Ermənipərəst «Freedom House»dan növbəti iftira

 

Azərbaycan Respublikası qısa müddət ərzində siyasi,  sosial-iqtisadi və digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə, o cümlədən yerləşdiyi məkanın siyasi və iqtisadi imkanlarından səmərəli formada yararlanmaqla Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib. O cümlədən regionda və dünyada cərəyan edən proseslərlə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı regionun lider dövləti edib. Hər ötən il Azərbaycan imkanlarını dünyaya nümayiş etdirərək ölkəmizin beynəlxalq imicini artıran mühüm hadisələrlə tarixə qızıl hərflərlə yazılır.

Hazırda Azərbaycan nail olduğu dinamik yüksəlişin bütün parametrləri üzrə böyük inkişaf yolu keçmiş ölkələrlə bir sıradadır. BMT kimi dünyanın ən əsas təşkilatının  Təhlükəsizlik Şurasında təmsil olunan Azərbaycan həm də dünyanın maraq göstərdiyi böyük miqyaslı ictimai, siyasi, mədəni tədbirlərə ev sahibliyi etməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycanda mütərəqqi demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmini, vətəndaş cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləridir. Demokratikləşmə, insan hüquq və azadlıqlarının təsbit edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissələrindən biri fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti və inkişafı üçün münbit şəratinin yaradılması, bu sahədə olan bütün maneələrin tamamilə aradan qaldırılmasıdır.

 Ölkəmizdə qeyri-hökumət təşkilatlarının layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi vətəndaşların və ictimai qurumların fəallığının artmasına böyük təkan verir. Bu gün Azərbaycanda ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada QHT-lərin sərbəst fəaliyyəti və mövqeyi görünməsin. 2700-dən çox QHT-nin qeydiyyata alınması bunu təsdiq edir. Vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət göstərir. Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə yanaşı, siyasi partiyaların da fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılmışdır. Cəmiyyətin hər bir üzvünün hər hansı birlik, ittifaq, dərnək yaratmaq, ictimai həyatda fəal iştirak etmək hüququ ölkə Konstitusiyası və qanunları ilə tanınır.

Azərbaycanda vətəndaşların sosial və iqtisadi hüquqları müasir dövrün çağırışlarına uyğun təmin olunur. Eyni zamanda bütün bu sahələrin müvafiq mexanizmləri də dinamik bir formada təkmilləşir və inkişaf edir. Hər bir sahə üzrə "bir pəncərə" sisteminin formalaşdırılması, "ASAN" xidmətinin yaradılması bunun əyani təsdiqidir.

Lakin bir məsələni də qeyd etməliyik ki, biz ölkəmizin yüksəlişindən, xalqımızın rifahının yüksəlməsindən nə qədər qürur duysaq da, müstəqilliyimizi gözü götürməyən, dövlətçiliyimizi istəməyən bəzi dairələr bu inkişafa qısqanclıqla yanaşır, Azərbaycana qarşı çirkin kampaniyalar aparırlar. "Freedom House" kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar isə Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər.

"Freedom House"nin Azərbaycanda insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işləri görməzliyə vurması və hazırladığı "Keçid dövrü ölkələri-2013" adlı hesabatda Azərbaycanda insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyət hökm sürdüyünü iddia etməsi isə bu təşkilatın Azərbaycana qarşı nümayiş etdirdiyi növbəti qərəzli mövqeyidir.

Əslində, bu cür təşkilatların hesabatları hər bir ölkədə vəziyyəti düzgün əks etdirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına hesablanmalıdır. Hesabatın əhatə etdiyi dövrdə insanların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımların dərin təhlili apırılmalı və yekun nəticə hesabatda yer almalıdır. Lakin "Freedom House" və onun kimi bəzi təşkilatlar qarşılarına başqa məqsəd qoyublar və obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında hər zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstərirlər. Azərbaycanın adının hesabatlarda demokratik işartıların görünmədiyi ölkələrlə bir sırada çəkilməsi bunu təsdiq edir.

Əslində "Freedom House"-dan başqa şey gözləmək də olmaz. Çünki bu təşkilat Azərbaycana qarşı daimi qərəzli mövqeyi ilə ermənipərəst və antiazərbaycançı dairələrin sifarişini yerinə yetirdiyini çoxdan sübut edib. Elə sonuncu hesabatda da Azərbaycanın demokratik dəyərlərə önəm verdiyini görməzliyə vurması, insanları qorxu və xof içərisində, siyasi və mülki məhrumiyyətlər girdabında yaşadıqları Ermənistanı isə üstün tutması bu təşkilatın ermənipərəst mövqeyinin növbəti təsdiqidir.

 

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 20 iyun.- S.4.