan geniş şəkildə istifadə edir. Eyni zamanda vurğulanır ki, hazırda İrandan Avropaya daşınan narkotik maddələrin böyük bir qismi Ermənistan və onun işğal etdiyi Dağlıq Qarabağın ərazisindən keçirilir.

Beləliklə, erməni separatçıların Qarabağ "sevgisi"nin sirləri açılmaqdadır. Bu, daha çox bir narkoman "sevgisi"nə bənzəyir. Çünki Ermənistanın işğalı altında olan və beynəlxalq səviyyədə "nəzarətsiz zona" hesab olunan Qarabağ ərazisi narkotrafik və narkotik bitkilərin becərilməsi, həmçinin hazırlanması baxımından "münbit" ərazidir. Hətta Malayziyanın daxili işlər naziri də ölkəsinə gətirilən narkotik maddələrin Ermənistandan keçdiyini bəyan edib. Bu isə, həqiqi mənada, Dağlıq Qarabağ probleminin həll olunmamasının nəinki region, hətta bütün dünya üçün nə qədər təhlükəliyini bir daha sübut edir.

 

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 15 iyun.- S.10.