Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 10 ildə sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib

 

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlarla, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.

"Əsl siyasət konkret real iş görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə inamlı addımlar atır.

Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında dəyərləndirilir, eləcə də dünya mətbuatında işıqlandırılır və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafı üçün həyata keçirdiyi tədbirlərlə bağlı vaxtaşırı olaraq nüfuzlu jurnallarda geniş məqalələr dərc olunur.

Bir müddət əvvəl Böyük Britaniyanın məşhur "The Times" qəzetində və saytında Azərbaycan Prezidenti İlham Əliyevin adı 2012-ci ildə dünyada diqqəti ən çox cəlb edən və nüfuz sahibi sayılan 100 nəfərin siyahısına daxil edilmişdi. "The Times" qəzeti yazmışdı ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb.

Məqalədə həmçinin göstərilmişdi ki, Bakıda ticarət mərkəzlərinin və beşulduzlu hotellərin sayı artır, bu isə onu "Xəzər sahilində Dubay" adlandırmağa əsas verir. Qəzetin reytinq siyahısına siyasətçilərdən Azərbaycan Prezidenti ilə yanaşı, ABŞ Prezidenti Barak Obama, AFR Kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İsrailin Baş naziri Binyamin Netanyahu daxil edilmişdi.

Bununla yanaşı, "Caspian" İnformasiya Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də maraq doğurmuşdu. Respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışdılar. Qurumun rəhbəri qeyd etmişdi ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini bildirmişlər. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, uğurla inkişaf edən, güclü bir ölkə olduğu qənaətinə gəlmişlər. 

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı isə bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan etdi. Ölkə başçısı "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanda fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülmüşdü.

2012-ci ilin sonuna Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğunun nəticələri də böyük qürur hissi doğurmuşdu. Qeyd edək ki, sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilmişdi. Rəyi soruşulanların 65 faizi öz həyatlarından razı olduqlarını bildirmişdilər. Həyatından məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksək olmuşdur. Rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz) inandığını ifadə etmişdir.

Prezident İlham Əliyev bu günlərdə Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilib. Qeyd edək ki, "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Jurnalda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbayan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. "Ekovitrin" jurnalında  dövlət başçısının daxili və xarici siyasətinin uğurlu nəticələri geniş əks etdirilib.  

Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirib ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. 2003-2012-ci illərdə qəbul etdiyi fundamental qərarlar cənab İlham Əliyevin xalqın mənafeyindən çıxış etdiyini göstərmişdir.

İqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipi son 10 ildə Azərbaycanın demokratikləşməsi və ümumən cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Dövlət başçısının dünya siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi, hüquqi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir" - deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratik-hüquqi inkişaf prosesi insanların sosial-siyasi, mədəni və iqtisadi rifahına adekvat olmalı, cəmiyyətin siyasi şüur səviyyəsinin yüksəlməsi ilə paralel şəkildə həyata keçirilməlidir.

Prezidentlik dövründə xarici siyasət məsələlərinə də xüsusi diqqət yetirən, Azərbaycanın hücum diplomatiyasını, habelə qlobal həmlələrə qarşı adekvat reaksiyasını təmin edən, respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyən dövlət başçısı cənab İlham Əliyev bu sahədə də mühüm nailiyyətlərə imza atmışdır. Milli mənafeləri önə çəkən bu çevik və qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə və ümumən Avropa geopolitik arealında nüfuzu artmış, mövqeləri möhkəmlənmişdir. Cənab İlham Əliyevin fenomenal siyasi liderliyi sayəsində Azərbaycan milli mənafelərini dünya miqyasında müdafiə edə bilən praqmatik, çevik, təmkinli və səriştəli xarici siyasətini yeritməyə nail olmuşdur. Eyni zamanda, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməklə Azərbaycanın heç bir dövlətdən asılı olmadan müstəqil siyasət yeritməsi, beynəlxalq mövqelərinin güclənməsi təmin edilmişdir.

Hazırda respublikamızın özündən asılı olmayan səbəblərdən həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Nəticədən asılı olmayaraq, hazırda Azərbaycanın danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri də respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda və əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt imkanı əldə etməsidir. Yəni, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi  Azərbaycana təcavüzkar dövləti ifşa etmək, onun işğalçı siyasəti barədə beynəlxalq miqyasda obyektiv rəy formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakının danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər verir. Yəni, danışıqlar prosesi sonadək nəticə verməsə, Azərbaycan hərb yolunun qaçılmazlığını beynəlxalq ictimaiyyətə əsaslandırmaq imkanı qazanacaq, bu istiqamətdə real addımlar atacaqdır.

Ötən 10 ilə nəzər saldıqda əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev cənab İlham Əliyevə xitabən "Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyimində qətiyyən yanılmamışdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirə biləcək yeganə şəxs məhz cənab

İlham Əliyev idi və ötən 10 illik zaman məsafəsində bu həqiqət bir daha təsdiqini tapmışdır. İrs-varislik əlaqələrinə əsaslanan bu bağlılıq Azərbaycana inamla rəhbərlik edən cənab İlham Əliyevin ictimai inamı doğrultmasında da bir daha özünü göstərir.

 

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 20 iyun.- S.1.