Maqsud İbrahimbəyov qardaşından fərqli yol tutdu

 

Dünən Milli Sülh Komitəsinin plenum iclası keçirilib. Milli Sülh Komitəsinin sədri, xalq yazıçısı Maqsud İbrahimbəyovun sədrliyi ilə keçirilən iclasda 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri də müzakirə olunub.

Milli Sülh Komitəsi seçkilərdə dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməklə bağlı qərar verib.

Qeyd edək ki, Milli Sülh Komitəsinin rəhbəri Maqsud İbrahimbəyov kinodramaturq Rüstəm İbrahimbəyovun qardaşıdır. Hansı ki, Rüstəm İbrahimbəyov Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib. O bu məqsədlə  "Milli Şura" yaradaraq onun rəhbəri seçilib. Bu şəxs dağıdıcı müxalifətlə bir araya gələrək "vahid namizəd" lə seçkilərdə iştirak etmək arzusundadır. Bir vaxtlar siyasətlə məşğul olmaq fikrində olmadığını söyləyən kinodramaturq indi kimlərinsə təkidi ilə müxalifətin "vahid namizədi" olmaqdan ötrü çalışır. Maqsud İbrahimbəyovun sədri olduğu Milli Sülh Komitəsinin qərarı isə ona bir daha yenidən fikirləşmək barədə şans verə bilər. Çünki respublikanın əksər təşkilat və birlikləri dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyir. Yeni Azərbaycan Partiyasının beşinci qurultayında cənab İlham Əliyevin bir daha prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın sosial sifarişdir. Ancaq antiazərbaycançı şəbəkənin, ölkəmizin yüksələn xəttlə inkişafını istəməyən bəzi xarici qüvvələrin təsiri altına düşərək fəaliyyət istiqamətini dəyişən Rüstəm İbrahimbəyov bütün bunları görməməzliyə vurur.

Milli Sülh Komitəsi ölkədəki bir çox qurumlar kimi dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir.  Çünki bu gün Azərbaycana ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycanın Prezidenti bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Cənab İlham Əliyev dünyada və Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevi vətənpərvər bir insan kimi, güclü bir siyasətçi kimi qəbul edir.

Milli Sülh Komitəsinin sədri  Maqsud İbrahimbəyovun bu addımı isə antiazərbaycançı şəbəkə və ölkədəki dağıdıcı müxalifətlə işbirliyi quran qardaşı Rüstəm İbrahimbəyova bir mesaj ola bilər. Qardaşının doğru yolda olmadığını görən M.İbrahimbəyov bəlkə bu yolla ona bir daha xatırlatma edib.  Atalar demiş - "ziyanın yarısından qayıtmaq da xeyirlidir".

 

 

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 1.