«Mən yaxşı bilirəm qaçqınlıq nədir...»

 

 

20 iyun Beynəlxalq Qaçqınlar Günüdür

 

Ermənistanın iki əsr ərzində türklərə qarşı  yürütdüyü soyqırımı siyasəti nəticəsində Azərbaycan xalqı da qaçqınlıq və məcburi köçkünlük  problemlərini yaşamaqda və bu gün də həmin ağrı-acılarla üz-üzə qalmaqdadır.

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların  öz əzəli və ata-baba yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalması barədə dəfələrlə söz açılsa da, beynəlxalq birliyin bu  faktlara laqeyd münasibəti, yaxud göz yumması sonrakı dövrlərdə daha dəhşətli işgəncə və qətliamlara rəvac verib. Ermənilərin türklərə qarşı belə qeyri-insani münasibətlərinin kökündə, təbii ki, işğalçılıq siyasəti, "böyük Ermənistan" dövlətinin yaradılması ideologiyası dayanır. Etnik təmizləmə siyasətində eyni zamanda Qafqazı daim   qaynar qazan həddində saxlayan imperiyaların da barmağı olması bir həqiqətdir.

Hələ 1828-30-cu illərdə çar Rusiyasının köməyi ilə Azərbaycanın mərkəzi hissəsində məskunlaşdırılan ermənilər dəfələrlə Dağlıq Qarabağı  qopararaq bu tarixi torpaqlarımızı da Ermənistan ərazilərinə qatmağa cəhd ediblər. 1988-ci ildə öz havadarlarına - erməni millətçilərinə, daşnaklara, xarici ölkələrdə terrorçuluqla məşğul olan lobbilərinə, nəhayət, vassallıq etdiyi Rusiyaya arxalanan Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda genişmiqyaslı hücumlara başladı və nəticədə 1988-1992-ci illərdə Azərbaycan torpaqlarının daha 20 faizi - Dağlıq Qarabağ və eləcə də onun sərhədlərindən kənarda olan 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edildi. Nəticədə Ermənistandan qovulan soydaşlarımızla birlikdə bir milyondan artıq  azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.

Bütün münaqişə və müharibələr təkcə məhvedici dağıntılar, ərazi ilhaqları demək deyil. Burada söhbət bəşəriyyətin ən ülvi varlığı olan insanın düçar olduğu qəddarlıq və dəhşətlərdən gedir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elan olunmamış müharibəyə çevrilməsi nəticəsində  20 mindən artıq  azərbaycanlı həlak olub, 4.866 nəfər itkin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil  və şikəst olub. Bu təcavüz eyni zamanda Azərbaycan üçün 17 min kv.km ərazinin - əsasən məhsuldar və təbii sərvətlərlə zəngin torpaqların işğalı, 900-dən artıq yaşayış məntəqəsinin, 130.939 evin, 2.389 sənaye və kənd təsərrüfatı obyektinin, 1.025 təhsil, 798 səhiyyə ocağının, 1.510 mədəniyyət müəssisəsinin, 5.198 km avtomobil yollarının, 348 körpünün, 7.568 km su və 76.940 km elektrik xətlərinin dağılması, bütünlüklə məhv edilməsi deməkdir.

Ermənilər bir əsr ərzində milyon yarımdan artıq azərbaycanlını qətlə yetiriblər. Bu gün erməni təbliğat maşını bütün dünyada qondarma erməni soyqırımı adı altında yalan-iftira yaymaqla məşğuldur. Tarixçilərimiz isə bildirirlər ki, artıq əlimizdə bu böhtan və yalanları ifşa etmək üçün konkret faktlar vardır. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Konkret faktlar da  bunu təsdiqləyir.

Bütün bu çətinliklərə baxmayaraq, ölkəmiz inamla inkişaf edir və Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın həyatında öz əksini tapmasıdır. Əhalinin maddi gəlirlərinin, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm şərtlərdəndir. Bu uğurlar öz doğma yurd-yuvalarını tərk edərək qacqın və məcburi köckün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumunasosial vəziyyətinə də təsirsiz ötüşmür. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata kecirdiyi siyasətin əsas prioritetlərindən biridir. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə catdırıldı və bu, ölkədə bir nömrəli problem adlandırıldı.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də daim xüsusi diqqət mərkəzindədir. Hələ 2003-cü il oktyabrın 1-də prezident seckiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq" deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Tezliklə çadır şəhərciklərinin ardınca fin qəsəbələri də ləğv olundu.

Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Daha bir mühüm fakt isə qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsinin sürətlə azalmasıdır. Dövlətimizin sözügedən qəbildən olan insanlara yüksək diqqət və qayğısı bu gün beynəlxalq miqyasda da geniş təqdir olunur və hətta ölkəmizin adı bu fonda nümunəvi bir dövlət kimi qeyd edilir.

 Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar ücün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar, hər zamankı kimi, dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də kompleks addımlar atılır. Bu kontekstdə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na yeni əlavələrin təsdiqi 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Hazırda Azərbaycanda bir milyonadək qaçqın və məcburi köçkün vardır və Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatlarla birlikdə "Böyük repatriasiya (Böyük qayıdış)" proqram layihəsinin hazırlanması istqamətində müəyyən işlər görür. Bu isə doğma torpaqlarından didərgin düşmüş insanların yurd nisgilinin tezliklə sona çatacağını bir daha təsdiqləyir.

Ümumiyyətlə, 2001-2012-ci illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 2 milyon kvadratmetr sahəsi olan, 31 min mənzildən ibarət bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınıb.

Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi, 37 rabitə evi tikilib, 628 kilometr yol, 781 kilometr su, 1.333 kilometr hava elektrik, 288 kilometr qaz xətti, 13 kilometr istilik xətləri çəkilib, 671 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.

Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1.348 ailə (6.740 nəfər məcburi köçkün) dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində yeni mənzillərə köçürülüb.

Bu gün Azərbaycan Prezidentini dəstəkləyən və onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Cünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görürlər. İyunun 18-də Rusiya, ABŞ və Fransa prezidentləri Vladimir Putin, Barak Obama və Fransua Ollandın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatı bu inamı daha da artırır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin hələ də açıq qalan məsələləri üzərində qəti diqqəti cəmləşdirməyə dair çağırışları bütün qaçqın və məcburi köçkünlərdə problemin tezliklə həllini tapacağına, burada səslənən fikirlərin əvvəlkilər kimi kağız üzərində qalmayacağına yeni bir ümid verir.   

 

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 20 iyun.- S.5.