Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Qloballaşma prosesləri və Azərbaycan elmi» mövzusunda konfrans işə başlamışdır

 

İyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Qloballaşma prosesləri və Azərbaycan elmi" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.

Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Gürcüstan, Yunanıstan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Azərbaycanın sürətlə inkişaf etdiyini qeyd edən alim ölkəmizdə qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Qara qızılı insan kapitalına çevirmək" kəlamını xatırladan akademik A.Əlizadə dövlət başçısının elm və təhsillə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmışdır.

Respublikamızda elmin, təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən bəhs edən alim Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirmişdir.

Müasir qloballaşma şəraitində elmin mühüm rolunu  vurğulayan akademik A.Əlizadə bu sahənin inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırmış, Azərbaycan elmi və onun inkişaf perspektivlərindən danışmışdır. Qeyd edilmişdir ki, strateji inkişaf xəttində beynəlxalq strukturlara inteqrasiyanın mühüm yer tutduğu Azərbaycanda elm və təhsilin müasir səviyyədə inkişafı digər amillərlə yanaşı, dünyanın inkişaf etmiş ölkələri ilə elmi əməkdaşlığın genişləndirilməsindən, elmi fəaliyyətin və təhsil prosesinin təşkilində beynəlxalq təcrübə mübadiləsindən bilavasitə asılıdır. Bunun üçün də ölkəmizdə elm və təhsil dünyanın ayrılmaz tərkib hissəsi olaraq inkişaf edir, qlobal intellektual mühitə, elmi mərkəzlərə sürətlə inteqrasiya olunur.

Ural Federal Universitetinin kafedra müdiri, professor  Aleksandr Nesterov (Rusiya), İstanbul Kültür Universitetinin rektoru, professor Sıddıka Semahat Demir (Türkiyə), Ukrayna Milli Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun direktoru, professor Andrey Kudryaçenko, professor Katerina Nikolau (Yunanıstan) və digər ölkələrdən olan alim və mütəxəssislər də dahi şəxsiyyət Heydər Əliyevin böyüklüyündən bəhs etmişlər.

Ölkələr arasında elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan alimlər, beynəlxalq tədbirin əhəmiyyətindən də danışmışlar.

Sonra bölmə iclasları olmuş, mövzu üzrə "dəyirmi masa"lar keçirilmişdir.

Beynəlxalq konfrans iyunun 22-də başa çatacaqdır.

 

Azərbaycan.-2013.- 22 iyun.- S.3.