Vilnüsdə Azərbaycan və Litva arasında hökumətlərarası komissiyanın iclası keçirilmişdir

 

Vilnüsdə Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir. İclasda komissiyanın həmsədrləri - Litvanın xarici işlər naziri Linas Linkeviçius və Azərbaycanın vergilər naziri Fazil Məmmədov çıxış etmişlər.

Nazirlər Litva ilə Azərbaycan arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsində komissiyanın fəaliyyətini yüksək qiymətləndirmiş, müasir dövrdə iki ölkənin iqtisadi tərəqqisi, dövlətlərin ikitərəfli iqtisadi münasibətlərinin vəziyyəti və perspektivlərini müzakirə etmiş, qarşılıqlı ticarət imkanlarının inkişafı və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyini vurğulamışlar. Qeyd edilmişdir ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənir.

Bildirilmişdir ki, ölkələrarası münasibətlər çoxtərəfli əməkdaşlıq çərçivəsində, xüsusilə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində inkişaf edir. Cari ilin ikinci yarımillyində Litva Respublikasının Avropa İttifaqı Şurasında sədrlik edəcəyini nəzərə alaraq tərəflər bu sahədə əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi üçün daha bir imkan qazanmış olacaqlar.

Sonra iclasda hər iki ölkədəki iqtisadi vəziyyət və investisiya mühiti, informasiya texnologiyalarının inkişafı və s. məsələlərlə bağlı təqdimatlar keçirilmişdir.

Komissiya iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, iqtisadi vəziyyət və ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişaf perspektivləri, sənaye və energetika, kənd təsərrüfatı, gənclər və idman, mədəniyyət və turizm, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmişdir. Komssiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi barədə razılığa gəlinmişdir.

Müzakirələr yekunlaşdıqdan sonra Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın 3-cü iclasının protokolu imzalanmışdır.

 

Azərbaycan.-2013.- 29 iyun.- S.9.