Azərbaycan ordusu istənilən təhdidə cavab verməyə, torpaqlarımızı azad etməyə qadir və hazırdır

 

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə keçirilən hərbi parad gözlənildiyindən də möhtəşəm oldu. Ölkə ictimaiyyəti nümayiş etdirilən hərbi texnika ilə Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu bir daha yaxından gördü. Düzdür, bundan əvvəl keçirilən iki hərbi paradda nümayiş etdirilmiş silah və texnika, o cümlədən ayrı-ayrı qoşun növlərinin timsalında ordu quruculuğunun ən son nailiyyətləri, xüsusən modernləşmə istiqamətində görülən işlər məlum idi. Son hərbi parad isə bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin güclü olması ilə bağlı indiyə qədər deyilənlərə əyanilik gətirdi. Baxmayaraq ki, paradda ölkəmizin hərbi potensialının az bir qismi nümayiş etdirildi.

Bu möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin nümayişi ilə yanaşı, həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir. Məlumdur ki, ulu öndərin rəhbərliyi ilə 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə fəxr etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması idi. Ulu öndər Heydər Əliyevin AXC-Müsavat iqtidarı dövründə yaradılmış və daha çox ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstləri buraxmaqla, onların fəaliyyətini qanundankənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı. Başlanğıcını 1993-cü il noyabrın 2-dən -  ulu öndərin xalqa müraciətindən götürən və tarixə ordu quruculuğunun Heydər Əliyev mərhələsi kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə almış, eləcə də yüksək peşəkarlıqla hərbi əməliyyatlar keçirmiş, çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etmişlər. Ümummilli lider Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır" sözlərini unutmayan, ulu öndərin bu xeyir-duasından ruhlanan hər bir Azərbaycan zabiti, əsgəri, giziri və çavuşu o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsl qəhrəmanlıq dastanı yaratdılar.

Atəşkəsdən sonrakı illərdə böyük strateq Heydər Əliyevin uzaqgörən, uğurlu siyasi xətti ordu quruculuğunun Silahlı Qüvvələrin bütün strukturlarını əhatə etməsi üçün geniş imkanlar açdı. Tezliklə Azərbaycan ordusunda quru qoşunlarının, hərbi hava və dəniz qüvvələrinin formalaşdırılması başa çatdırıldı. Qanunvericiliklə nəzərdə tutulan bütün növ təyinatlı hərbi hissələr yaradıldı.

Fəxrlə qeyd etmək lazımdır ki, ölkəmizdə iyunun 26-nın Silahlı Qüvvələr Günü kimi qeyd olunması və tarixiləşməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu və yerini hər zaman yüksək qiymətləndirmiş ümummilli lider 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı günü - iyunun 26-nı Silahlı Qüvvələr Günü elan etmişdir. Ulu öndər bununla tarixi həqiqətin və ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik tarixi bir addım atmışdır. O zaman Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 80 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdi.

Bu gün Azərbaycanda ordu quruculuğu yeni mərhələdə davam etdirilir. Bu dönəmdə qarşıya qoyulan əsas məqsəd Silahlı Qüvvələrdə modernləşmə islahatlarının həyata keçirilməsi, ordumuzun döyüş qabiliyyətinin müasir standartlar səviyyəsinə çatdırılmasıdır. Ulu öndər Heydər Əliyevin "Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir" fikrini rəhbər tutan Azərbaycan hakimiyyəti ildən-ilə hərbi məqsədli xərcləri artırmaqla Silahlı Qüvvələrimizi döyüşkən ruhda və yalnız qələbə əzmində olan güclü bir orduya çevirib. Hələ 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi və 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradlar bunu təsdiq etmişdi. Bu paradlarda bir daha aydın olmuşdu ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu sürətlə qüdrətlənir, arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Hətta  dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Hər iki paradda nümayiş etdirilən hərbi texnikanın arasında Azərbaycanda istehsal olunan və modernləşdirilən silahlar da üstünlük təşkil edirdi. Ölkəmizin hərbi potensialının az bir qismi nümayiş etdirilməsinə baxmayaraq, hər iki parad bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olması ilə deyilənlərə əyanilik gətirdi. Ordunun vəziyyəti, keyfiyyəti bir daha ictimaiyyətə təqdim edildi. Göstərildi ki, Silahlı Qüvvələrimiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və dünya standartlarına uyğun müasir ordu sistemi yaradılıb. Xatırladaq ki, sonuncu hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edirdi.

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad isə sonuncu paraddan ötən 2 il ərzində Azərbaycan ordusunun döyüş imkanlarının əhəmiyyətli dərəcədə yüksəldiyini ortaya qoydu. Xaricdən alınan müasir silah növlərinin nümayişi ilə yanaşı, bu parad həm də Azərbaycanın müdafiə sənayesinin son illərdə böyük inkişaf yolu keçdiyini göstərdi. Düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulmuş, üzərində müxtəlif silah sistemləri quraşdırılmış "Gürzə", "Bəbir" və "Əqrəb" xüsusi avtomobilləri, müxtəlif çaplı pulemyotlarla təchiz edilmiş "Land Rover" avtomobilləri, döyüş zamanı şəxsi heyətin daşınması və yüngül zirehli texnikaların, sığınacaqlardakı canlı qüvvələrin, eləcə də zirehli texnikaların məhv edilməsi üçün nəzərdə tutulmuş "Kobra" yüngül zirehli döyüş maşınları, şəxsi heyətin döyüş meydanında daşınmasını təmin edən transportyorlar, ZPT, "Storm-Sofa" markalı zirehli maşınlar və 107 millimetrlik reaktiv buraxıcı qurğular Azərbaycan Silahlı Qüvvələrinin arsenalının son illərdə daha da zənginləşməsindən və döyüş qabiliyyətini ən müasir standartlar səviyyəsində qurmasından xəbər verirdi.

Ölkəmizdə istehsal olunan "Şahin" və "Qaranquş" pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurdu. Bu aparatlar düşmənin taktiki dərinliklərində kəşfiyyat aparılması üçün istifadə edilən ən müasir və səmərəli texnikadır. Həmin aparatlar ən geniş ərazilərdə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verir. Azərbaycanın müdafiə sənayesinin istehsalı olan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan "Maral" və "Maral-1" zirehli döyüş maşınları düşmənin canlı qüvvə və hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulmuş və yüksək keçid manevrinə malikdir. "Gürzə" haubitsaları, ilk dəfə hərbi paradda nümayiş etdirilən "SANİ" minaatan sistemləri, eləcə də "Cardom" tipli özüyeriyən minaatanlar, o cümlədən 82 millimetrlik minaatanlar ölkəmizin müdafiə sənayesinin uğurlarıdır.

Ən böyük uğurlardan biri də ölkəmizdə olan hərbi texnikanın modernləşdirilməsidir. Belə ki, Azərbaycanda yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində "Kaman-2T" zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti 35 kilometrə çatdırılmışdır. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş "Qalxan" zenit-raket kompleksinin hədəfi məhvetmə zonasının uzaq məsafəsi 250 kilometrdir. Azərbaycanda modernləşdirilmiş yüksək döyüş qabiliyyətinə malik, hədəf üzrə ikikanallı "OSA-AK" mobil, avtonom, yaxın məsafəli zenit raket kompleksinin məhvetmə zonasının uzaq məsafəsi 12, hədəfləri vurmaq hündürlüyü 7 kilometrə qədər artırılmışdır.

Paradda nümayiş etdirilən "S-300-Favorit" zenit-raket kompleksi sonuncu və ən müasir radar sistemidir. Bu radar sistemi eyni anda 115 müxtəlif hədəfi müşahidə etməyə qadirdir. "S-300 PMU-2-Favorit" zenit-raket sisteminin məhvetmə zonasının məsafəsi isə hədəflərə qarşı 200 kilometrdir. Ən müasir reaktiv yaylım atəş sistemləri olan "Sakarya", "Qrad-1M", "Leysan", "Ekstra", "Smerçlər", "Toçka-U" raket kompleksləri ən uzaq dərinlikdə günün istənilən vaxtında düşmənin hərbi təyinatlı strateji obyektlərinə tələfat vermək üçün nəzərdə tutulmuşdur.

"BUK-1MB-569" zenit-raket kompleksi isə ilk dəfə olaraq Azadlıq meydanında təqdim edildi. Bu kompleks bütün növ döyüş fəaliyyətlərində, həmçinin mühüm hərbi və iqtisadi geniş hündürlük diapazonunda qorunması, uçan pilotlu, pilotsuz hava hücumu vasitələri, qanadlı və ballistik raketləri məhv etmək üçündür. "T-90S" tankları, "TOS-1A" ağır odatan sistemləri, "MSTA-S" özüyeriyən artilleriya haubitsaları da hərbi paradda ilk dəfə nümayiş edilirdi. "TOS-1A" qurğusu yaylım atəşlə 4 hektar ərazidə hər cür hədəfi məhv etmək imkanına malikdir.

Bütün bunlarla yanaşı, yüksək atış sürətinə malik top və tank əleyhinə idarəolunan raket sistemi ilə silahlanmış "BMP-2" piyada döyüş maşınları, Azərbaycanda modernləşdirilmiş, atəşi və döyüşü idarəetmə sistemləri xeyli təkmilləşdirilmiş "T-72M-1" tankları, piyadaların ən müasir və güclü döyüş maşını "BMP-3",  "Qvozdika" və "Akasiya" kimi özüyeriyən ağır artilleriya və "Pion" topları nəhəng, uzaqvuran, həmçinin strateji təyinatlı hərbi texnikalar və silahlar olaraq hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında geniş yer alır.

Modernləşdirilmiş "MiQ-29" qırıcı-bombardmançı, "SU-25" hücumçu, "L-39" təlim-məşq  təyyarələri, "Mi-17", "Mi-24", o cümlədən yeni istehsal olunan və hərbi paradda ilk dəfə iştirak edən, gecə və gündüz ən mürəkkəb hava şəraitində uçmağa qadir "Mi-35M" döyüş-hücum vertolyotları Azərbaycanın hərbi hava qüvvələrinin aviasiya parkının son illərdə daha da zəngişləndiyini göstərdi.

Paradda nümayiş etdirilən hərbi texnika göstərdi ki, Silahlı Qüvvələrimizin modernləşməsi və ən müasir döyüş sistemlərinə malik olan orduya çevrilməsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Paraddakı çıxışı zamanı Prezident İlham Əliyevin bununla bağlı dedikləri hər birimizin qəlbini fərəhləndirdi: "Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Hesab edirəm ki, Azərbaycan qısa müddət ərzində güclü dövlətlərin sırasına daxil edilibdir. Biz indi böyük layihələri icra edirik, həm ölkəyə, həm də başqa ölkələrə böyük investisiyalar qoyuruq. Bir daha demək istəyirəm ki, biz beynəlxalq müstəvidə çox böyük nüfuza malikik. Əlbəttə ki, Azərbaycan ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizata görə. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm".

Son hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəmi iştirak etdi. İki il əvvəl keçirilmiş paradla müqayisədə bu dəfə tribuna önündən daha çox hərbi texnika keçdi. Bu artım isə Azərbaycan ordusunda arsenala yeni daxil edilən silah və texnikanın hesabına idi. Özü də artım tək kəmiyyətə görə deyil, həm də keyfiyyətə görə idi.

Bu möhtəşəm paradda hər kəs bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücümzün nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Ən əsası bir daha bəyan olundu ki, müasir hərdi texnika ilə təchiz edilmiş, gündən-günə modernləşən, yüksək nizam-intizama malik Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təhdidinə cavab verməyə və torpaqlarını işğaldan azad etməyə qadir və hazırdır.

 

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 29 iyun.- S.5.