Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü xarici ölkələrdə geniş qeyd edilmişdir

 

Vaşinqton

 

 

Ölkəmizin ABŞ-dakı səfirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Vaşinqtonda ziyafət təşkil etmişdir.

Mərasimə ABŞ Müdafiə Departamentinin yüksək rütbəli zabitləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və müdafiə attaşeləri, yerli ictimaiyyət, eləcə də Azərbaycan diasporunun təmsilçiləri qatılmışlar.

Tədbirin əvvəlində Azərbaycan Respublikası və ABŞ-ın Dövlət himnləri səsləndirilmişdir.

Azərbaycanın ABŞ-dakı müdafiə attaşesi Ağaverdi Quliyev, səfir Elin Süleymanov və Müdafiə Departamenti adından Birləşmiş Ştatların nəqliyyat komandanı, general Vilyam Freyzer çıxış etmişlər.

Müdafiə attaşesi A.Quliyev qonaqları Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və qısa müddətdə əldə etdiyi nailiyyətlər barədə məlumatlandırmış, müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz hərbi işğal və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın ordu quruculuğunda həyata keçirilən tədbirlərdən danışmış və ordumuzun etibarlı bir müttəfiq kimi beynəlxalq əməkdaşlığından söz açmışdır.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov mərasimin əsas qonağı general Freyzeri təqdim etməklə yanaşı, müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ arasında mövcud əməkdaşlığa toxunaraq iki ölkənin ordusunun müxtəlif bölgələrdə sülh və əmin-amanlığın bərqərar olması naminə birgə fəaliyyətlərini qeyd etmiş və əsgərlərimizin İraqda, Balkanlarda və Əfqanıstanda çiyin-çiyinə xidmət etdiklərini xatırlatmışdır.

Səfir Azərbaycanın qısa müddətdə öz təhlükəsizliyi üçün digərlərinin yardımını istəyən ölkədən regional təhlükəsizliyə töhfə verən bir dövlətə çevrildiyini vurğulamışdır.

General Vilyam Freyzer əlamətdar gün münasibətilə Azərbaycan Silahlı Qüvvələrinə təbriklərini çatdırmış, müdafiə və təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirmişdir. O, ölkəmizi ABŞ-ın çox mühüm və etibarlı tərəfdaşı kimi xarakterizə edərək "qaynar nöqtə"lərdə xidmət edən Azərbaycan əsgərləri barədə xoş sözlər demişdir. General həmçinin Azərbaycana səfərlərinə istinad edərək ölkəmizin nail olduğu inkişafı yüksək qiymətləndirmişdir.

V.Freyzer müttəfiq qüvvələrin Əfqanıstan ilə nəqliyyat əlaqəsinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu təqdir etmiş və ölkəmizin göstərdiyi dəstək sayəsində müttəfiqlər ordusunun əhəmiyyətli sayda hərbçisinin həyatının xilas edilməsindən minnətdarlıq hissi ilə danışmışdır.

 

 

 

Pakistan

 

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə İslamabadda təntənəli mərasim keçirilmişdir.

Tədbirdə Pakistan Hərbi Hava Qüvvələri Komandanının müavini, aviasiya marşalı Athar Buxari ali qonaq qismində iştirak etmişdir.

Mərasimdə Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Hacı Adil, Pakistan Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri,  səfirlər, hərbi attaşelər, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, jurnalistlər və Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistanın bayraqları, ümummilli lider Heydər Əliyev və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahin portretləri ilə, habelə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətini, Silahlı Qüvvələrimizin döyüş hazırlığını və maddi-texniki bazasını əks etdirən fotolarla bəzədilmişdir.

Azərbaycanın Pakistandakı hərbi attaşesi Mehman Novruzov mərasimdə çıxış edərək Silahlı Qüvvələrimizin yaranma tarixindən və inkişaf yolundan danışmışdır. Bildirilmişdir ki, müasir silahlarla təchiz edilən Silahlı Qüvvələrimiz hazırda Cənubi Qafqazın ən güclü ordusudur. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər an hazırdır.

Azərbaycan-Pakistan münasibətlərindən danışan M.Novruzov demişdir ki, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlıq ildən-ilə inkişaf edir.

Mərasimin keçirildiyi salonun girişində Silahlı Qüvvələrimizin inkişafını əks etdirən videokadrlardan ibarət DVD-lər və jurnallar sərgilənmiş, iki böyük ekranda Silahlı Qüvvələrimizin hazırkı döyüş qabiliyyətini, maddi-texniki bazasını göstərən videoçarx təqdim olunmuş, milli hərbi marşlar səsləndirilmişdir.

Bundan əlavə, ingilis dilində nəşr olunmuş "Azərbaycan Silahlı Qüvvələri" və "Azərbaycan Sülhməramlı Qüvvələri" adlı jurnallar və Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərini və hərbi paradı özündə əks etdirən videomateriallar (DVD) tədbir iştirakçılarına paylanmışdır.

Sonda qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunmuşdur.

 

 

 

Koreya

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə Koreya Respublikasının paytaxtı Seulda təntənəli mərasim keçirilmişdir.

Tədbirdə Koreya Respublikasının Müdafiə Nazirliyinin, Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin nümayəndələri, Koreyada akkreditə olmuş xarici ölkələrinin hərbi attaşeləri, eləcə də bu ölkənin müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak etmişlər.

Mərasimdə Koreya tərəfindən ali qonaq qismində Koreya Müdafiə Nazirliyinin idarə rəisinin müavini, briqada generalı Moon Yonq Seok iştirak etmişdir.

Azərbaycanın Koreya Respublikasındakı hərbi attaşesi Elçin Cəfərov çıxış edərək Azərbaycan ordusunun yaranma tarixindən, inkişaf yolundan, hazırkı döyüş qabiliyyətindən danışmışdır.

Bildirilmişdir ki, müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Silahlı Qüvvələrimiz ötən müddətdə çətin və şərəfli döyüş yolu keçmiş, təkmilləşmişdir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında ordu quruculuğu prosesi qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində müharibə şəraitində başlamışdı. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra başqa sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də dönüş baş vermişdir. Azərbaycan ordusunun maddi-texniki bazası gücləndirilmiş, döyüş hazırlığının səviyyəsi yüksəlmişdir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silahlarla təchiz edilməsi prosesini daim diqqətdə saxlamış, ölkədə milli müdafiə sənayesi kompleksi yaradılmışdır. Azərbaycanda istehsal olunan bəzi silah və sursat növləri xarici ölkələrə də ixrac olunur.

Azərbaycan ordusunun beynəlxalq sülhyaratma əməliyyatlarda fəal iştirakını vurğulayan E.Cəfərov iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əlaqələrin inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ötən il Azərbaycan Respublikasının Koreya Respublikasında hərbi attaşe aparatının fəaliyyətə başladığını diqqətə çatdırmışdır.

Sonra Azərbaycan Silahlı Qüvvələri haqqında videoçarx nümayiş olunmuşdur.

Qonaqlar Azərbaycan ordusunun döyüş qabiliyyətini əks etdirən fotosərgiyə baxmışlar.

Mərasimin sonunda qonaqlara Azərbaycan mətbəxinin nümunələrin təqdim olunmuşdur.

 

 

 

London

 

 

 

Ölkəmizin Böyük Britaniyadakı hərbi attaşesinin təşkilatçılığı ilə Londonda ilk dəfə Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümü münasibətilə mərasim keçirilmişdir.

Mərasimdə Böyük Britaniya Müdafiə Nazirliyinin generalları, Lordlar Palatasının üzvləri, parlamentin, Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, yerli və xarici ictimaiyyət nümayəndələri də daxil olmaqla, 150-dən çox qonaq iştirak etmişdir.

Azərbaycanın Londondakı hərbi attaşesi, polkovnik-leytenant Vüqar Əhmədov ölkəmizdə Silahlı Qüvvələrin yaranması tarixindən danışmış, müstəqilliyinin bərpasından sonrakı dövrlərdə çətin ordu quruculuğundan bəhs etmişdir. Qeyd edilmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş zəngin dövlətçilik təcrübəsinə  malik Azərbaycan hazırda ölkənin ərazi bütövlüyünü tam təmin etməyə qadir güclü orduya malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan hərbi attaşe, torpaqlarımızın 20 faizinin işğalçı ermənilər tərəfindən zəbt edildiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, bütün bunlara baxmayaraq, Azərbaycan ordusu öz məramını göstərərək dünyadakı sülhə və Avratlantik məkandakı sabitliyə öz töhfəsini verməkdə davam edir.

Sonda V.Əhmədov Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı hərbi əlaqələrdən danışmış, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın ildən-ilə inkişaf etdiyini diqqətə çatdırmışdır.     Mərasim çərçivəsində Silahlı Qüvvələrimizin hazırkı döyüş qabiliyyətini, maddi-texniki bazasını göstərən videoçarx təqdim olunmuş, milli hərbi marşlar səsləndirilmişdir.

Mərasimdən sonra qonaqlar milli mətbəximizin ləziz təamlarından dadmışlar.

 

 

 

Fransa

 

 

 

Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı Hərbi Attaşelik Aparatı tərəfindən Silahlı Qüvvələrimizin yaradılmasının 95-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə qonaqları səfir Elçin Əmirbəyov və hərbi attaşe, polkovnik  Eldar İsmayılov qarşılamışlar.

Qonaqlar yubiley münasibətilə Azərbaycan xalqını, ölkə rəhbərliyini və Azərbaycan Silahlı Qüvvələrinin zabit və əsgər heyətini təbrik etmişlər.

Qəbulda Fransa Senatının üzvləri, bu ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri, burada akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri və diplomatları, Azərbaycan səfirliyinin və UNESCO yanında nümayəndəliyimizin əməkdaşları, diasporumuzun üzvləri, sakinlər iştirak etmişlər.

Qonaqlara Azərbaycan mətbəxinin ən ləziz nümunələri təqdim olunmuşdur. 

 

 

 

Vyana

 

 

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyinin nəzdindəki hərbi nümayəndəliyi tərəfindən Vyanada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş rəsmi ziyafət təşkil edilmişdir.

Mərasimdə Avstriya Müdafiə Nazirliyinin, ölkə parlamentinin, Slovakiya Müdafiə Nazirliyinin rəsmiləri və nümayəndələri, Azərbaycan ilə sıx əməkdaşlıq edən bir sıra ölkələrin səfirləri, Avstriyada akkreditə olunmuş ölkələrin hərbi attaşeləri, ATƏT-in üzv dövlətlərinin hərbi nümayəndələri, Avstriyadakı diaspor təşkilatlarımızın üzvləri, eləcə də səfirliyin və Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğunun əməkdaşları iştirak etmişlər.

Tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan dövlətində qısa zamanda bütün dövlət təsisatlarının yaradıldığını, eləcə də ordu quruculuğuna ciddi diqqət yetirildiyini nəzərə çatdırmışdır. Azərbaycan ordusunun keçdiyi tarixi yola nəzər salan Q.İsrafilov hazırda Azərbaycanın ölkənin ərazi bütövlüyünü bərpa etməyə qabil olan qüdrətli orduya malik olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, işğalçı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hazırda Azərbaycanın əraziləri hələ də işğal altındadır. Lakin sülh və danışıqlar yolu ilə münaqişəni nizamlamağa çalışan Azərbaycan dövləti tarixi və əzəli torpağımız olan Qarabağ üzərində suveren hüquqlarını, ölkənin ərazi bütövlüyünü bərpa edəcəkdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ölkəmizin  Avstriyadakı səfirliyi nəzdində hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev 1918-ci il  iyunun 26-da ilk nizami hərbi korpusun yaradılması ilə Azərbaycan Silahlı Qüvvələrinin təməlinin qoyulduğunu diqqətə çatdırmışdır. Milli ordumuzun tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafından danışan K.Quliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə həmin günün rəsmi bayram statusu aldığını bildirmişdir.

Qeyd edilmişdir ki, material-texniki bazası son illərdə gücləndirilmiş Azərbaycan ordusu Cənubi Qafqazda ən qüdrətli və müasir hərbi gücə çevrilmişdir. K.Quliyev Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə də ordu quruculuğunda ciddi işlərin aparıldığını bildirmiş, dövlətimizin başçısının komandanlığı altında Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyə qadir güclü bir ordunun mövcud olduğunu vurğulamışdır.

Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş  videoçarxlar, eləcə də iyunun 26-da Bakıda keçirilmiş hərbi paradın videoyazısı nümayiş etdirilmiş və tədbirin sonunadək Azərbaycanın hərbi marşları səsləndirilmişdir. Eyni zamanda, tədbirdə iştirak edən qonaqlara Silahlı Qüvvələrimiz barədə tərtib edilmiş təbliğat kitabçaları da təqdim edilmişdir.

Mərasim ziyafətlə başa çatmışdır.

 

 

 

Tehran

 

 

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə ölkəmizin İrandakı səfirliyində rəsmi qəbul təşkil olunmuşdur.

İran Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin generalları, digər yüksək rütbəli hərbçiləri, Tehranda fəaliyyət göstərən hərbi attaşelər, diplomatik korpusun və beynəlxalq təşkilatların, Azərbaycanın İrandakı ayrı-ayrı dövlət qurumlarının nümayəndələri, ölkə ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoymuş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.

Sonra Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.

Qonaqları salamlayan Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi, polkovnik Mehman Süleymanov Azərbaycan ordusunun yaradılması, inkişaf yolları və müasir vəziyyəti barədə məlumat vermişdir.

Sonra İranda diplomatik fəaliyyətlərini başa çatdıran Türkiyə, İtaliya və Rusiyanın hərbi attaşelərinə Azərbaycan xalqının milli geyimləri və digər hədiyyələr təqdim olunmuşdur.

Qəbulda Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı haqqında sənədli film göstərilmiş, kitab və jurnallardan ibarət guşələr hazırlanmış, iştirakçılara ölkəmiz barədə əyani vəsaitlər paylanmışdır.

Rəsmi hissədən sonra iştirakçılara milli musiqilərimiz, Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilmişdir.

 

 

 

İsveç

 

 İyunun 25-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İsveç Krallığındakı Hərbi Attaşelik Aparatı tərəfindən ölkəmizin İsveçdəki səfirliyinin dəstəyi ilə Silahlı Qüvvələrimizin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş rəsmi ziyafət verilmişdir.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə İsveç Müdafiə Nazirliyinin və Baş Qərargahının yüksək səviyyəli nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, parlament üzvləri və yerli diaspor fəalları iştirak etmişlər. 

Tədbiri açan səfir Rafael İbrahimov Azərbaycan-İsveç ikitərəfli  əlaqələrinin uğurla inkişaf etdirildiyini və Hərbi Attaşelik Aparatının İsveçdə fəaliyyət göstərməsinin həmin münasibətlərin inkişafına öz töhfəsini verdiyini xüsusi qeyd etmişdir.

 

 

 

Romada

 

 

Ölkəmizin İtaliyadakı səfirliyi və Hərbi Attaşe Aparatı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Səfirlikdən bildirmişlər ki, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və hərbi attaşe polkovnik Ənvər İbrahimov tədbir iştirakçılarına 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusunun yaradılması və ordumuzun hazırkı vəziyyəti barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, müasir səviyyədə inkişaf edən Azərbaycan Silahlı Qüvvələri dövlətimizin müstəqilliyini və regionun təhlükəsizliyini qorumaq iqtidarındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların müsbət nəticə vermədiyi halda ordumuz hər an torpaqlarımızı azad etməyə qadirdir.

Tədbirdə İtaliyanın Xarici İşlər Nazirliyinin rəhbərliyi, bu ölkənin müdafiə nazirliyinin və silahlı qüvvələrinin baş qərargahının generalları və zabitləri, Romada akkreditə olunmuş hərbi attaşelər, diplomatik korpusun digər nümayəndələri iştirak etmişlər.

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 28 iyun.- S.6.