«Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika» kitabı çapdan çıxmışdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovun "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" adlı kitabı işıq üzü görmüşdür.

AzərTAc xəbər verir ki, kitab erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir.

Kitabın giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Həmçinin erməni millətçilərinin əsassız ərazi iddialarından, azərbaycanlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.

XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin araşdırılması  baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlili kitabda əsas yer tutur ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. Eyni zamanda, müəllif 1987-2011-ci illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, dünya birliyinin bununla bağlı mövqeyini və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədləri də təhlil etmişdir.

Kitabda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların zirvə toplantılarındakı çıxışlarının, nitq və bəyanatlarının şərhinə geniş yer ayrılmışdır. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlar, azərbaycanlıların soyqırımının tanıdılması, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar öz əksini tapmışdır.

Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair xəritələr və sənədlər, xüsusilə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri,  dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı, işğal və təcavüzün nəticələrini əks etdirən fotoşəkillər kitabı daha da zənginləşdirir. Kitaba, həmçinin Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinin mətnləri, 1918-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan  yer üzündən silinən azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adları, erməni terrorçularının soydaşlarımıza qarşı müxtəlif vaxtlarda həyata keçirdikləri terror aktlarının xronologiyası da daxil edilmişdir.

Kitabın əlavələr hissəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlərin ardıcıllıqla və sistemli şəkildə verilməsi münaqişənin beynəlxalq-hüquqi aspektlərinin öyrənilməsi baxımından qiymətlidir. Kitabda istifadə edilən və tövsiyə olunan zəngin mənbələr gələcəkdə bu problemlə bağlı tədqiqatlar üçün ensiklopedik vasitə və istiqamət rolunu oynaya bilər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun elmi redaktorluğu ilə nəşr olunan "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" kitabının rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçi isə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.

Geniş oxucu auditoriyasının, politoloqların, mütəxəssislərin marağına səbəb olacaq kitab ermənilərin ərazi iddialarının və münaqişənin tarixçəsinin, dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi baxımından da dəyərli mənbədir.

 

Azərbaycan.-2013.- 20 iyun.- S.5.