Azərbaycan Dillər Universitetində Məzunların İkinci Təhsil Forumu keçirilmişdir

 

İyunun 20-də Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycan təhsil sistemində islahatların aparılması: problemlər və onların həlli yolları" mövzusunda   Məzunların İkinci Təhsil Forumu keçirilmişdir.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və ADU-nun Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil siyasətçiləri, nüfuzlu təhsil mütəxəssisləri, təhsil sahəsində fəal vətəndaş cəmiyyətinin nümayəndələri və tədqiqatçılar iştirak etmişlər.

Tədbirdə ölkənin təhsil sistemindəki problemlər və onların həlli yolları haqqında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov tədbirin əhəmiyyətindən, müzakirə olunan mövzunun aktuallığından danışmış, forumun nəticələrinin təhsilimizin inkişafına töhfə olacağına əminliyini bildirmişdir.

Rektor Azərbaycan təhsil sistemində islahatların aparılmasının vacibliyini vurğulamış, həmin islahatların ümumilikdə Azərbaycanın inkişafına təkan verdiyini, Təhsil Nazirliyinin bu sahədə genişmiqyaslı fəaliyyətə başladığını qeyd etmişdir.

Təhsilin inkişafına ayrılan vəsaitlərin ölkə və cəmiyyətin xoşbəxt gələcəyinə qoyulmuş ən yaxşı sərmayə olduğunu vurğulayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın hazırda böyük sürətlə inkişaf etdiyini və bu inkişafın dəstəklənməsində, onun dönməzliyinin təmin edilməsində təhsilin əvəzedilməz rolunu qeyd etmişdir.  

Nazir hazırda ölkədə təhsil sahəsində həyata keçirilən islahatların dövlət orqanlarının, pedaqoji və elmi ictimaiyyətin,  ümumiyyətlə, cəmiyyətin birgə çalışmasını tələb etdiyini diqqətə çatdırmışdır. Təhsil sisteminin yeni səviyyəyə qaldırılması, onun keyfiyyət və effektivliyinin artırılmasında inkişaf etmiş ölkələrin bu sahədə ən yaxşı təcrübələrindən, həmçinin dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil alaraq Vətənə qayıtmış məzunların bilik və bacarığından istifadənin vacibliyi vurğulanmışdır.    

Xaricdə təhsil almağın üstünlüklərindən söz açan M.Cabbarov  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 16 aprel tarixli sərəncamının əhəmiyyətini qeyd etmişdir. Bu proqram çərçivəsində azərbaycanlı gənclərin hazırda dünyanın bir sıra qabaqcıl ali məktəblərində təhsil aldıqları, bu işin gələcəkdə də davam etdiriləcəyi bildirilmişdir.

Təhsil naziri forumun işinə uğurlar arzulamış, bu tədbirin ölkədə təhsil sahəsinin inkişafına dəyərli töhfə verəcəyinə ümidvar olduğunu söyləmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı, forumun əlaqələndiricisi Vəli Hüseynov təmsil etdiyi qurumun təhsilimizin inkişafı istiqamətində tədqiqatlarından söz açmış,  TQDK-nın forumun işini, burada müzakirə olunan məsələləri dəstəklədiyini bildirmişdir. TQDK-nın gələcəkdə daha ciddi araşdırmalar aparılmasına metodik vasitələrlə kömək etməyə hazır olduğu diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, foruma təhsil sahəsində islahatlara dair 24 abstrakt tədqiqat daxil olmuş, xüsusi komissiya tərəfindən qiymətləndirildikdən sonra onlardan yalnız altısının forumda təqdim edilməsi qərara alınmışdır.

Sonra forum işini iki bölmədə keçirilən iclaslarla davam etdirmişdir.

Bölmə iclaslarında "Məktəbin idarə olunmasında cəmiyyətin iştirakı ilə təhsilin keyfiyyətinin artırılması: daha sonrakı təhsil üçün əks-mərkəzləşdirmə olmadan bu mümkündürmü?", "Müəllimlərin təlimi və inkişafı", "Ali təhsil müəssisələrinin sənaye ilə əlaqələndirilməsi - uğur modeli", "İnkluziv sosial siyasətin inkişafı: Azərbaycandakı məcburi köçkünlər üçün təhsil", "Təhsil islahatı və həssaslığın aradan qaldırılması", "Magistratura pilləsinə qəbul imtahanı nəticələrinin məntiqi suallarının təhlili" mövzusunda tədqiqat işləri təqdim edilmişdir.

Məzunların İkinci Təhsil Forumunun əsas məqsədi məzunları, təhsil siyasətçilərini və tədqiqatla məşğul olan digər mütəxəssisləri bir araya gətirərək təhsil məsələlərini açıq müzakirə etmək, gələcək təhsil siyasətinin planlaşdırılması üçün təklif və tövsiyələr paketi hazırlamaq və onu müvafiq qurumların diqqətinə çatdırmaqdır.

Forumda təqdim edilmiş tədqiqat işləri müvafiq dövlət təhsil siyasətçilərinə və digər hökumət qurumlarına göndəriləcəkdir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 21 iyun.- S.9.