«Çin azərbaycanlıların gözü ilə» kitabının təqdimatı olmuşdur

 

İyunun 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Çinin Beynəlxalq Araşdırmalar Fondunun birgə hazırladığı "Çin azərbaycanlıların gözü ilə" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə Çinin Beynəlxalq Araşdırmalar Fondunun icraçı direktoru Lyu Quçan, qurumun vitse-prezidenti Yuy Çjenci, Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Nazirliyinin Avropa İdarəsi və Mərkəzi Asiya üzrə müşaviri Çao Yünlon, Milli Məclisin deputatları, diplomatlar və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbiri açan SAM-ın direktoru Fərhad Məmmədov bildirmişdir ki, "Çin azərbaycanlıların gözü ilə" kitabının hazırlanması mühüm layihədir. Bu nəşr Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfəsini verəcəkdir.

İki ölkə arasındakı əlaqələrin tarixindən danışan SAM-ın direktoru qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev  Azərbaycanın Çin ilə əməkdaşlığının inkişafına həmişə böyük diqqət ayırmışdır. Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirməsi nəticəsində ölkələrimiz arasında əlaqələr daha da inkişaf etmişdir.

Fərhad Məmmədov vurğulamışdır ki, bu kitab həm də Çin Beynəlxalq Araşdırmalar Fondu ilə SAM arasında əməkdaşlığın ilk pöhrələrindəndir.

Çin Beynəlxalq Araşdırmalar Fondunun sədri Lyu Quçan kitabın hazırlanmasının iki ölkə arasındakı əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə olduğunu və nəşrin azərbaycanlıların ÇXR haqqında biliklərini artırmasına imkan yaradacağını diqqətə çatdırmışdır.

"Sarı əjdaha oyanır" sərlövhəli iqtisadi-analitik yazısı ilə kitabın ərsəyə gəlməsinə töhfəsini verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Çin və Azərbaycan arasında genişlənməkdə olan iqtisadi əlaqələri ön plana çəkərək, ÇXR hökumətinin ölkə iqtisadiyyatının dövlət tərəfindən  tənzimləməsi strategiyasının uğurlu nəticələrindən danışmışdır.

Kitaba Ziyad Səmədzadədən əlavə, daha 9 azərbaycanlı ziyalı və dövlət xadiminin yazıları daxil edilmişdir.

Nəşrin baş redaktoru və "Ön söz"ünün müəllifi SAM-ın direktoru Fərhad Məmmədovdur.

 

Azərbaycan.-2013.- 26 iyun.- S.9.