Ombudsmanların XI Bakı Beynəlxalq konfransının iştirakçıları Qəbələdən zəngin təəssüratla ayrılmışlar

 

Ombudsmanların XI Bakı Beynəlxalq konfransının iştirakçıları iyunun 20-də tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər.

Dünyanın 10-dan artıq ölkəsinin ombudsmanlarına və onların nümayəndələrinə, insan hüquqları sahəsində beynəlxalq ekspertlərə, beynəlxalq təşkilatların təmsilçilərinə Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən layihələr və bütün sahələrdə nəzərəçarpan uğurlar haqqında ətraflı məlumat verilmişdir.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə "Beltmann" piano fabrikinə getmiş, burada istehsal prosesini izləmiş, hazırlanan məhsulların sərgisinə baxmışdır. Qonaqlara məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir. Regionda analoqu olmayan və ən müasir beynəlxalq standartlara cavab verən fabrikdə ildə 1200-1500 piano istehsal edilməsi mümkündür.

Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olan qonaqların diqqətinə çatdırılmışdır ki, 12 hektar ərazini əhatə edən müəssisənin istehsal həcminə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, burada xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentratnektar, 12 çeşiddə turşu, tomat, mürəbbə və cem, 15 çeşiddə yarımfabrikatlar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.

Sonra qonaqlar Qəbələdə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün inşa edilmiş soyuducu anbar kompleksinə baxmışlar. Məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsullarını saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir.

Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən qonaqların diqqətinə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.

Rayonla tanışlıq zamanı qeyd olunmuşdur ki, respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək mümkündür. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.

 Qonaqlar Qəbələyə səfərin sonunda beşulduzlu "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" hotelləri, "Fitnes" istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuşlar.

Nümayəndə heyəti Qəbələdən zəngin təəssüratla ayrılmış, rayonun həqiqətən gözəl məkan olduğunu dilə gətirmişlər.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 21 iyun.- S.11.