«Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 668-IVQD nömrəli qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 668-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 19 iyun.- S.2.