Azərbaycan nümayəndə heyəti «ABC: Ukraine & Partners» Birinci Beynəlxalq Biznes Konfransın işində fəal iştirak edir

 

Ukraynanın Baş naziri Nikolay Azarov iyunun 13-də axşam "ABC: Ukraine&Partners" Birinci Beynəlxalq  Biznes-Konfransın iştirakçılarının şərəfinə təşkil edilmiş təntənəli qəbulda iştirak etmişdir. Tədbirdə Azərbaycanı sənaye və energetika naziri  Natiq Əliyevin başçılıq etdiyi  nümayəndə heyəti təmsil  etmişdir.

Əvvəlcə  "ABC: Ukraine & Partners" Birinci Beynəlxalq  Biznes-Konfrans çərçivəsində  "Olimpiyski"  Milli İdman Kompleksinin  ən iri konfrans salonu olan "Olimpiyskiy dvorik"də   "Ukraynanın yanacaq-energetika kompleksi: inkişaf və modernləşmə perspektivləri"  mövzusunda  panel diskussiyası keçirilmişdir. Diskussiyada  nazir Natiq Əliyev, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyevdəki nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ukraynanın energetika  və kömür sənayesi  naziri  Eduard Stavitski, Ukraynanın ekologiya  və təbii sərvətlər naziri  Oleq Proskuryakov  və başqaları iştirak etmişlər.

Nazir Natiq Əliyev yaxın tarixə ekskurs edərək, Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasından, ölkəmizin karbohidrogen xammalının  Avropa və Ukraynaya daşınması üzrə qlobal nəqliyyat  layihələrindən,  neft və qaz təchizatı mənbələrinin şaxələndirilməsindən söz açmışdır.  O,  respublikanın  nəhəng "qara qızıl" və "mavi yanacaq"  ehtiyatları, uğurla fəaliyyət göstərən,  istilik-energetika  kompleksinə  prioritet əhəmiyyət verən Azərbaycan və Ukrayna Prezidentləri Şurası,   Ukraynanın tranzit ölkə kimi gözəl perspektivləri barədə də  ətraflı məlumat vermişdir.

Azərbaycan nazirinin çıxışı mütəxəssislər, habelə  Ukrayna və xarici KİV-lərin təmsilçiləri tərəfindən  böyük maraqla qarşılanmışdır.

Diskussiyanın iştirakçıları -  Azərbaycan nümayəndə heyəti, Ukrayna Nazirlər Kabinetinin üzvləri, müxtəlif ölkələrin hökumət başçıları, beynəlxalq  iqtisadi təşkilatların rəhbərləri, Ukraynanın tərəfdaşları olan ölkələrin nazirləri, aparıcı investisiya, maliyyə-bank və biznes təşkilatlarının top-menecerləri,  ticarət-sənaye  palatalarının, assosiasiyaların başçıları iqtisadiyyatın enerji sektorunun  inkişafı və  ekologiya üçün  potensial  təhlükələrin minimuma endirilməsi,  Ukraynanın enerji təhlükəsizliyinin qaz-nəqliyyat sisteminin  optimallaşdırılması yolu ilə  təmin edilməsi məsələlərini və s.  müzakirə etmişlər.

Ukrayna hökumətinin başçısı Nikolay Azarov bu gün, iyunun 14-də  konfrans çərçivəsində keçiriləcək "Ukrayna ilə dünyanın  işgüzar tərəfdaşlığının yolları və perspektivləri: sabit inkişafın təmin edilməsi üçün qarşılıqlı faydalı  strategiyanın  axtarılması və həyata keçirilməsi" mövzusunda  plenar iclasda iştirak edəcəkdir.

N.Azarov forumun yekunlarına dair  mətbuat konfransı keçirəcəkdir.

Biznes-konfrans iyunun 14-də panel  diskussiyalarından və digər tədbirlərdən sonra başa çatacaqdır.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Kiyev

 

Azərbaycan.-2013.- 15 iyun.- S.11.