Qubada «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda ikigünlük regional konfrans işə başlamışdır

 

İyunun 19-da Qubada Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda ikigünlük regional konfrans işinə başlamışdır.

AzərTAc xəbər verir ki, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi ilə keçirilən regional konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, şimal bölgəsi üzrə rayonların icra strukturlarının təmsilçiləri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət etmiş, önünə əklil və tər güllər düzmüşlər.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilmişdir.

Konfransın açılış mərasimində çıxış edən DQİDK-nın sədri Elşad İskəndərov Qubadakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçirilən analoji silsilə tədbirlərin dördüncüsü olduğunu diqqətə çatdırmışdır. Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirmişdir ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənmişdir.

Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində  həyata keçirdiyi işlərdən danışmışdır.

 Ümummilli lider Heydər Əliyevin "Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik" fikrini vurğulayan komitə sədri bu gün ölkəmizdə dinlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd etmişdir. Bildirmişdir ki, hər kəsin dini etiqad azadlığı vardır. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən  ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq olmaz ki, hazırda dünyada islam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaqda ən böyük məsuliyyət ruhanilərin üzərinə düşür. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq.

E.İskəndərov bu ilin ölkə ictimaiyyəti üçün mühüm il olduğunu diqqətə çatdırmış və qarşıdan gələn prezident seçkilərində dini icmaların fəal iştirak edəcəyinə əminliyini ifadə etmişdir.

Çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini nəzərə alaraq son vaxtlar DQİDK-nın təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər. Onlar  son bir ildə dini maarifçilik işinin genişləndirilməsi, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlərin diqqətəlayiq olduğunu bildirmişlər.

 Bu istiqamətdə "Qazi Qarabağ azanı" layihəsi, "Axund və imamlar üçün xütbə vəsaiti" və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, DQİDK-nın dini icmalar üçün təlim kurslarının təşkil edilməsi barədə təşəbbüsü dindarlar tərəfindən dəstəklənmiş və bunun ciddi nəticələr verəcəyinə inam ifadə olunmuşdur.

Din xadimləri bildirmişlər ki, milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu müsbət dinamika Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Din xadimləri "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfransın iştirakçılarının bəyanatına qarşıdan gələn prezident seçkilərində dövlət başçısı Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı maddənin əlavə olunmasını təklif etmiş və bu təklif birmənalı olaraq dəstəklənmişdir.

İki gün davam edəcək regional konfransda respublikanın 5 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndə iştirak edir.

Konfransda "Milli-mənəvi dəyərlərimiz", "Dini icmaların cəmiyyətdə yeri və rolu", "İslam və sağlam ailə", "Dini radikalizm və onunla mübarizə üsulları" kimi mövzular müzakirə olunacaqdır.

Konfrans çərçivəsində müxtəlif mədəni proqramların təşkili də nəzərdə tutulmuşdur.

 

Azərbaycan.-2013.- 20 iyun.- S.6.