Ermənistan işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində narkotik vasitələrin becərilməsinə münbit şərait yaratmışdır

 

Dağlıq Qarabağın Ermənistan  tərəfindən işğalından sonra hər kəsin işğal probleminin həlli üzərinə cəmlənərək bu dövrdə ictimaiyyətin gözündən yayınan və bəzən  əhəmiyyətsiz hadisə kimi görünən bir çox məsələlər ortaya çıxmışdır.

Dağlıq Qarabağın bu şəkildə müvəqqəti qalacağını bilən Ermənistan rəhbərliyi zamanın imkan verə bildiyi qədər bu torpaqlardan öz xeyrinə istifadəsi və ya edə biləcəyi qədər zərər yetirməsi faktlarını çoxumuz bilirik.

Bu sözləri Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin (ATGDC) sədri Rəşxan Qaraşlı müsahibəsində demişdir.

R.Qaraşlı bildirmişdir ki, buna xüsusən də meşələrin yandırılmasını və ətraf mühitə qəsdən zərər yetirilməsini nümunə gətirmək olar. Ancaq ən acınacaqlısı son günlərdə Azərbaycanın milli təhlükəsizlik orqanları tərəfindən ifşa edilən narkotik vasitələrin istehsalı, daha sonra da digər dövlətlərə və eləcə də ölkəmizə gətirilməsi faktlarının aşkarlanaraq təsdiqlənməsi hadisəsidir.

Cəmiyyətin sədri qeyd etmişdir ki, dünyada ən gəlirli ticarət növləri qeyri-leqal olanlarıdır. Narkotik vasitələrin ticarəti də bunların başında duranlardandır. Artıq uzun illərdir ki, xarici yardımlar hesabına dolanan Ermənistanın ağır iqtisadi böhran içərisində olduğu hamıya məlumdur. Necə olur ki, bir ölkə iyirmi ilə yaxın bir dövrü yardımların hesabına yaşayır? Bu qədərmi yardım olunur Ermənistana? Yardımlar hesabına dövlətin neçə illər boyu yaşaması şübhə doğuran bir məsələdir və əslində Ermənistanın qazancının digər mənbələrdən də formalaşdığı artıq açıq-aşkar məlum olur.

ATGDC sədri vurğulamışdır ki, bu dövrdə üzərimizə düşən əsas vəzifə Ermənistan tərəfindən Dağlıq Qarabağda narkotik vasitələrin istehsalı və yayılması həqiqətinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Əfsuslar olsun ki, bağlı dünya ölkələrinin narkotik maddələrin istehsalı və tranziti ilə mübarizəsi onların aşkarlanması və məhv olunması ilə kifayətlənir.

R.Qaraşlı hesab edir ki, əsas məsələ Azərbaycanın öz torpaqlarında baş verən qanunsuzluqlara nəzarət etməsi imkanlarının olmamasıdır. Günün reallığı onu göstərir ki, Dağlıq Qarabağda narkotik vasitələr istehsal olunur və Azərbaycan öz ərazisində baş verən qanunsuzluqların aradan qaldırılmasına və narkotiklərin yayılmasına qarşı mübarizədə fəal olmalıdır. Bunun üçün bütün qüvvələr səfərbərlik edilməli və bizə aid olan hər bir məsələdə tam idarəetməni təmin etmək üçün müvafiq addımlar atılmalıdır. Dünya ictimaiyyətinin diqqəti bu məsələyə yönəldilməlidir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 15 iyun.- S.10.