Arzular gerçəyə dönür

 

Prezident İlham Əliyevin Şamaxıya səfəri elmin inkişafına və milli-mənəvi dəyərlərə diqqət baxımından da əhəmiyyətlidir

 

 

Avtomobil magistralındakı yoxuşu enən kimi Şamaxı bütün gözəlliyi ilə aydın  görünür. Dağlar qoynuna sığınmış bu qədim diyar da digər bölgələrimiz kimi tikilir, qurulur, yenilənir. Görülən işlərdə isə Şamaxının tarixilik və milli memarlıq xüsusiyyətlərinə həssaslıqla yanaşılır.

Yolların çəkilişindən, səkilərin düzəldilməsindən, hasarların naxışlanmasından tutmuş, fasadların yenilənməsinə qədər hər şeydə qədimliklə müasirliyin vəhdətinə çalışırlar. Bütün bu tədbirlərin həyata keçirilməsi, layihələrin gerçəkləşdirilməsi isə Prezident İlham Əliyevin diqqəti, qayğısı ilə şərtlənir.

Enişli-yoxuşlu Şamaxı şəhərindəki qədər yolların kəsişməsini başqa yerdə görməmişik. Ötən aylardakı narahatlıq indi yoxdur - yollara asfalt çəkilib, səkilər hamarlanıb. Su-kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar yarımçıq işlər başa çatan kimi, digər yerlərdə də təmir-bərpa işləri davam etdiriləcək. Digər bölgələrdə də şahidi olmuşuq - abadlıq, tikinti-quruculuq işləri insanların ovqatını yüksəldir, aktiv həyat tərzinə, işgüzarlığının artmasına müsbət təsir edir.

Şamaxı ağsaqqallarından olan Ağarza Bayramovun təbirincə desək, hər gün insanların rastlaşdığı tikinti, yenidənqurma, abadlıq işləri dövlətin qayğısının birbaşa ifadəsidir: - Bilirik ki, dövlət başçısı bizi düşünür, şəhərimizin, kənd və rayonlarımızın daha gözəl, daha müasir, həyatımızın daha firavan olmasına çalışır. Elə Prezident İlham Əliyevin rayonumuza səfəri bir daha onu göstərdi ki, dövlət başçısı hər hansı bir işin görülməsi ilə bağlı tapşırıq verməklə kifayətlənmir, həmin işin gedişini, nəticəsini yoxlayır, insanların fikrini, münasibətini öyrənir. Ehtiyac olanda maddi dəstək üçün əlavə sərəncam imzalayır. Prezident İlham Əliyevi xalqa, insanlara sevdirən keyfiyyətlərdən biri də məhz budur. Bu gün hər birimiz dövlət başçısı ilə keçirilən səfər görüşlərində arzumuzu, təklifimizi ölkə rəhbərinə birbaşa deyə bilirik. O da böyük təmkinlə bizi dinləyir. Ötən qısa müddət ərzində müraciətimizin müsbət nəticəsini də görürük. Bu, bir daha onu sübut edir ki, Prezident İlham Əliyev hər bir vətəndaşa yüksək həssaslıqla, diqqət və qayğı ilə yanaşır.

Şamaxıda olarkən bənzər fikirləri digər sakinlərdən də eşitdik. Rayonun ağsaqqallarından və ziyalılarından Aydın Alcanov, Mayıl Alıcanov, Həbibə Eldarova, Eyvaz Eminalıyev, Hacıbala Şıxıyev də söhbət zamanı da dedilər ki, Şamaxıda görülən abadlıq-quruculuq işləri, Şamaxı Cümə məscidinin, Şamaxı Astrofizika Rəsədxanasının əsaslı bərpası və yenidən qurulması Prezident İlham Əliyevin yüksək qayğısının təzahürü olmaqla yanaşı, həm də elmə, milli-mənəvi dəyərlərə verdiyi qiymətin əyani göstəricisidir.   

Şamaxıya səfəri çərçivəsində Prezident İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub, Uşaq Yaradıcılığı Mərkəzinin açılışında iştirak edib. Şamaxı Olimpiya Mərkəzində yeni idman zallarının və qurğularının tikintisinə 2010-cu ilin fevralında başlanılıb. Layihəyə əsasən 2500 kvadratmetr olan binaların fasadı dəyişdirilib, müasir dizaynlı materiallar və şüşələrlə örtülüb. Mərkəzin bütün havalandırma, işıqlandırma sistemləri yenilənib. Üzgüçülük hovuzunun dam örtüyünün metal konstruksiya hissələri də dəyişdirilib. Kompleksdə görülən işlərlə ətraflı tanış olan dövlət başçısı razılığını bildirib.

Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi musiqi məktəbi kimi 1959-cu ildə fəaliyyətə başlayıb. 1995-ci ildə həmin məktəbin bazasında Uşaq İncəsənət Məktəbi yaradılıb. 1984-cü ildən fəaliyyət göstərən bu məktəb uzun illər əsaslı təmir olunmadığından tam yararsız vəziyyətə düşmüş və sökülmüşdü. Məhz elə həmin ünvanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilib. Burada 384 şagird musiqi təhsili alır və 70 müəllim çalışır. Açılışda iştirak edən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

Dövlət başçısının Şamaxıya səfərini məzmun etibarı ilə üç istiqamət üzrə də səciyyələndirmək olar: Dövlət proqramında nəzərdə tutulan tədbirlər və sosial infrastruktur layihələri uğurla icra olunur, elmin inkişafına dövlət qayğısı strateji meyardır və milli-mənəvi dəyərlərə diqqət tolerantlığı şərtləndirməklə yanaşı, dövlət siyasətinin prioritetlərindəndir.

Bu bir həqiqətdir ki, son illərdə Azərbaycanda astronomiya elminin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan Şamaxı Astrofizika Rəsədxanasında aparılan təmir və yenidənqurma işləri böyük əhəmiyyətə malikdir.

Rəsədxana 1959-cu ildə Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılıb və 1960-cı ildə fəaliyyətə başlayıb. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Mütəxəssis rəyinə görə, burada aydın gecələrin sayı il ərzində 200-ə çatır.

Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılıb. Həmin sərəncamlara əsasən artıq xeyli iş görülüb, yeni binalar inşa edilib və müasir qurğular işə salınıb.

Əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilən Şamaxı Cümə məscidi sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyib və dağılıb məhv olmaq təhlükəsi ilə üzləşib. Bütün sahələr kimi, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 1980-ci ildə təmir olunub.

Şamaxı Cümə məscidində əsaslı bərpa və yenidənqurma işləri isə Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində aparılıb. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfər edərkən Cümə məscidində olub, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib. Dövlət başçısının 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla məsciddə əsaslı bərpa və yenidənqurma işləri aparılması üçün müvafiq maliyyə vəsaiti ayrılıb.

Görülən işlərdən sonra məscid tamamilə dəyişərək bənzərsiz bir tarixi abidəyə çevrilib. Artıq burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər.

Prezident İlham Əliyevin Şamaxıya səfərindən bir aydan çox  vaxt ötsə də, rayon sakinləri hələ də dövlət başçısı ilə görüşün xoş ovqatı ilə yaşayırlar. Çuxuryurd kəndindən olan malakan Mariya Kojevnikova Prezident təqaüdçüsüdür. Sinəsini "Şöhrət" ordeni bəzəyir. Sovetlər dönəmində "İliç" kolxozunun sədri işləyərkən ulu öndər Heydər Əliyevlə dəfələrlə görüşüb. Ulu öndər 6 dəfə "İliç" kolxozunda olub: - O böyük insanla görüşləri, onun söz-söhbətini, insanlara diqqətini, dəyərli tövsiyə və məsləhətlərini heç vaxt unutmaram. Bu gün mənim ən böyük sevincim bilirsiniz nə ilə bağlıdır? İlham Əliyevlə! Ulu öndərdən sonra Azərbaycana ancaq İlham Əliyev rəhbərlik etməliydi. Elə də oldu! İndi hər şey göz qabağındadır. Prezident İlham Əliyev ölkəmizi gücləndirib, dünyada tanıdıb. Elə Şamaxının özü. Rayonumuzu tanımaq olmur, müasir şəhərə çevrilib. Buna görə cənab İlham Əliyevə minnətdarıq. Şamaxılılar mənim xətrimi çox istəyir, onların da adından deyə bilərəm - biz uğurlarımızın davamını görmək üçün İlham Əliyevi yenidən prezident seçəcəyik. İnanmıram ki, Azərbaycanı sevən, Azərbaycanın sabahını, gələcəyini düşünən bir insan bu məsələdə tərəddüd etsin.

Mariya xanımla sağollaşanda şüşə kimi asfalt yolu göstərib dedi: - Görürsünüz necə rahatdır, beş dəqiqəyə rayon mərkəzinə çatacaqsınız. Xahiş edirəm bunu da yazın...          

 

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 25 iyun.- S.4.