Yüksəlişin mübarəkdir, Azərbaycan!

 

Min illərdir yol gəlirsən.

 

Bu yollarda gör nə qədər

 

Hünər, zəfər, qüssə, kədər,

 

Yaxşı, yaman, daha nələr...

 

Sən görmüsən, Azərbaycan!

 

Sinə gərib hər möhnətə,

 

                      hər zülmə,

 

                      hər zəlalətə

 

Kərpic-kərpic, yarpaq-yarpaq

 

Boy atmısan, yüksəlmisən.

 

Arzuların indi sənin

 

                          çin olubdu.

 

Bu arzular Günəş nurlu

 

Əməllərlə yoğrulubdu.

 

İndi sənin öz səsin var,

 

                 öz sözün var,

 

Ali-ali kürsülərdən

 

Yalanlara, böhtanlara

 

Doğru, sərrast atəş açan

 

                      düz sözün var.

 

Ay-ulduzlu bayrağımız

 

                       dalğalanır

 

Neçə-neçə ölkələrin, dövlətlərin

 

Bayraqları sırasında.

 

Öz qüruru, öz vüqarı, əzəməti

 

                        vardır onun

 

Dalğalanan bu bayraqlar

 

                        arasında.

 

Göy Xəzərin sahilində

 

Başı dəyir, əli çatır

 

Karvan-karvan ötüb keçən

 

                         buludlara.

 

Ucalıqda tayı yoxdur,

 

Çata bilmir dünyadakı

 

Bayraqların biri ona.

 

Bu bayrağı zirvələrdən

 

                    zirvələrə,

 

Zəfərlərdən zəfərlərə

 

Qaldıracaq, aparacaq,

 

Gör nə qədər igidlərin,

 

                      ərənlərin

 

Vardır sənin, Azərbaycan!

 

Hamımıza əzizdən də

 

                         əziz olan

 

Doğma Bakı gündən-günə,

 

                      aydan-aya,

 

      ildən-ilə

 

Gör necə də gözəlləşir!

 

Hara getsən, hara baxsan,

 

Hər tərəfi naxış-naxış

 

Xalça kimi toxunubdur

 

                      gül-çiçəkdən.

 

Göz də doymur gözoxşayan

 

Belə ülvi gözəllikdən.

 

Binaların sıra-sıra,

 

                     qatar-qatar...

 

Əl uzatsa, ulduzlara

 

            əli çatar.

 

Gündüzlərin al-əlvandır

 

                             bahar kimi.

 

Gecələrin çıraqbandır

 

      səhər kimi.

 

Küçələrin aşıb-daşır

 

                         gur çay kimi.

 

Uzaq-yaxın qitələrdən, ölkələrdən

 

Gələnləri heyran edir

 

                              bu mənzərə.

 

Onlar deyir: "Biz vurulduq

 

Mavi Xəzər qoynundakı

 

                         bu şəhərə".

 

Bəli, bəli, hər tərəfdə

 

           bir yüksəliş,

 

           bir tərəqqi.

 

Bu yüksəliş aşıb-keçib

 

Yerlə göyün arasında

 

      olan həddi.

 

Bu gün artıq böyük-böyük

 

Ölkələrin sırasında

 

Kosmosda da öz yerimiz,

 

                      peykimiz var,

 

İllər ilə görülən iş, salınan

 

                  bağ

 

İndi artıq yetirir bar.

 

Dünəninə, bu gününə

 

                nəzər salıb

 

Oğlun, qızın fərəhlənir,

 

                     dost sevinir.

 

Hər birinin sinəsində

 

                        çırpınaraq

 

Pöhrələnən neçə-neçə

 

                             arzu, istək,

 

                             dilək dinir.

 

Qaranlığa işıq saçan

 

Xoş, mehriban gözlər gülür.

 

Ağbənizli, qaraxallı

 

                           üzlər gülür.

 

Sevincindən dilə gələn

 

Milyon-milyon ürəklər də

 

                         belə deyir:

 

-  Yüksəlişin mübarəkdir,

 

               Azərbaycan!

 

 

 

Seyran CAVADOV

 

Azərbaycan.-2013.- 15 iyun.- S.12.