Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının illik hesabat konfransı keçirilmişdir

 

İyunun 15-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq və yerli gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmişdir. Sonra təşkilati məsələlərə baxılmış, yeni təşkilatlar səsvermə yolu ilə ARGTMŞ-yə üzv qəbul olunmuşlar.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Milli Şuranın sədri Şahin Seyidzadə bildirmişdir ki, Azərbaycanın ən böyük gənclər platforması olan ARGTMŞ ölkəmizdə 104 gənclər təşkilatını birləşdirən ilk konfederativ qurumdur. Təşkilat Avropa Gənclər Forumunun Azərbaycandan yeganə və tamhüquqlu üzvüdür. Eyni zamanda, BMT-nin ECOSOC qurumunda xüsusi məşvərətçi statusa malikdir.

Vurğulanmışdır ki, hesabat dövründə 49 KİV ilə əməkdaşlıq edilmiş və təşkilata dair məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Şuranın növbəti illər üçün gənclər təşkilatları institutunun gücləndirilməsi, gənclər arasında əməkdaşlıq imkanlarının artırılması və onların gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirakının təmin edilməsi kimi önəmli strateji hədəfləri mövcuddur.

ARGTMŞ-nin əsas məqsəd və vəzifələrindən danışan Ş.Seyidzadə demişdir ki, vətəndaş cəmiyyətinin formalaşmasında Azərbaycan gənclərinin və gənclər təşkilatlarının rolunun artırılması ən vacib istiqamətlərdən biridir.

Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətindən danışmışlar.

Bildirilmişdir ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Konfransda bu il keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edilmişdir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ARGTMŞ-nin fəaliyyətindən, əldə etdiyi uğurlardan, bu gün qurumun bütün ölkədə dəstəkləndiyindən söz açmışdır. Bildirilmişdir ki, ARGTMŞ sıralarında 104 təşkilatın birləşməsi qurumun əldə etdiyi ən böyük nailiyyətidir.

Nazir qeyd etmişdir ki, bir neçə il öncə gənclərin səmərəli fəaliyyətləri üçün irimiqyaslı layihələrin həyata keçirilməsi mümkün deyildi. Ancaq hazırda Azərbaycanda gənclər üçün önəmli layihələr icra olunur. Bakının nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini xatırladan Azad Rəhimov paytaxtımızın dünyanın gənclik şəhərinə çevrildiyini diqqətə çatdırmışdır.

Nazir gəncləri gələcəklərini daha böyük inamla qurmaq üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirin ARGTMŞ-nin fəaliyyətinin və gələcək perspektivlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, 1995-ci ildə təsis olunmuş qurum illər sonra gənclər təşkilatlarını birləşdirən ən böyük struktura çevrilmiş, ölkəmizin maraqlarını hərtərəfli təmsil edən önəmli təşkilat kimi formalaşmışdır. Artıq ARGTMŞ bir çox beynəlxalq təşkilatlarla yaxından və səmərəli əməkdaşlıq edən böyük bir quruma çevrilmişdir.

Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini deyən Elnur Aslanov vurğulamışdır ki, bu sahədə əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkəmizin siyasi, sosial və iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, güclü Azərbaycan fəlsəfəsini yaratmış, qüdrətli Azərbaycan vətəndaşı obrazını formalaşdırmışdır. Ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" fikrinin əsasında təkcə vətəndaşlıq anlayışı deyil, eyni zamanda güclü və səmərəli dövlətçiliyin fəlsəfəsi durur.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdən bir dövlətə çevrilmişdir. Fəxr hissi ilə deyə bilərik ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilmir. Qürurla vurğulamaq olar ki, Azərbaycan regionun lideri, BMT Təhlükəsizlik Şurasının üzvü, bir çox təşkilatların təsisçisi və fəal iştirakçısıdır.

Bəzi hallarda beynəlxalq qurumlar tərəfindən ölkəmizə qarşı qərəzli yanaşmanın mövcud olduğunu vurğulayan E.Aslanov bildirmişdir ki, bir neçə gün bundan öncə Avropa Parlamentinin bir qrup deputatı Azərbaycan ilə bağlı ədalətsiz və birtərəfli qətnamə qəbul etmişdir. Bu qərara münasibət bildirən E.Aslanov demişdir: "Nəyə görə hər hansı bir məsələyə dərhal münasibət bildirən bu Avropa təsisatı 20 ildir ki, ermənilər tərəfindən hüquqları pozulmuş, evlərindən didərgin düşmüş azərbaycanlıların taleyinə biganə yanaşır?! Nəyə görə Dağlıq Qarabağ beynəlxalq təşkilatların və böyük dövlətlərin diqqətindən kənarda qalmışdır?! Bunu yalnız ikili standart adlandırmaq olar".

Azərbaycanın müasir, tolerant və gəncləşən ölkə olduğunu deyən Elnur Aslanov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin bundan sonra da vətəndaşlarımızın rifahına xidmət edəcəyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, gənclər bu il keçiriləcək prezident seçkilərində haqlı olaraq Azərbaycanın inkişafı, gələcəyi, tərəqqisi naminə yorulmadan çalışan dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyirlər.

Sonda ARGTMŞ-nin üzv təşkilatlar üçün yeni imkanlarını əks etdirən layihələrin təqdimatı olmuşdur.

 

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 6.