Ənənəyə sadiqlik

 

Tolerant ölkənin yeni nümunələr

 

İslam dünyasının bir parçasına çevrilən Azərbaycan öz dini və milli ənənələrinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Son on ildə paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərin çoxluğu bunu sübuta yetirdi. Respublikamızda hökm sürən tolerant mühit bizim mühüm tarixi nailiyyətimizdir. Dövlətimizin dəstəyi nəticəsində Azərbaycan xalqı bu ənənələri davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına, ünsiyyətin qurulmasına daim diqqət yetirir. Bu səbəbdən də müxtəlif xalqların bir-birinə yaxınlaşmasında mədəniyyətlərin qarşılıqlı təsiri böyük rol oynayır. Azərbaycan özünün maddi və qeyri-maddi irsinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox tədbirləri uğurla həyata keçirir.

Bakıda keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev demişdir: "...Azərbaycan müsəlman aləminin bir parçasıdır. Əlbəttə ki, Azərbaycanda milli və dini ənənələr çox güclüdür. Müstəqil Azərbaycan dövləti güclü milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycanda müxtəlif dövrlərdə, xüsusilə XIX əsrdən başlayaraq Avropa təsiri də kifayət qədər güclü olmuşdur... Azərbaycan müsəlman aləminin bir parçası olaraq İslam Əməkdaşlıq Təşkilatında da çox fəal iş aparır. Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bizim digər qədim şəhərimiz Naxçıvan isə 2018-ci il üçün bu şərəfli ada layiq görülmüşdür".

İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub. Çox möhtəşəm və xüsusi əhəmiyyətə malik olan beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edən paytaxtımız elmi və mədəni potensialını nümayiş etdirməklə yanaşı, həm də qədim tarixi və mədəni dəyərləri ilə öyünən xalqımızın bir çox millətlərə örnək olası qonaqpərvərliyini də həmişə ürəkaçıqlığı ilə ortaya qoyur. Bakıya gələn xarici ölkə vətəndaşları Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın bu qədim paytaxtının günbəgün gözəlləşdiyinin şahidi olurlar. Qədim memarlıq elementləri, müasir arxitektura cizgiləri ilə zənginləşən Bakının hüsnü daha da füsunkarlaşıb.

Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında özünəməxsüs möhtəşəm rol oynayıb. İctimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə olub. Bütün bunlar da xalqımızın geniş dünyagörüşünə, zəngin mənəviyyata, humanist mövqeyə, yüksək əxlaqa malik olduğunu sübut edir. Həmişə Azərbaycanda müxtəlif xalqlar bir ailə kimi mehriban yaşayıblar. Hələ sovet dövründə Bakını "beynəlmiləl tərbiyənin beşiyi" adlandırırdılar. Bu, adi epitet deyildi. Bakıda həqiqətən müxtəlif dinlərə məxsus insanlar ömür sürürlər. Onlar yalnız işləməkdə, təhsildə, həkimə müraciət etməkdə, məişət məsələlərində deyil, həm də özlərinəməxsus kilsə və kirxalarda ibadətlə məşğul olmaq azadlığına sahibdirlər. Bu səbəbdən də Azərbaycanda müxtəlif xalqların icmaları fəaliyyət göstərir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra dinlərarası münasibətlər yeni müstəviyə yüksəlib. Dövlət tərəfindən təşkil olunan bütün tədbirlərdə müxtəlif dinlərin nümayəndələri iştirak edərək birgə fəaliyyət və qarşılıqlı anlaşma göstərirlər. Əlbəttə, onlara bu ünsiyyət və imkanı Azərbaycan dövlətinin başçısı yaradır. Vətəndaş cəmiyyətinin formalaşmasında, eləcə də sabitliyin bərqərar olunmasında millətlərarası münasibətlərin yüksək səviyyədə qurulması ön plana çəkilir. Bu işə dini qurumlarla bərabər, dövlət tərəfindən də böyük diqqət və qayğı göstərilir. Bütün bölgələrdə olduğu kimi, milli azlıqların yaşadığı yerlərdə də sosial və iqtisadi problemlərin həllinə səy göstərilir. Dünyanın böhrandan əziyyət çəkdiyi illərdə Azərbaycanda iqtisadi artım tempi öz gücünü saxladı.

Bu yaxınlarda paytaxtda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Dünyanın bir çox ölkələrindən bu tədbirə qatılmış insanlar bir məsələni dönə-dönə vurğuladılar ki, ölkələr arasında məzmunlu siyasi, mədəni dialoq və səmərəli qarşılıqlı əməkdaşlıq qurmaq Azərbaycanda qədimdən mövcuddur. Bakı şəhəri sülh və tərəqqi naminə gələcək nəsillərin rifahı üçün bu ənənələri həmişə qorumaqdadır. Baxmayaraq ki, bu şəhərin başına çox bəlalar gəlib. Bakı ötən əsrin əvvəllərində bolşevik işğalına məruz qalıb. 1937-ci ilin repressiyalarını yaşayıb, 20 Yanvar (1990) faciəsinin müsibətlərini çəkib. Bütün bunlara baxmayaraq, Bakı həmişəki kimi, qara günlərdən əzmlə çıxdı. Bu gün onun adı dünya xəritəsinin müxtəlif göstəricilərində şərəflə qeyd olunur. Bəşəriyyətin diqqət mərkəzində dayanan qüdrətli bir şəhər missiyasını ləyaqətlə yerinə yetirən Bakı, sözün əsl mənasında, tolerant məkandır.

Öz keçmişinə sadiqliyi ilə seçilən Azərbaycan dövləti respublikamızda geniş abadlıq işəlri aparır, bütün dini abidələr bərpa edilir, təmir olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Şamaxı Cümə Məscidinin açılışında Prezident İlham Əliyev demişdir: "Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Bu, onu göstərir ki, hətta sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməmişdilər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlamış və yaşatmışdır".

İndi Azərbaycanda bütün dini ocaqlar bərpa edilir, eyni zamanda, bölgələrdə yeniləri tikilir. Bu yanaşma həm də dövlət siyasətinin əks-sədasıdır. Bütün dini abidələrin bərpa edilməsi dövlətin bu sahəyə göstərdiyi qayğının bariz nümunəsidir. Son on il ərzində Azərbaycanda 200-dən çox məscid tikilmiş, 80-dən çoxu isə təmir edilmişdir. Təbii ki, bu müqəddəs məkanlar yalnız ibadət üçün deyil, həm də dini tarixi-memarlıq abidəsi kimi bəşər mədəniyyətinin inciləri sırasındadır. Azərbaycan müstəqil dövlət olaraq İslam həmrəyliyinə, eləcə də müxtəlif dinlərarası anlaşmaya, birliyə, ünsiyyətə, əməkdaşlığa diqqət yetirir. Qürur və fəxrlə deyirik ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu səbəbdən də həmişə dövlətin dəstəyi və diqqəti bir əhəmiyyətli məsələyə yönəlib ki, İslam həmrəyliyini gücləndirərək bütün müsəlman ölkələri arasındakı əlaqələr daha da genişlənsin. Elə bu səbəbdən də Bakıda həmin təşkilatın dəstəyi ilə keçirilən tədbirdə nazirlər səviyyəsində mühüm məsələlər müzakirə olundu, humanitar forumlar təşkil edildi, dünya dinləri liderlərinin zirvə görüşü keçirildi.

Bu gün Azərbaycanın bəşəriyyətin tolerantlıq mərkəzinə çevrilməsi, ölkəmizdə fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması təsdiqləyir ki, məmləkətimizdə dini-milli zəmində heç vaxt qarşıdurma, anlaşmazlıq olmamışdır. Təəssüf ki, belə bir humanist ürəyə, tolerant mövqeyə malik olan xalqımız 20 ildən artıqdır ki, qonşu erməni vandallarının törətdiyi ağrı-acılardan hələ də xilas olmamışdır. İşğal altında qalan torpaqlarımızda qədim abidələrimiz, dini məbədlərimiz, milli-mənəvi sərvətlərimiz ya talan edilmiş, ya dağıdılmış, ya da təmayülü dəyişdirlərək ermənilər tərəfindən mənimsənilmişdir.

Ölkə başçısı İlham Əliyev istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə çıxış edərək bir fikri qətiyyətlə vurğulayır: "İşğalçıları Azərbaycan torpaqlarından qovacağıq, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaqdır. Mən əminəm ki, o gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir nöqtəyə vurmalıdırlar. Ölkəmizi gücləndirməliyik, ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz... gözəl abidələr yaradırıq. Biz tarixi ədaləti bərpa edirik".

Əlbəttə, bu gün Azərbaycan azaddır, müstəqildir. Tarixi keçmişini qorumaqla gələcəyə inamla addımlayır. Bu gün Azərbaycan övladları təkcə öz yurdunda deyil, dünyanın bir sıra məşhur şəhərlərində tarixi abidələrin, kilsələrin, dini məbədlərin, qədim təhsil ocaqlarının, kitabxanaların bərpası ilə məşğuldur. Bu gün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin incilərinə çevrilmiş, lakin sıradan çıxmaq təhlükəsi ilə üzləşən maddi-mənəvi sərvətlər bərpa edilərək öz xalqlarına qaytarılır. Bütün bu xoş niyyət və məramlar isə həm xalq, həm də dövlət olaraq Azərbaycanın tolerantlıq istəyindən, arzularından xəbər verir. Xarici qonaqların fikrincə, əgər Bakı bu gün müxtəlif xalqların dialoq paytaxtıdırsa, onun bu zirvəyə yüksəlməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin böyük əhəmiyyəti var. Həqiqətən də bu fondun təkcə ölkəmizdə deyil, beynəlxalq arenada həyata keçirdiyi nəhəng layihələr xalqların yaxınlaşmasında, mədəni əlaqələrin qurulmasında, əldə edilən nailiyyətlərin çoxluğunda böyük rol oynayır, eləcə də əməkdaşlığın ən gözəl və vacib formalarından birinə çevrilir. Bu, həm də tolerant ölkənin yeni nümunələrinin yaranması deməkdir.

 

 

 

Flora XƏLİLOVA

 

Azərbaycan.-2013.- 23 iyun.- S.7.