Pakistanın nüfuzlu «Liberty» jurnalı: 15 iyun 1993-cü il tarixi Azərbaycanın gələcəyini müəyyənləşdirmişdir

 

Pakistanın nüfuzlu "Liberty" jurnalında  "Azərbaycanın Qurtuluş Günü " sərlövhəli məqalə dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yazıda ölkəmizin XX əsrin sonunda müstəqilliyinin ilk illərindən başlayaraq böyük çətinliklər və vətəndaş qarşıdurması ilə üzləşdiyi qeyd olunmuşdur. Bu mürəkkəb günlərdə Azərbaycan xalqının öz  ümidlərini  yalnız Heydər Əliyevə bağladığı vurğulanmışdır. Məqalədə ümummilli lider Heydər Əliyevin xalqın israrlı tələbi ilə 1993-cü il iyunun 15-dən Azərbaycana rəhbərlik etdiyi və həmin tarixin ölkədə Milli Qurtuluş Günü kimi qeyd olunduğu vurğulanmışdır.

"Liberty" jurnalı qeyd edir ki, müdrik şəxsiyyət Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu kursunu seçərək ölkədə köklü iqtisadi və siyasi islahatlar aparmış, neft strategiyasını müəyyənləşdirmişdir. Məqalədə ulu öndərin Azərbaycanın Prezidenti olduğu illərdə həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edildiyi, dünya ölkələri sırasında özünəməxsus yer tutmağa müvəffəq olduğu bildirilmişdir.

Yazıda ümummilli liderin parlaq gələcəkli Azərbaycan yaratması ideyalarının onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev ideyalarına sadiq olan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirmiş, ölkədə irimiqyaslı iqtisadi layihələr həyata keçirərək Azərbaycanı dünyada ən yüksək templərlə inkişaf edən ölkələrdən biri etmişdir.

Bildirilmişdir ki, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin xatirəsini daim əziz tutur, ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursla inamla addımlayır.

Məqalədə Heydər Əliyevin adını daşıyan və ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun Azərbaycanda və xaricdə irimiqyaslı layihələr həyata keçirdiyini qeyd edilmişdir. 

"Liberty" jurnalında dərc edilmiş məqalə "15 iyun 1993-cü il tarixi ölkənin gələcəyini müəyyənləşdirmiş və daim xalqın gücünə arxalanan bir liderin - Heydər Əliyevin adı ilə bağlıdır. Həmin tarix Azərbaycanın mübarizlik və qurtuluş rəmzi kimi xalqın xatirəsində əbədi yaşayacaqdır" sözləri ilə yekunlaşmışdır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən oxumaq mümkündür: http://libertyislamabad.com/Azerbaijan.html

 

Azərbaycan.-2013.- 15 iyun.- S.14.