Yu Ki CUN: Azərbaycan dövlətinin başçısı İlham Əliyevin növbəti müddət üçünprezident seçilməsi ölkənizin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradacaqdır

 

İyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı  Əli Əhmədov ölkəmizdə səfərdə olan Koreya Respublikasının hakim "Senuri" Partiyasının və Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində İslahat üzrə Xüsusi Komitəsinin sədri Yu Ki Cunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Əli Əhmədov səfərin iki partiya arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük töhfə verəcəyini qeyd etmişdir.

Partiyalar arasında anlaşma memorandumunun imzalandığını deyən Əli Əhmədov bildirmişdir ki, bu sənəd çərçivəsində ikitərəfli əməkdaşlıq davam etməkdədir. Bu əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərə töhfəsini verir. Azərbaycan ilə Koreya Respublikası arasındakı dostluq əlaqələri partiyalararası münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır.

İki partiya arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirən Yu Ki Cun təmsil etdiyi partiyanın rəhbərliyinin bu əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, üç il əvvəl iki partiya arasında imzalanmış memorandum ölkələrarası münasibətlərin inkişafında əhəmiyyətli rol oynamışdır.

Ölkələrimizin hakim partiyaları arasında münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyindən danışan Yu Ki Cun diqqətə çatdırmışdır ki, təmsil etdiyi partiya YAP-ın V qurultayında Azərbaycan dövlətinin başçısı İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsini səmimi qarşılamışdır. Vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin növbəti müddət üçün  prezident seçilməsi bu ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradacaqdır.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2013.- 25 iyun.- S.3.