Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir

 

Ölkəmizdə dövlət qulluğunun tarixi qədim dövrlərdən başlayır. Xalqımızın müxtəlif dövrlərdə yaratdığı hər bir dövlətin özünəməxsus idarəçilik sistemi  olmuşdur. Kadrların sistemli şəkildə hazırlanmasına ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində başlansa da, 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyətinin süqut etməsi ilə bu proses başqa bir müstəviyə keçmişdir.

Dövlət qulluğunun inkişafı və kadrların yetişməsi sovet imperiyasının tərkibində mövcud olmuş Azərbaycan Respublikasında da başqa bir formada davam etmişdir. Bu dövrün dövlət qulluğu sistemi olduqca ağır mərhələlərdən keçsə də, onun tariximizə inkişaf illəri kimi daxil olmuş mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının hazırlanması prosesi başladı. Həmin dövrdə Azərbaycan Respublikasının dövlət və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri üstünlük təşkil edirdilər. Lakin Heydər Əliyev dövlət qulluğunun milliləşməsi prosesini cox məharətlə həyata keçirməyə başladı. Ulu öndər dövlət qulluğu vəzifələrində azərbaycanlıları irəli çəkməklə yanaşı, milli kadr potensialının sistemli şəkildə hazırlanması prosesini həyata keçirməyə başladı. Ölkəyə lazım olan mütəxəssis kadrlar yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, hər il 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi. Həmin dövrdən etibarən Heydər Əliyev Azərbaycan dilini dövlət, sovet və partiya orqanlarında işlək dilə çevirməyə başladı. Məhz Heydər Əliyevin sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət dili elan olundu. Heydər Əliyevin ölkəmizə  rəhbərlik etdiyi illərdən başlayaraq Azərbaycanın böyük milli kadr potensialı yaradıldı və 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra onlar ölkənin idarə edilməsinə öz dəyərli töhfələrini verməyə başladılar.

Təəssüf ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra onun yetişdirdiyi milli kadrlar da müxtəlif bəhanələrlə dövlət qulluğundan uzaqlaşdırıldılar. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdikdən sonrakı ilk iki ildə ölkədə hökm sürən hərc-mərclik və xaos dövlət idarəetmə sistemində özünü göstərdi.

Xalqın ağır günlərində onun köməyinə çatan ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdığı gündən yanaşı, müstəqil və müasir dövlət qulluğu sisteminin yaradılmasını da önə çəkdi. Həmin dövrdən düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlüklərini və milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasına başlandı.

1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsi hazırlandı və həmin il noyabr ayının 12-də Konstitusiya layihəsi  ümumxalq səsverməsi yolu ilə qəbul edilərək noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi özülü qoyuldu. Həmin dövrdə hələ dövlət qulluğu ilə bağlı ayrıca qanun qəbul edilməmişdi. Lakin Azərbaycan Respublikasının Konstitusiyasında dövlət qulluğunun konstitusional prinsiplərinin əsasları əks olunmuşdur. Konstitusiyada Azərbaycan vətəndaşlarına dövlətin idarə edilməsində iştirak və dövlət qulluğuna qəbul hüququnu verən ayrıca maddə var. Məhz Konstitusiyanın 55-ci maddəsində "Dövlətin idarə olunmasında iştirak etmək hüququ" təsbit edilmişdir.

Ümummilli liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlar sayəsində  "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları qəbul edildi. Məhz həmin dövrdə "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışları gündəmə gəldi.

 

Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Heydər Əliyevin siyasəti aşağıdakı istiqamətləri əhatə edirdi:

- səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması;

- dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi;

- vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi;

- dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.

Məlum olduğu kimi, konstitusional prinsiplər dövlətin Konstitusiyasında əks olunur və digər normativ aktlarda konkretləşdirilir. Bunu nəzərə alaraq, dövlət qulluğu sahəsində Azərbaycanda islahatların, xüsusilə hüquq sahəsində islahatların aparılması çox vacib idi. Dövlət qulluğu isə dövlət idarəçiliyinin bir hissəsi olduğu üçün dövlət idarəçilik sistemində kompleks islahatların aparılması daha məqsədəuyğun hesab edildi.

Beləliklə, müstəqil Azərbaycan dövlətində cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəetməsində köklü islahatların aparılması prinsipial əhəmiyyət kəsb etdiyi üçün ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" fərman imzaladı. Fərmanda islahatların həyata keçirilməsi ilə müəyyən nəticələrə nail olmaq qarşıya məqsəd kimi qoyulurdu. Ümumi olaraq dövlət idarəetməsi sistemində aşağıdakı dörd istiqamət üzrə islahatların aparılması nəzərdə tutulmuşdu:

 

1) dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması;

 

2) audit sisteminin islahatı;

 

3) dövlət idarəetmə sisteminin islahatı;

 

4) hüquq və məhkəmə sisteminin islahatı.

 

Dövlət idarəetmə sisteminin islahatı dövlət qulluğu islahatlarını da nəzərdə tutur. Fərmanda qeyd olunduğu kimi, bu islahatların bir hissəsi normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı idi. Dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması üçün 2000-ci il iyulun 21-də respublikamızda ilk dəfə olaraq "Dövlət qulluğu haqqında" qanun qəbul edildi.

Bu qanunun çox böyük əhəmiyyəti oldu. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. Qanunun qəbul edilməsinin əsas səbəbi Heydər Əliyevin 1998-ci ildə dövlət idarəçilik sistemində islahatların aparılması ilə bağlı fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi idi.

Respublikamızda dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularına təbrikində dolğun şəkildə göstərilmişdir: "Müstəqil Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edildi, demokratik hüquqi dövlət quruculuğu prosesi başlandı. Onun rəhbərliyi altında həyata keçirilən idarəçilik fəaliyyəti insanlarda dövlətçilik şüurunu möhkəmləndirdi, hakimiyyət və idarəetmə orqanlarının işinə inamı artırdı. Son illərdə dövlət idarəetmə orqanlarının işinin dövrün tələblərinə uyğun yenidən qurulması, keyfiyyətli kadr korpusunun yaradılması, nazirlik və komitələrin müvafiq istiqamətər üzrə vahid dövlət siyasətini həyata keçirən hakimiyyət orqanlarına çevrilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Həyata keçirilən islahatlar nəticəsində dövlət orqanlarının səlahiyyətləri dəqiqləşdirilmiş, onların öz vəzifələrini daha dəqiq və dürüst icra etmələri üçün imkanlar genişləndirilmiş və məsuliyyət artırılmışdır. Dövlət qulluğunun qanunvericilik bazası yaradılmış, "Dövlət qulluğu haqqında" qanun və digər normativ-hüquqi sənədlər qəbul edilmişdir".

Müasir dövrdə dövlətlərin beynəlxalq aləmə inteqrasiya prosesinin sürətləndirilməsi üçün hər bir dövlətin idarə edilməsinin təşkili işinin yüksək səviyyədə olması çox əhəmiyyətlidir. Azərbaycan Respublikası da müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını davam etdirir. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

Bu məqsədlə ölkəmizdə müstəqillik illərində idarəetmə sahəsində milli kadrların hazırlanması üçün bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanmasına başlanmışdır. Burada ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını xüsusi qeyd etmək lazımdır. Fərmanda Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi "Dövlət İdarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi" kimi müəyyən edilmişdir. Akademiyanın yaradılması dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət qulluğu üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan Dövlət İdarəçilik Akademiyasının üzərinə Azərbaycanın böyük siyasi və iqtisadi potensialını reallaşdıra biləcək dövlət qulluqçularının yeni nəslinin yetişdirilməsi kimi çox məsul vəzifə qoyulmuşdur.

2003-cü ildə cənab İlham Əliyevin dövlət başçısı seçilməsi Heydər Əliyevin bütün sahələrdə, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində başladığı işlərin uğurlu inkişafını sürətləndirdi. Respublikamızda dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiya birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında hesabat verir.

2006-cı ilin oktyabrından fəaliyyətə başlayan komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, dövlət qulluqçularının əlavə peşə təhsilinin əsaslarının müəyyən edilməsi, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu müsabiqə əsasında aparılır və vətənpərvər, yüksək ixtisaslı və yeniliklərə meyilli kadrların dövlət qulluğuna cəlb edilməsinə üstünlük verilir.

Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti xeyli genişlənmişdir.

Ötən dövr ərzində dövlət qulluğunu tənzimləyən "Dövlət qulluğu haqqında" Qanuna dövrün tələblərinə uyğun olaraq, o cümlədən idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra dəyişikliklər və əlavələr edilmişdir. Əlavə və dəyişikliklərin böyük əksəriyyəti dövlət qulluğunun kateqoriyalarının və vəzifələrin təsnifatının dəqiqləşdirilməsi, eyni zamanda, inzibati və yardımçı vəzifələrin tutulması, dövlət qulluğuna xitam verilməsi şərtləri və qaydaları, dövlət qulluqçularının attestasiyadan keçirilməsi, onlara ixtisas dərəcələrinin verilməsi, dövlət qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması, onların mükafatlandırılması, maddi və mənəvi həvəsləndirilməsi, dövlət qulluqçuları üçün orden və medalların, fəxri adların təsis edilməsi və başqa vacib məsələləri əhatə etmişdir.

"Dövlət qulluğu haqqında" Qanuna edilmiş 2012-ci il 20 aprel tarixli dəyişikliklərə əsasən, dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası nəzərə alınmaqla onların kateqoriyalarının sayı azaldılmış, əvvəlkindən fərqli olaraq dövlət orqanları üçün 7 kateqoriya deyil, 6 kateqoriya müəyyən edilmiş, ali kateqoriya dövlət orqanlarına Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı - dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Milli Məclis və Konstitusiya Məhkəməsi də aid edilmişdir. Sonrakı kateqoriyalar üzrə bir çox dövlət orqanlarının kateqoriyası yüksəldilmiş, bununla paralel olaraq inzibati vəzifələrin ali, 1-ci - 7-ci təsnifatları müəyyən edilmişdir. Bu təsnifatlarda hər bir dövlət orqanında hansı vəzifənin hansı təsnifata daxil olduğu konkret müəyyən edilmişdir.

Ölkəmizdə dövlət qulluğu sisteminin  təkmilləşdirilməsi təkcə "Dövlət qulluğu haqqında" Qanuna edilmiş dəyişikliklərlə məhdudlaşmır. Dövlət orqanlarının fəaliyyətinin əsas prinsiplərini müəyyən edən digər normativ hüquqi aktlar da müntəzəm olaraq təkmilləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin dekabrında imzaladığı "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu ilə dövlət hakimiyyəti orqanlarında sənədlərlə işin əsas müddəaları təsdiq edilmiş, normativ hüquqi aktların hazırlanması, qəbul edilməsi qaydaları, onların əsas prinsipləri və tələbləri müəyyən edilmişdir.

Bu gün əhalinin rahatlığının təmin edilməsi və dövlət orqanlarının işinin daha səmərəli təşkili üçün elektron xidmətlərin göstərilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanı, həmçinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılmışdır. Elektron hökumətin tətbiqi dövlət qulluğunda şəffaflığın daha da artırılmasına və məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsinə şərait yaradacaqdır.

Dövlət qulluğunun tarixinə nəzər salarkən aydın olur ki, dövlət qulluğu cəmiyyətin idarə edilməsində həmişə mühüm rol oynamış və bundan sonra da mühüm rol oynayacaqdır. Çünki Azərbaycanın sürətli inkişafı dövlət orqanlarının qarşısında böyük vəzifələr qoyur. Dövlət qulluğunun təkmilləşdirilməsinin və yeniləşdirilməsinin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış səviyyəsini yüksəltmək və onların sosial rifahını təmin etməkdir. Bu məqsədə nail olmaq üçün dövlət qulluqçularının özlərinin də sosial müdafiəsi ildən-ilə gücləndirilir, onların peşəkarlığının, ən başlıcası, cəmiyyət və xalq qarşısında məsuliyyətinin artırılması üçün müvafiq tədbirlər görülür. Dövlət qulluqçularının sosial təminatının yaxşılaşdırılması onların daha səmərəli fəaliyyəti üçün şərait yaradır.

Fərəhli haldır ki, bu gün dövlət qulluqçularının böyük əksəriyyəti müasir texnologiyaları yaxşı mənimsəyən, idarəetmə səriştəsinə malik peşəkar işçilərdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına əsasən, hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində idarəetmə ixtisasları üzrə təhsil alaraq ölkəmizə qayıdırlar. Dövlət qulluqçuları da ölkə rəhbərinin göstərdiyi böyük diqqət və qayğını yüksək qiymətləndirir və onlara göstərilən etimadı doğrultmağa çalışırlar.

 

 

Dürdanə MƏMMƏDOVA,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri, Dövlət Qulluğunun İdarəetmə Şurasının üzvü

 

Azərbaycan.-2013.- 23 iyun.- S.3.