Görkəmli hərbi sərkərdə Hüseyn xan Naxçıvanskinin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universiteti ilə birgə görkəmli hərbi sərkərdə, tam süvari qoşunu generalı Hüseyn xan Naxçıvanskinin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev cəmi 56 il ömür sürmüş general Hüseyn xan Naxçıvanskinin həyat yolundan, hərbi fəaliyyətindən bəhs etmişdir. Qeyd etmişdir ki, bu hərbi sərkərdə general-leytenant Kəlbəli xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. On beş yaşında ikən Peterburqdakı paj korpusu məktəbinə verilən Hüseyn xan Naxçıvanski 1881-ci ildə çarın xüsusi süvari qoşununda xidmət etmişdir. Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Eyni zamanda, Rusiya-Yaponiya müharibəsində qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmiş Naxçıvanski 1906-cı ildə leyb-qvardiya polkunun komandiri olmuş, 1907-ci ildə generel-mayor rütbəsinə layiq görülmüşdür. Görkəmli hərbi sərkərdə 1912-ci ildə birinci  əlahiddə süvari briqadasının komandiri, Birinci Dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə ona tam süvari qoşunu generalı rütbəsi verilmişdir. 34 illik hərb və döyüş həyatında Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə, Müqəddəs Vladimir, ikinci dərəcəli Müqəddəs Aleksandr, Müqəddəs Anna ordenləri ilə, digər döyüş xidmətlərinə görə 30-a yaxın müxtəlif mükafatla təltif olunmuş Hüseyn xan Naxçıvanski ən böyük hərbi rütbəyə - Əlahəzrətin general-adyutantı rütbəsinə qədər yüksəlmişdir.

Tədbirdə tanınmış rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun Hüseyn xan Naxçıvanskiyə həsr etdiyi və Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə nəşr edilən  "Əlahəzrətin general-adyutantı: Hüseyn xan Naxçıvanski haqqında dastan" kitabından da bəhs olunaraq bildirilmişdir  ki, adıçəkilən nəşrdə görkəmli həmyerlimizin həyatı və əsgəri rəşadəti ilə bağlı olduqca çox mühüm tarixi sənədlər işıqlandırılmışdır.

Konfransda "Tam süvari generalı, Hüseyn xan Naxçıvanskinin həyatı və hərbi fəaliyyəti", "Hüseyn xan Naxçıvanskinin paj korpusunda təhsili və süvari qvardiyasında hərbi xidməti", "İkinci Dağıstan alayının komandiri Hüseyn xan Naxçıvanski Port-Artur döyüşlərində", "Hüseyn xan Naxçıvanskinin leyb-qvardiya süvari alayının komandiri kimi fəaliyyəti", "Hüseyn xan Naxçıvanskinin I Dünya müharibəsindəki sərkərdəlik məharəti" mövzularında məruzələr dinlənilmişdir.

Elmi konfransda Hüseyn xan Naxçıvanskiyə və Naxçıvanskilərə aid müxtəlif illərdə çəkilmiş fotoşəkillərdən ibarət slaydlar da nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2013.- 25 iyun.- S.12.