Azərbaycanın və Vyetnamın hakim partiyaları arasında əlaqələrin gücləndirilməsi xalqlarımız arasında münasibətlərin genişlənməsinə töhfə verəcəkdir

 

İyunun 28-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini, bu ölkənin Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin üzvü Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Ə.Əhmədov vyetnamlı qonaqları YAP-ın qərargahında salamlamaqdan məmnunluğunu bildirmişdir. Azərbaycan ilə Vyetnam arasında sıx münasibətlərin mövcud olduğunu deyən Ə.Əhmədov bu əlaqələrin bundan sonra daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Ölkələrimiz arasında təhsil sahəsində inkişaf edən əlaqələrdən danışan Ə.Əhmədov bu istiqamətdə səmərəli əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırmışdır.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən U.Ç.Lu Bakı Dövlət Universitetində təhsil aldığı illəri xatırlamış, o vaxtdan ötən müddətdə Azərbaycan paytaxtının xeyli gözəlləşdiyini demişdir.

Qonaq diqqətə çatdırmışdır ki, təmsil etdiyi VKP ölkələrimizin hakim partiyaları və xalqlarımız arasında əlaqələrin bundan sonra da inkişafında maraqlıdır. Azərbaycanın və Vyetnamın hakim partiyaları arasında təcrübə və fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayan qonaq qeyd etmişdir ki, partiyalarımızın əməkdaşlığının gücləndirilməsi xalqlarımız arasında münasibətlərin genişlənməsinə töhfəsini verəcəkdir.

Ölkələrimizin enerji sahəsindəki əməkdaşlığının əhəmiyyətinə toxunan vyetnamlı qonaq YAP nümayəndə heyətini Vyetnama səfərə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.

 

Azərbaycan.-2013.- 29 iyun.- S.7.