Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı

 

Xəbər verdiyimiz kimi, iyunun 21-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur.

Xose Manuel Barrozu və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

 

 

 

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bəyanatı

 

 

- Xanımlar və cənablar!  Hər vaxtınız xeyir.

 

Prezident İlham Əliyevi Brüsseldə salamlamaqdan çox məmnunam. Bu gün biz Prezident Əliyevlə son illər apardığımız səmərəli fikir mübadiləsi və etdiyimiz səfərlər əsnasında çox açıq, konstruktiv və dostcasına müzakirələr keçirdik. Biz bir neçə dəfə görüşmüşük. Mənim Bakıya səfərim də buraya daxildir.

 Bu gün enerji məsələləri diqqət mərkəzində idi. Eyni zamanda, biz Azərbaycanda və Avropa İttifaqında baş verənləri nəzərdən keçirdik.

 Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı əməkdaşlıq qurmuşuq. Bunu rəhbər tutaraq, biz demokratiya və ümumi dəyərlərə, xüsusən insan hüquqları və fundamental azadlıqlara əsaslanan uzunmüddətli əməkdaşlığa istiqamət götürmüşük. Mən Azərbaycana bu yolda şəxsi dəstəyimi bu gün də ifadə etdim.

Strateji enerji əməkdaşlığına dair bir neçə kəlmə demək istərdim. Biz, əlbəttə ki, "Cənub" qaz dəhlizini təfərrüatı ilə müzakirə etmişik. Hər ikimiz 2011-ci ildə birgə bəyanatın imzalanmasından keçən dövrdə "Cənub" qaz dəhlizinə dair əldə olunmuş inkişafdan çox məmnunuq. Biz hər ikimiz həm Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bu layihənin reallaşması istiqamətində səylə çalışmışıq. Prezident Əliyevə qəti və davamlı sadiqliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bakıda görüşümüz zamanı müzakirələri yaxşı xatırlayıram. Əslində, Azərbaycan o zaman üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir və mən fəxr edirəm ki, Prezident Əliyevlə imzaladığımız həmin o bəyannamə bütün bu inkişafın əsasında durur.

Prezident İlham Əliyev məni əmin etdi ki, nəzərdə tutulduğu kimi, "Şahdəniz-2" konsorsiumu dəhlizin çox mühüm olan Avropa qoluna dair qərarı gələn həftə verəcəkdir və iki seçimdən birini edəcəkdir: "Nabucco Qərb" və ya Trans-Adriatik boru kəməri.

Əslində, bu, konsorsium üçün kommersiya əhəmiyyətli qərardır. Lakin vurğulamaq istərdim ki, həm "Nabucco Qərb", həm Trans-Adriatik boru kəmərləri bizim vahid Avropa enerji bazarı üçün qaz təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Buna görə əminəm ki, hər iki kəmər tikilə bilər. Biz bunu "Cənub" qaz dəhlizini hazırda mövcud olan qaz ehtiyatlarından əlavə resurslar hesabına artırsaq, həyata keçirə bilərik. Bu, hərtərəfli sərfəli variant ola bilər.

Bu günün mühüm mesajı belə ola bilər: "Cənub" qaz dəhlizi lövhə üzərində hər hansı bir nəzəri layihə deyildir. O, reallaşmaq üzrə olan layihədir. Bu, bütün iştirak edən tərəflərin xeyrinə həyata keçiriləcəkdir. İlkin mərhələdə onun vasitəsilə 2019-cu ilədək Avropaya 10 milyard kubmetr qaz ötürüləcəkdir. Lakin biz bununla kifayətlənməyəcəyik. Ortamüddətli perspektivdə dəhliz Avropanın illik ehtiyacının 10 faizini ödəyə bilər və bununla da bizim enerji təhlükəsizliyimizə, qiymətlərin sabitliyinə, inkişafa və yeni iş yerlərinin açılmasına töhfə verə bilər. Bu, Prezident İlham Əliyevlə 2011-ci ildə razılaşdığımız kimi, ümumi baxışımızdır. Biz qarşılıqlı təchizat təhlükəsizliyimizi gücləndirmək üçün məhz bunun üzərində işləyəcəyik. Biz inanırıq ki, bu, Avropanın və Azərbaycanın maraqlarına cavab verir.

 

 Xanımlar və cənablar!

 

 Əvvəldə də dediyim kimi, biz geniş məsələlər ətrafında müzakirələr apardıq. Azərbaycan bir sıra regional və qlobal məsələlərdə yaxından əməkdaşlıq etdiyimiz mühüm tərəfdaşdır. Biz həmçinin gələn il Azərbaycanın Avropa Şurasına sədrliyini də nəzərdən keçirdik. Azərbaycanın mühüm daxili məsələlərinə dair fikirlərimizi də bölüşdük. Prezident seçkiləri bu siyahıda əsas yerdədir. Ümidvar olduğumuzu bildirdik ki, seçkilər ən yüksək standartlar səviyyəsində və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da daxil olmaqla, beynəlxalq müşahidəçilərin dəstəyi ilə keçiriləcəkdir.

İnsan hüquqlarının və fundamental azadlıqların təminatı bizim gündəliyimizdə mühüm yer tutur. Biz bu məsələləri açıq şəkildə müzakirə etdik və mən imkandan istifadə edib xatırlatdım ki, sabitlik və əmin-amanlıq uzun perspektivdə yalnız qanunun aliliyi, demokratik təsisatlar və əlbəttə ki, dinamik vətəndaş cəmiyyəti şəraitində davam edə bilər.

Biz, eyni zamanda, "Şərq tərəfdaşlığı" kontekstində də əlaqələrimizin inkişafını müzakirə etdik. Mən Prezident İlham Əliyevin əlaqələrimizin bu kontekstdə genişləndirilməsinə sadiqliyini bölüşürəm.

Biz, nəhayət, iqtisadi məsələləri də müzakirə etdik. Buraya Azərbaycanın inkişafı planı və Dünya Ticarət Təşkilatına üzvlük istiqamətində irəliləyişi daxildir. Biz ikitərəfli dərin və məzmunlu azad iqtisadi zonanın yaradılması vasitəsilə ticari əlaqələrimizin dərinləşməsinin tərəfdarıyıq. Bunun üçün də Dünya Ticarət Təşkilatına üzvlük çox vacibdir.

Nəhayət, biz regional vəziyyəti müzakirə etdik. Biz bilirik ki, regionda ölkələr potensiallarını tam reallaşdırmaq üçün qonşuları ilə təhlükəsizliyi və sülhü təmin etməlidirlər. Bununla belə, biz Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplərə uyğun olaraq ədalətli həllinə çağırırıq. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçilik səylərini dəstəkləyir, münaqişənin davamlı və sülh yolu ilə həllinin tapılmasında öz rolunu oynamağa hazırdır.

 

Prezident Əliyev!

 

2013-cü il Avropa İttifaqı-Azərbaycan münasibətləri üçün gözəl imkanlar ilidir. Məhz mən Sizin çox böyük hörmətlə yanaşdığım dövlətinizlə gözəl başlanğıc nöqtəsi olan enerji və əsasında ümumi dəyərlər dayanan daha geniş və dərin əlaqələrin tərəfdarıyam.

Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan.-2013.- 23 iyun.- S.1.