Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

 

 

- Şərhlərinizə görə çox sağ olun, cənab Prezident. Dəvətinizə görə sağ olun. Burada yenidən olmaqdan və münasibətlərimizə aid mühüm məsələləri müzakirə etməkdən çox məmnunam.

Azərbaycana Sizin səfərinizi mən də xatırlayıram. Bu, münasibətlərimiz üçün əhəmiyyətli səfər idi. Bu, Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana ilk səfəri idi. Bakıda və ondan əvvəl burada - Brüsseldə apardığımız müzakirələr əlaqələrimizin gələcək inkişafı üçün çox vacibdir. Çünki münasibətlərimizə aid yanaşmamız üst-üstə düşür. Azərbaycan Avropaya mümkün qədər  yaxın olmaq arzusundadır. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramının  fəal iştirakçısıdır. Avropaya nə qədər yaxın olsaq, bir o qədər inkişaf, demokratik inkişaf üçün imkanlarımız çox olar. Biz bu sahədə əməkdaşlığa görə Avropa təsisatlarına olduqca minnətdarıq. Hesab edirəm ki, demokratikləşmə, insan hüquqları kimi sahələrdə inkişaf Azərbaycana öz siyasi islahatlarını ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirməsində yardım edir. Əlbəttə, Sizqeyd etdiniz ki, bu gün biz bu məsələni müzakirə etdik. Biz birmənalı olaraq bu sahələrdə əməkdaşlığı davam etdirəcəyik.

Cənab Prezident, qeyd etdiyiniz kimi, bu gün biz, həmçinin bir çox məsələləri əhatə etdik. Biz xüsusi olaraq regional sabitlik və təhlükəsizlik, münaqişənin həlli məsələsinə toxunduq. Biz ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin verdiyi bəyanatı yüksək dəyərləndiririk. Biz onlara minnətdarıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini gündəliyin əsas hissəsində saxlayırlar və  onlar  "səkkizlər" qrupu kimi mötəbər forumundan öz münasibətini və narahatlığını bildirmək üçün istifadə etdilər. Biz onların münaqişənin mümkün qədər tez həllinə nail olmaq üçün bütün lazımi addımların atılmasına dair verdikləri şərhləri tam dəstəkləyirik.

Helsinki Yekun Aktına edilən istinad çox vacibdir. Helsinki Yekun Aktı məsələnin hansı prinsipilər əsasında həllini açıq şəkildə müəyyən edir. Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyünə zidd olmalı deyildir. Ermənistana gəldikdə, onlar artıq müqəddəratını təyin ediblər və Ermənistan dövləti artıq mövcuddur. Erməni xalqının ikinci dəfə öz müqəddəratını Azərbaycan ərazisində təyin etməsi qəbuledilməzdir. Azərbaycan  münaqişənin beynəlxalq hüquq  normaları, o cümlədən Azərbaycanın beynəlxalq  səviyyədə  tanınmış  ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi  əsasında  mümkün qədər tez həllində maraqlıdır.

Biz bu gün, həmçinin enerji təhlükəsizliyi məsələlərini geniş şəkildə müzakirə etdik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur. Sonuncu görüşümüzdən sonra bu sahədə də çox müsbət irəliləyiş olub. TANAP layihəsinin elan edilməsi "Cənub" qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Ümidvarıq ki, bu yaxınlarda qəbul olunacaq qərarlar Avropanın enerji xəritəsini tamamilə dəyişəcək belə bir mühüm enerji layihəsinin həyata keçirilməsi üçün əlavə şəraitlər yaradacaqdır.  Bu halda bütün tərəflər udur. Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcəkdir. Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır.  Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də "Cənub" qaz dəhlizinin yaradıldığı bir vaxtda  atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir.

Əlbəttə ki, biz regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə etdik. Fikrimcə, Azərbaycan regionda daha çox sabitləşdirici rol oynayır. Ümidvarıq ki, gələn illər ərzində biz bir çox müsbət dəyişiklikləri görəcəyik. Bir sözlə, cənab prezident, göstərilmiş qonaqpərvərliyə və görüşmək imkanına görə bir daha çox sağ olun. Mən inanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq davam edəcəkdir. Siz qeyd etdiyiniz kimi, bu münasibətlər yaxşıdır. Biz bu yaxşı münasibətləri daha da yaxşılaşdırıb onları əla etmək üçün birgə işləməliyik.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 22 iyun.- S.1.