Naxçıvan ziyalıları yalnız İlham Əliyevi dəstəkləyirlər

 

 

Güclü lider- güclü Azərbaycan!

 

Xalqın taleyi ilə bağlı uzaqgörən və konstruktiv qərarlar vermək həmişə ziyalıların vəzifəsi olub. Taleyüklü məsələlərin həllində ziyalılar həmişə qəti mövqe nümayiş etdiriblər. Tərəfsiz, obyektiv, yalnız xalqın xoşbəxtliyi naminə, milli idealları və taleyinə uyğun qərarların verilməsi məsuliyyəti ziyalı vicdanı qarşısında dayanır.

Qarşıdan gələn prezident seçkiləri xalqımızı, o cümlədən ziyalılarımızı zamanın  həssas bir vaxtında güclü, təcrübəli, vətəninə bağlı, peşəkar bir namizədlə dövlətçilik mücadiləsini davam etdirməyə sövq edir.

Çoxsaylı Naxçıvan elmi ictimaiyyəti uzaqgörənliklə ictimai-siyasi hadisələrin sınağından üzüağ çıxan Heydər Əliyev siyasi kursuna və onun sədaqətli davamçısı cənab İlham Əliyevin yenidən prezidentliyə namizədliyinə yekdilliklə dəstək verir. Xoşbəxt, firavan, maddi rifah içində yaşayış istəyi bu arzuları həyata keçirməyə qabil bir ölkə başçısı tələb edir. Cənab İlham Əliyevə yekdilliklə bəslənilən inam bu peşəkar siyasətçinin dövlətçilik təcrübəsinə yeritdiyi siyasi kursa inamdan irəli gəlir. Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin xalq tərəfindən bəyənilməsi, ziyalıların yekdilliklə səs verməsi onun mənsub olduğu Heydər Əliyev siyasi kursuna  sonsuz inamdan, bəslənilən etibardan doğur. Ölkəyə uğurlu rəhbərliyi dövründə baş verən sürətli iqtisadi artım, hərtərəfli inkişaf İlham Əliyevin bir dövlət başçısı kimi nadir istedadı və qabiliyyətindən xəbər verir. Ölkədə iqtisadi dirçəliş nəticəsində nəinki ümumdaxili məhsulun həcmi artdı, həm də hər bir sosial təbəqə arasında ədalət bölgüsünə nail olundu. "Ölkə elə inkişaf edəcəkdir ki, hər bir rayon, hər bir vətəndaş onun faydasını hiss edə bilsin" deyən cənab İlham Əliyevin dövlətə uğurlu rəhbərliyi  sayəsində inkişaf və nailiyyətlər təkcə paytaxtı, mərkəzi şəhərləri deyil, bütün ölkəni, onun ətraf, hətta ucqar hesab olunan kəndlərini də əhatə etdi. Xınalıqdan tutmuş Naxçıvan Muxtar Respublikasının Bəyəhmədinə, Havuşuna qədər yeni yol infrastrukturları çəkildi. Blokadanın ağır şərtləri daxilində vaxtilə işıqsız, qazsız, yolsuz, rabitəsiz qalan, çətin həyat şərtləri daxilində yaşamağa məcbur olunan Naxçıvan müdrik Heydər Əliyev siyasi kursunun uğurlu davamçıları tərəfindən dönmədən həyata keçirilən islahatlar nəticəsində ölkənin ən müasir, ən yenilənmiş, işıqlı, rahat, əmin-aman bir bölgəsinə çevrildi. Azərbaycanda və onun bölgələrində elmin inkişafı sahəsində əldə olunmuş uğurlar alimlərin də dərin minnətdarlığına səbəb olmuşdur. Naxçıvan ziyalıları, bütün Azərbaycan xalqı cənab İlham Əliyevin yenidən prezident olmasını yekdilliklə müdafiə edir. Bu, həm də əmin-amanlıq, maddi rifah, firavanlıq,  sülh istəyən, özünün xoşbəxtliyini, vətəninin əbədiliyini sevən hər bir kəsin istəyi, tələbi, arzusudur. Naxçıvan ziyalıları gələcəyin prezidenti kimi yenə də mahir siyasətçi və peşəkar diplomat İlham Əliyevi görür, ona səs verir və yekdilliklə dəstəkləyir.

 

 

 

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 20 iyun.- S.2.