Müharibə əlilləri, veteranları və şəhid ailələri Azərbaycanın uğurlu inkişafının növbəti mərhələsinə səs verəcək

 

Erməni işğalçılarının torpaqlarımızın 20 faizini işğal etməsi minlərlə soydaşımızın fiziki qabiliyyətini itirərək əlil olması ilə nəticələnmişdir. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanların ailələrinə, sağlamlığını itirmiş vətəndaşlara diqqət, onların problemlərinin həll edilməsi ümdə vəzifələrdəndir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrə olduğu kimi, bu qəbildən olan insanlara da dövlət qayğısı artırıldı. Bu gün Azərbaycanda aparılan uğurlu siyasət nəticəsində ildən-ilə inkişaf edən iqtisadiyyatın formalaşdırılması ölkəmizdə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına nail olunmuş, əhalinin maddi rifah halını və sosial qayğıya ehtiyacı olanların sosial müdafiəsinin gücləndirilməsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

Ulu öndərin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində böyük uğurlara imza atılmışdır. Dövlət başçısı hələ 2003-cü və 2008-ci illərdəki prezident seçkiləri zamanı xalq qarşısında verdiyi bütün vədləri layqincə yerinə yetirmiş, ölkə vətəndaşlarının rifahı xeyli yüksəlmişdir. Həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar bütün sahələrdə olduğu kimi, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına da müsbət təsir göstərmişdir. Dövlətimiz Vətən müharibəsi veteranlarına, əlillərə daim diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Ölkəmizin bütün regionlarında müharibə iştirakçılarına mənzillər, yaşayış sahələri verilir, fərdi evlər tikilir, bu təbəqədən olan vətəndaşlar minik avtomobilləri ilə təmin olunurlar.

Bu qəbildən olan insanların yaşayış və sağlamlıq problemlərinin həlli istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasını da əhatə etmiş, müharibə iştirakçıları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların təhsili, reabilitasiyası ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Son illər bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq təkcə Naxçıvan şəhərində 36 mənzilli iki yaşayış binasının, rayon və kəndlərdə yüzlərlə fərdi mənzilin tikintisi, Əlillərin Bərpa Mərkəzinin istifadəyə verilməsi, ehtiyacı olan müharibə əlillərinin müalicə mərkəzlərinə göndərilməsi bu təbəqədən olan insanalara göstərilən dövlət qayğısının əyani təzahürüdür.

Muxtar respublikamızda müharibə iştirakçılarının fərdi mənzil və avtomobillərlə təmin edilməsi istiqamətində böyük işlər görülmüş, bugünədək  ehtiyacı olan yüzlərlə  müharibə əlili və şəhid ailəsinə fərdi mənzillər və minik avtomobilləri verilmişdir. Bu gün iftixarla demək olar ki, ölkəmiz bütün sahələrdə böyük inkişafa nail olub. Azərbaycan Ordusu öz peşəkarlığına və hərbi gücünə görə Cənubi Qafqazda ən güclü ordudur. Ordumuz artıq beynəlxalq sülhməramlı qoşunların tərkibində dünyanın münaqişə ocaqlarında sülhün, əmin-amanlığın keşiyində dayanmışdır.

Göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti ürəkdən dəstəkləyir, onun növbəti prezident seçkilərində də namizədliyini müdafiə edir. Bizim hamımızın bir seçimi var: o da ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevdir! Buna görə də Azərbaycanın uğurlu inkişafının növbəti mərhələsinə səs vermək üçün seçki gününü səbirsizliklə gözləyirik.

 

 

Mirməcid SEYİDOV,

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

 

Azərbaycan.-2013.- 22 iyun.- S.6.