Bədii gimnastika üzrə 20-ci Azərbaycan birinciliyi başa çatmışdır

 

İyunun 25-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı başa çatmışdır.

AzərTAc xəbər verir ki, yarışlar başa çatdıqdan sonra Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın beşqat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr olunmuş qala-konsert nümayiş etdirilmişdir.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov ölkə gimnastlarının beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışmış, millimizin aparıcı üzvü olmuş A.Qarayevanın uğurlarını yüksək qiymətləndirmişdir.

A.Həsənov üzərində gimnastın rəsmi həkk olunmuş xalçanı A.Qarayevaya təqdim etmişdir.

Sonra böyük idmanla vidalaşan A.Qarayeva gimnast geyimini Ləman Hacızadəyə təqdim etmişdir.

A.Qarayeva Azərbaycanda idmana göstərilən dövlət  qayğısından danışmış, ölkə gimnastlarının mötəbər yarışlarda bundan sonra da uğurla çıxış edəcəyinə əminliyini ifadə etmişdir. Ölkədə gimnastlar üçün yaradılan şəraiti yüksək qiymətləndirən A.Qarayeva idmanın bu növünə böyük qayğı ilə yanaşan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Bir qrup gənc gimnasta idman ustası adının verilməsini  bildirən vəsiqələr təqdim olunmuşdur.

Sonra gimnastların mükafatlandırılması mərasimi keçirilmişdir.

Böyüklərin mübarizəsində Marina Durundaya, yuniorların mübarizəsində isə Jalə Piriyevaya qızıl medallar təqdim olunmuşdur. Beş topla yarışda "Sərhədçi" komandası, beş halqa ilə mübarizədə isə "Spartak" kollektivi fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Birinciliyin başa çatmasına həsr olunmuş mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çempionatın yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, Azərbaycan idmançılarının cari ildə qazandıqları nailiyyətlər barədə məlumat vermişgimnastika idman növünün ölkəmizdə yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.

 

Azərbaycan.-2013.- 26 iyun.- S.10.