Londonda «Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi» kitabının təqdimat mərasimi keçirilmişdir

 

Londonda Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi" adlı kitabın təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Londonda akkreditə olunmuş diplomatik korpusun, Böyük Britaniyanın və Azərbaycanın dövlət və hökumət, ictimaiyyət nümayəndələri, bu ölkədə fəaliyyət göstərən yerli təşkilatların təmsilçiləri iştirak etmişlər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ulu öndər Heydər Əliyevin siyasi karyerası, onun sıravi bir azərbaycanlı ailəsindən çıxaraq keçmiş sovet elitasının zirvəsinədək yüksəlməsi və Azərbaycana rəhbərlik etdiyi dövrü tarixi faktlarla təhlil edərək iştirakçılara ətraflı məlumat vermişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açan səfir demişdir ki, dahi şəxsiyyətlərin böyüklüyü zaman keçdikcə daha aydın görünür, onların qədir-qiymətini xalq özü verir. Adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan ümummilli lider Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Kitabda ümummilli liderin Azərbaycan tarixinin tam bir qərinəlik dövründə gördüyü nəhəng quruculuq işləri bir daha xatırlanır, xilaskarlıq missiyası göz önündə sərgilənir. Görkəmli şəxsiyyətlərin irsi, onların həyat və fəaliyyətləri dövlət quruculuğu sayəsində zəruri addımların atılmasında, siyasi xəttin düzgün müəyyənləşdirilməsində kompas rolunu oynayır. Bu baxımdan ulu öndər Heydər Əliyevin irsi hər bir azərbaycanlı üçün daim öyrənilməli olan məktəbdir.

Böyük Britaniya Parlamenti İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer kitab barədə iştirakçılara məlumat vermiş, dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmağın mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Kitabın həmçinin dünya siyasətçilərinin Azərbaycanın siyasi quruluşu haqqında ətraflı məlumat əldə etmələri, ölkəmizin çətin dönəmlərindən bugünkü sürətli inkişafınadək olan hadisələrin analiz edilməsi baxımından önəmli olduğu qeyd edilmişdir.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə də toxunan K.Pinçer, Azərbaycan-Britaniya dostluq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycanın müstəqillik tarixinə nəzər salmış, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə respublikamızın yenidən dirçəlişindən bəhs etmişdir. Ümummilli lider haqqında yazılan kitabın həmçinin Azərbaycanın siyasi prioritetlərini və dövlətçilik ənənələrini öyrənmək istəyənlər üçün də təqdirəlayiq vəsait olduğunu vurğulamışdır.

Kitabın müəllifi, məşhur ingilis naşiri Graeme H.Vilson nəşrdən bəhs edərək bir çox dünya liderləri haqqında əsərlər yaratdığını və ulu öndər Heydər Əliyev haqqında kitab yazmaqdan böyük məmnunluq hissi keçirdiyini qeyd etmişdir. Hər bir xalqın tarixi şəxsiyyətlərinin və liderlərinin olduğunu diqqətə çatdıran G.H.Vilson görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı üçün, sözün əsl mənasında, ümummilli lider olduğunu vurğulamışdır.

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

 

London

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 8.