Dağlıq Qarabağ narkotik məhsulların yetişdirilməsi və qaçaqmalçılığı yuvasına çevrilib

 

Ermənistan bütün çağırışlara və tövsiyələrə məhəl qoymayaraq qeyri-qanuni əməllərini hələ də davam etdirir

 

 Təəssüflər olsun ki, bu gün narkotik ticarəti genişlənir və dünyada ən gəlirli marşrutlardan biri hesab olunur. Birləşmiş Millətlər Təşkilatının statistikasına görə, son 12 ay ərzində planetimizin ümumi əhalisinin 3 faizi, yəni təxminən 15-64 yaş arasında 185 milyon insan narkotikdən istifadə edib.  İki yüz milyondan çox insan "narkomaniya" adlı xəstəliyə tutulub və elə bunun nəticəsidir ki, beynəlxalq narkobiznesin illik gəliri məhz təxminən 400 milyard dollar təşkil edir. Bu göz qaraldan rəqəm milyonlarla insanın həyatı hesabına qazanılır.

 

 

 

Narkotrafik Dağlıq Qarabağdan keçir

 

 

Geosiyasi və geoiqtisadi maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar şəbəkələrin daim maraq dairəsində olub. Bu, eyni zamanda xaricdəki narkobaronlar tərəfindən "ağ ölüm"ün istehsalçıdan istehlakçıya çatdırılması üçün Azərbaycanın ən qısa və ən ucuz yol kimi qiymətləndirilməsi ilə bağlıdır. Beynəlxalq narkosindikat öz məkrli niyyətlərini həyata keçirmək üçün bir neçə marşrutlardan istifadə etməklə Azərbaycan ərazisindən həm tranzit marşrut, həm də əlverişli bazar kimi yararlanmağa cəhd göstərir.

Bu gün dünyada narkotik qaçaqmalçılığı ilə mübarizə intensivləşsə də, təəssüflər olsun ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən tranzit kimi istifadə edilərək Avropaya daşınan narkotiklərin miqdarı da çoxalıb. Narkotika ticarətinin ən təhlükəsiz marşrutunun Ermənistan ərazisindən keçməsi isə hamıya məlumdur. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadır.

Ermənistan və Dağlıq Qarabağ separatçı rejiminin rəhbərliyinin narkotik ticarətinə birbaşa himayəçiliyi artıq sirr deyildir. Azərbaycanın rəsmi nümayəndələri dəfələrlə Dağlıq Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildiriblər. Bundan əvvəl ayrı-ayrı cinayət işlərində Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktları var.

Aparılan təhqiqatlara əsasən, Azərbaycana narkotik vasitələrin qanunsuz dövriyyəsindən irəli gələn təhlükə bir tərəfinin Əfqanıstanda, digər tərəfinin isə Avropaya qədər uzandığı narkotrafikin mərkəzində yerləşməsi ilə əlaqədardır. Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası nəzarətdən kənarda qalan ərazilərin narkotrafikdə mühüm nöqtəyə çevrildiyi barədə dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində məsələ qaldırsa da, hələ də bu müraciətlər nəticə verməyib, əvəzində beynəlxalq qurumların laqeyd münasibəti nəticəsində bölgədə Əfqanıstanla rəqabətə girə biləcək bir "narkofabrik" meydana çıxıb.

Məlumdur ki, Əfqanıstan və Dağlıq Qarabağ bölgəsi qaynar nöqtələrdir. Hər iki ərazi nəzarət edilməsi mümkün olmayan sərhədlərə sahibdir. Əfqanıstanın İranPakistanla sərhədləri təbii-coğrafi şərait baxımından nəzarətdən kənar ərazilərdir. Hər iki bölgədə narkotiklərin əkilib-becərilməsi hərbçilər tərəfindən həyata keçirilir. Əfqanıstanda bu hər zaman səhra komandirlərinin nəzarətində olub, Dağlıq Qarabağda da bu prosesdə işğalçı ordunun zabitləri əsas rol oynayırlar. Əfqanıstanda bu proses hökumətin nəzarətindən kənarda olduğu halda, Dağlıq Qarabağda isə narkotik bitkilərin əkilib-becərilməsi, istehsalı birbaşa Ermənistan hökumətinin nəzarəti altında həyata keçirilir. "Boz ərazilər"də istehsal olunan narkotik maddələrin AvropaRusiya bazarında satışından külli miqdarda gəlir əldə edilir ki, bu da iqtisadi durumu ağır olan Ermənistanın hərbi xərclərinin bir qismini kompensasiya etməyə yönəldilir.

Ötən 5 il ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri, eləcə də əldə edilmiş faktların təhlili Əfqanıstandan Azərbaycana, buradan isə Avropa və dünyanın digər ölkələrinə narkotiklərin daşınması işində kuryer qismində əksər hallarda İran vətəndaşları çıxış edir. 2004-2009-cu illər ərzində Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 26 iranlı kuryer cinayət məsuliyyətinə cəlb olunub. Bundan əlavə, bir çox şahid ifadələri və sübutlar var ki, əksər hallarda İran vətəndaşları narkotiklərin Azərbaycana və ya ərazimizdən istifadə edərək başqa ölkələrə ötürülməsində iştirak edib, lakin planları pozulduqda məsuliyyətdən yayınmağa və İran ərazisində gizlənməyə müvəffəq olublar.

Təqdim olunan faktlar bir daha sübut edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması ilə məşğul olan transmilli cinayətkar qruplaşmalar öz məhsullarını böyük bazarlara çıxarmaq üçün Azərbaycanı ən əlverişli tranzit dəhlizi kimi qiymətləndirir. Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair dövlət proqramı qəbul edilib. Bu proqramın həyata keçirilməsində digər aidiyyəti dövlət qurumları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də fəal iştirak edir. Bu gün milli təhlükəsizlik orqanları narkotik vasitələrin qanunsuz daşınması üçün Azərbaycan ərazisindən tranzit kimi istifadə etməyə cəhd göstərən yerli və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalara qarşı mübarizənin aparıcı qüvvəsidir. İndi "ağ ölüm"lə mübarizədə ciddi nəticələr verən qabaqlayıcı-profilaktik tədbirlərdən istifadə olunur. Son 9 ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 5 tondan artıq ağır tərkibli narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Bu gün ümumbəşəri bəlaya çevrilmiş narkotiklərlə mübarizənin səmərə verməsinə səbəb Milli Təhlükəsizlik Nazirliyinin cəmiyyətlə möhkəm və etibarlı əlaqələr qurmasının nəticəsidir.

 

 Sarkisyan qlobal narkobiznes şəbəkəsinin üzvüdür

 

 

Ermənistan tərəfindən qəsb edilmiş Azərbaycan ərazilərindən müxtəlif cinayətkar məqsədlər, o cümlədən terrorçuluq, narkotiklərin qanunusuz dövriyyəsi, silah qaçaqmalçılğı və s. üçün istifadə edildiyi sübuta ehtiyacı olmayan faktlardır. Təcavüzün nəticəsidir ki, bu gün Azərbaycan-İran sərhədinin 132 kilometri narkobaronlar və onların laboratoriyaları üçün açıqdır. Bu, eyni zamanda həm MDB, həm Avropa, həm də  ümumilikdə bütün dünya üçün çox böyük və ciddi təhlükədir.

Bununla yanaşı, hazırda ciddi iqtisadi tənəzzül və maliyyə yoxluğu ilə üzləşmiş Ermənistan, onun yaratdığı qondarma separatçi rejim və erməni silahlı birləşmələri hərbçiləri Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərini davam etdirməyin başlıca yollarından biri kimi narkotik vasitələrin yetişdirilməsini və satışının daha da artırılmasında, qanunsuz dövriyyəsinin genişləndirməsində görürlər.

Ermənistanın yüksək çinli məmurları, o cümlədən prezident Serj Sarkisyanın qardaşının birbaşa rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən narkotik maddələr Rusiya bazarlarına, oradan isə Avropaya daşınır. Xatırladaq ki, bu barədə ötən il Ermənistan mətbuatı geniş məlumatlar yaymışdı.

"Armenia Today" portalında yer alan xəbərlərdə bildirilirdi ki, Ermənistanda ağır sosial durumla əlaqədar narkotik və insan alveri geniş vüsət alıb və bu işlər dövlət səviyyəsində həyata keçirilir. Həmin dövrdə saytın yazdıqları göstərirdi ki, Ermənistan dövlət səviyyəsində, baş prokurorun simasında narkotika ticarəti və pornobizneslə məşğuldur. Sayt Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın narkotik ticarətin başında durduğunu bildirirdi: "Parlament və prezident Serj Sarkisyan bu biabırçılıqdan sonra baş prokuror Aqvan Ovsepyanı dərhal istefaya göndərməzsə, onun barəsində cinayət işi açılmazsa, demək, onlar da Ovsepyanın cinayətlərinə görə məsuliyyəti üzərlərinə götürürlər".

"Joxovurd" qəzetinin yaydığı xəbərlərdə isə bildirilirdi ki, İranla sərhəddə yerləşən Sünik vilayətinin qubernatoru Suren Xaçatryan da narkotik alverçisidir. Qəzetin məlumatına görə, Suren narkotika alveri ilə əsasən Rusiyada məşğul olub. Elə bu səbəbdən də Rusiyada onun barəsində cinayət işi qaldırılıb. Bu barədə qəzetə məlumat verən "Birlik" Milli Klubunun rəhbəri Sumbat Karaxanyan qeyd edib ki, Xaçatryan təkcə narkotika deyil, həmçinin qeyri-qanuni silah alveri ilə də məşğul olub.

Bütün faktlar göstərir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi və emalı getdikcə geniş vüsət almaqdadır. Bunun bir neçə əsas səbəbi vardır. İlk növbədə, Ermənistanın özündə və işğal etdiyi Azərbaycan ərazilərində erməni politoloqlarının, siyasətçilərinin və iqtisadçı ekspertlərin özləri tərəfindən də etraf olunduğu kimi, əhalinin sosial-maddi vəziyyəti xeyli pisləşir, yoxsulluq gündən-günə daha da artır. Bu vəziyyətin digər sferalarda olduğu kimi, artıq Ermənistan silahlı qüvvələrinə də ciddi təsir etdiyi  göz qabağındadır.

 

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 20 iyun.- S.4.