Qətiyyətli və prinsipial lider

 

Xalq özünə belə rəhbər seçir

 

 

Azərbaycan tarixinin çox mühüm, xüsusi əhəmiyyət kəsb edən əsas hadisəsinə - prezident seçkisinə yaxınlaşır. Prezident seçkiləri bütün ölkələrin, xalqların getdiyi yoldur. Axı müasir dünyada hakimiyyətə gəlməyin yalnız bir yolu - sivil yol, seçkilər vasitəsilə və xalqın zəmanəti və dəstəyi ilə gəlmək yolu var. Demokratik respublikada hakimiyyətin və hakimiyyətə gəlməyin əsas mənbəyi xalq və onun səsidir. Müasir dünyada partiyalar seçkilərə aparıcı, xalq içərisində reytinqi yüksək olan namizədlərlə gedirlər. Ölkəni irəli aparmağa qadir olan, xalqı vahid qüvvə kimi bir ideya ətrafında birləşdirə bilən partiyalar seçkilərdə uğur qazana bilirlər. Lakin elə ölü doğulmuş partiyalar var ki, uzun illər mövcud olsalar da, hakimiyyətə gələ bilməyiblər. O partiyaların xəstəliyini ağıllı rəhbərdən məhrumluq sindromu adlandırmaq olar. Amma elə partiyalar da var ki, onların yaranması və hakimiyyətə gəlməsi çox sürətli olmuşdur. Dünya siyasi partiyalar tarixində belə partiyalar bu gün də var.

Partiyanın uğuru və uzun illər hakimiyyətdə qala bilməsinin əsas mənbəyi təmsil etdiyi, arxalandığı sosial bazanın genişliyidir. Azərbaycan Cənubi Qafqazın ən güclü və modern dövlətinə çevrildiyi kimi, Yeni Azərbaycan Partiyası da xalqın dəstəyini qazanmasına, missiyasının müqəddəsliyinə, vətənin və xalqın taleyinə verdiyi müstəsna əhəmiyyətə görə öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə almasından qaynaqlanaraq dünyanın və bölgənin nüfuzlu partiyalarından biridir. Xalqın inamına arxalanan və ümidini liderə bağlayan belə partiyalar həmişə qələbə qazanır, uzun müddət hakimiyyətdə qala bilirlər. Partiyanın ideoloji-siyasi kursu və onun ictimai bazasının yaranması, genişlənməsi və möhkəmlənməsi bir-biri ilə bağlı proseslərdir. Azərbaycanda son seçkilərdə daxili siyasətdə liberalizm elementləri qabarıq şəkildə nəzərə çarpmağa başlamış, siyasi qüvvələr arasında dialoqa meyil güclənmişdir. Azərbaycanda demokratikləşmə prosesi uğurla davam edir, dövlət siyasi partiyalara, vətəndaş cəmiyyəti institutlarına qanun əsasında, beynəlxalq standartlar səviyyəsində yardım göstərir.

Xarizmatik lider amili prezident seçkiləri ərəfəsində namizədin müəyyən edilməsində müsbət nəticəni əvvəldən sığortalamış olur. Prezidentliyə namizədin müəyyən edilməsi prinsipində müasir dünyanın aparıcı ölkələrində dəyişməz, sabit, konstitusiya ilə müəyyən olunan prosedurlar var. Prezidentlik müddətinin sonuna doğru aparıcı, iqtidar partiyası qurultayını çağıraraq namizədini müəyyən edir. Azərbaycanın dünyaya inteqrasiyası bütün sahələrdə olduğu kimi, prezident seçkisində də konstitusiya tələbləri diqqətlə gözlənilir, namizədin müəyyən edilməsində fərdi təşəbbüsləri deyil, təşkilatı təmsil edən bütün üzvlərin təşəbbüsünə üstünlük verilir.

 Ən mühüm olan namizədin qətiyyəti və prinsipiallığıdır. İki mühüm transmilli layihə - Bakı-Tbilisi-Qars dəmiryol xətti və Avropaya təbii qaz ixracını reallaşdıracaq TANAP layihəsi cənab İlham Əliyevin qətiyyətli və prinsipial siyasi qərarı ilə həyata vəsiqə qazandı. Keçmiş SSRİ məkanında ən qısa müddətə və ən yüksək əmsalla əhalinin batmış əmanətləri dövlət vəsaiti hesabına əmanətçilərə qaytarıldı. Orbitə peykini çıxaran Azərbaycan dünya kosmik klubunun üzvü oldu. Ölkə tarazlı, öncədən hazırlanmış dövlət proqramları əsasında inkişaf etdirilir, regionlar heç də paytaxt Bakıdan geri qalmır. Gəncəyə səfəri zamanı Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin söylədiyi: "Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir. Bu diqqət daimidir. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkişaf gedir" sözləri bütöv Azərbaycanın vahid dövlət proqramı əsasında inkişaf etdiyinin əyani sübutudur. Bu reallıqlar hər bir ölkə vətəndaşı kimi, bizim də qəlbimizi qürur hissi ilə doldurur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ildə Gəncəyə səfər edərkən demişdir: "Belə getsə, Gəncə Bakını ötəcək". Nizami Gəncəvinin 870 və Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi UNESCO xətti ilə dünyada qeyd edilir. Gəncə Avropanın gözəl şəhərləri səviyyəsinə çatmaq iddiasındadır.

Yeni Azərbaycan Partiyasının V qurultayı faktiki olaraq çox mühüm bir missiyanı - 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezidentliyinə namizədi müəyyən etdi. Bu, son 5 ilə yaxın bir müddətdə Prezidentin fəaliyyətinin xalq tərəfindən bəyənilməsi, dəstəklənməsi və hakimiyyətinin davam etdirilməsinə təkidin təsdiqidir. Xalqın güclü dəstəyi bütün hakimiyyətlərin olduğu kimi, prezident hakimiyyətinin də uzunömürlük eliksiri, fenomenidir.

"Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır" - cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi və bütün zamanlarda öz qüvvəsindədir. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Cənab İlham Əliyev Azərbaycanda siyasi qüvvələrin və əksər partiyaların birmənalı şəkildə qəbul etdikləri, ən çətin sınaqlardan mətanətlə və üzüağ çıxmış liderdir. Onun beynəlxalq və nüfuzlu qurumlar tərəfindən dəfələrlə keçirilən rəy sorğularında daim yüksək reytinqə sahib olduğu sübuta yetirilib. Cənab İlham Əliyev  müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir.

Prezidentliyə namizədin müəyyən edilməsini, onun dəstəklənməsini vacib edən bir sıra şərtlər var. Prezident hakimiyyəti illərində əvvəlki seçkilərdə verdiyi vədləri yerinə yetirməlidir. Cənab İlham Əliyev verdiyi vədləri tamamilə yerinə yetirmişdir. Ölkədə sabitlik daha da möhkəmləndirilmişdir. Azərbaycan son 5 ildə sözün tam mənasında çox böyük uğurlara imza atmışdır. Dövlətçilik postsovet məkanında və dünyada yüksək standartlar səviyyəsindədir. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik real təminatlara söykənir.

Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi diqqət yetirilir. İqtisadiyyatda özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi önəm verilməsi Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edir.

Azərbaycan son 10 ildə Qərb məkanında yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə sübuta yetirmişdir. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da artıq çoxdandır ki, Prezident İlham Əliyevi böyük siyasətçi, siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir. Yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

 2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Ən böyük uğurlarımızdan biri 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir.

Azərbaycan xalqı hələ 1993-cü ilin qanlı-qadalı iyun günlərində ulu öndər Heydər Əliyevin siyasi kursunu seçib. Bu kursun ən layiqli davamçısının cənab  İlham Əliyev olduğunu xalqımız onun on illik prezidentliyi dövründə yəqinləşdirib və qətiləşdirib. Növbəti dəfə də Heydər Əliyevin siyasi kursuna və İlham Əliyevin Azərbaycana rəhbərlik müddətinin uzadılmasına mütəşəkkilliklə səs verəcəyi şəksizdir.

 

 

 

Həsənbala SADIQOV,

Gəncə Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi

 

Azərbaycan.-2013.- 20 iyun.- S.2.