Xalqın və nəslin iftixarı

 

Vaxtilə Anarın, ictimaiyyətin böyük marağına səbəb olan "Sizsiz" əsərini oxuyanda incə bir məsələyə görə ürəyimin dərinliyində ona etiraz səsimi ucaltmışdım. Xalq şairi Nigar Rəfibəylinin yubileyinə məqalə yazmaq arzum gerçəkləşəndə bu əvəzsiz, örnək əsəri yenidən oxudum və etirazımın səbəbini dərindən dərk etdim.

 

Ulu öndər Heydər Əliyevin Gəncədə Xan bağında xalq şairi Nigar Rəfibəylinin abidəsinin açılışından sonra seçicilər qarşısında çıxışındakı bir məqam da mənə dayaq oldu. Öndərimiz dedi ki, bu ailə Azərbaycana iki xalq şairi, bir xalq yazıçısı bəxş etmişdir. Deməli, Rəsul Rza da, Nigar Rəfibəyli də, elə Anar özü də xalqa məxsusdur, xalqın mənəvi dəyəridir. Qəlbimdən qopan etiraz səsi də elə bununla bağlı idi. Nigar xanım dünyasını dəyişəndə Mərkəzi Komitə onun ikinci Fəxri xiyabanda dəfn olunması barədə qərar qəbul etmişdi. Anar Vəfa Quluzadə vasitəsilə MK-nın birinci katibi Kamran Bağırova çatdırmışdır ki, anam ya atamın yanında, ya da ümumi qəbiristanlıqda - anası Cəvahir xanımın yanında dəfn olunacaq. Nə Mərkəzi Komitə, nə də Anar öz qərarından döndü. Anarı hardasa başa düşmək olardı. Rəsul Rza cəmi üç ay 10 gün əvvəl dünyasını dəyişmişdi. Qəlbində yaralar hələ qövr eyləyirdi. Bir də ki, sağlığında ehtiram qazanmış insan dünyasını dəyişəndə harada basdırılmağından asılı olmayaraq orada fəxri bir guşə yaranır. Beləliklə, sağlığında rejimin ucbatından bir çox məhrumiyyətlərə məruz qalan Nigar xanım ümumxalq ziyarətindən də məhrum oldu. Bu da Nigar xanımın keşməkeşli taleyindən gələn qismət idi. Bu gün çoxlarının bəxtəvər deyərək həsəd apardığı xalq şairi Nigar Rəfibəyli ömrünün yarıdan çoxusunu qorxu-hürkü içərisində keçirib. Anar  bir az da dərinə gedərək yazır ki, anamın bəlkə də yeganə qayğısız, qorxusuz yaşadığı illər yeddi yaşına qədər yaşadığı illərdir. Onun hələ yeddi yaşı olmamış bolşeviklər heç bir günahı olmayan atası Xudadat bəyi suçlayaraq Nargin adasında güllələmişdilər. Ailə pərən-pərən düşmüşdü. Xaricə mühacir edən kim, sürgün edilən kim. Nigar Rəfibəyli xalq düşməninin qızı damğası ilə damğalanmışdı. Müsadirə zamanı evlərindən "Günəş Şərqdən doğub, Şərqdən doğacaq" adlı  şeir tapılıb. Nigar xanıma məxsus olmayan şeiri onun adına çıxıblar. Şairin istedadı parlayan bir dövrdə ona qarşı kəskin hücumlar başladı. Azərbaycanın partiya rəhbərlərindən biri Əliheydər Qarayev Nigar xanıma qarşı təhqir və istehza dolu məqalə yazmışdı. Məqalədə göstərmişdi ki, o, guya bu şeirdə şimaldakılara, sovet hökumətinə "düşmən" münasibətini ifadə edib. Sanki bəzi şairlər məqam gözləyirdilər. Nigar xanıma qarşı kampaniyaya başladılar. İmza toplandı, şeirlər, məqalələr yazıldı. Nigar xanımı işdən çıxardılar. Lakin Anarın yazdığı kimi, həmin sənədə Cəfər Cabbarlı və Səməd Vurğun qol çəkməmişdilər. Az sonra Mikayıl Rzaquluzadə Yazıçılar Cəmiyyətinə Moskvadan məktub göndərərək şeirin ona məxsus olduğunu təsdiqlədi. Bununla belə, bu hadisə Nigar xanımın gələcək yaradıcılıq taleyinə əngəl törətdi.  Bu, onun istedadının qabağına hasar çəkmək kimi bir şey idi.

 

Deyirlər, Nigar xanım az yazıb, lakin yaxşı yazıb, yazdıqları yüksək poeziya nümunəsidir. Bunu biz xalq yazıçısı, akademik Mirzə İbrahimovun məqaləsində də, Nazim İbrahimovun tərtib etdiyi "Rəsul Rza.

 

Nigar Rəfibəyli - Foto-Kitabına yazıdığı "Ön söz"də də görürük. Anar isə "Əslim, nəslim, əsrim" romanında bu məsələyə başqa rakursdan yanaşaraq yazır: "Onun (Nigar xanımın) hər yazılmamış əsərinin, yaranmamış şeirinin günahı bizdədir. Bizim hamımızda və bəlkə də ən çox məndə. Biz onun vaxtını qarət edirdik, yaradıcılığa aid olan hisslərini talan edirdik. Həmişə yanındaydıq, həmişə onu fikirlərindən ayırırdıq, daxili dünyası ilə baş-başa qalmağa imkan vermirdik". Burada bir həqiqət var. Üç övladı böyütmək, Rəsul Rza kimi şairə qulluq etmək asan iş deyildi".

 

Lakin Nigar xanımın nisbətən az yazmasının əsl səbəbi başqa idi. Professor Rafael Hüseynov yazır ki, Nigar xanımı az yazmaq zorunda qoyan nə məişət qayğıları idi, nə də mətbəx divarları. İlk növbədə, siyasi hürkülər idi ürəyindəkilərin ondabirini üzə çıxarmağa qoymayan. Yazmamaqla ərini və oğlunu qoruyurdu.

 

Arxiv materialları göstərir ki, hətta 40-cı illərin ikinci yarısında Nigar xanım və anası Cəvahir xanımın sürgün edilməsi gerçəkləşibmiş. Xoren Qriqoryanın imzası ilə "hakimiyyətə düşmən münasibət bəslədiklərinə görə" onların sürgün edilməsi barədə sənəd M.C.Bağırovun dərkənarı üçün masasının üstünə qoyulmuşdu. Sənəddə M.C.Bağırovun dərkənarı var: "Ostavit", yəni "toxunmayın, qalsınlar".

 

Bununla belə, Xoren Qriqoryanlar Nigar xanımı bir an belə gözdən qoymurdular.

 

İlyas Əfəndiyevin xatirələrindən:

 

"Kinostudiyada ssenari şöbəsinin rəisi işləyirdim. Unudulmaz dostum rəhmətlik Mehdi Hüseyn də studiyanın direktoru idi. Bir gün onun kabinetində söhbət elədiyimiz vaxt təhlükəsizlik idarəsinin bir polkovniki bir kapitanın müşayətilə içəri girib salam verdi. "Bəlkə direktorla məxfi işləri var" - deyə fikirləşib otaqdan çıxdım. Onlar gedəndən sonra Mehdinin kabinetinə getdim ki, görüm polkovnik nə üçün təşrif gətirmişdi. Mehdi mənalı təbəssümlə mənə baxaraq dedi: - Balam, bu polkovnik səni haradan tanıyır? Deyirdi İlyasın kefi necədir? Daha Mehdiyə heç bir sual vermədim, ancaq ürəyimdə gizli bir narahatlıq qaldı. Bir gün bacanağım, hərbi həkim, polkovnik Əli Axundovu həmin polkovniklə dayanıb söhbət eləyən gördüm. Sonra studiya əhvalatını bacanağıma danışaraq dedim ki, o polkovnikdən soruşsun görək məni haradan tanıyır. Bacanağım bunu soruşur. Polkovnik gülüb deyib ki, "gəlsin İmran Qasımovun qızının ad günündə Nigar xanım haqqında dediyi tostun mətnini İlyasa göstərim". Daha buna nə söz demək olardı. İmran Qasımovun qızı Səidənin ad gününü keçirirdik. Mən həmin məclisdə Nigar xanım haqqında sağlıq demişdim. Mən ki, hökumət əleyhinə, partiya əleyhinə bir kəlmə də deməmişdim. Demək, həyatı zahirən sakit keçən Nigar xanım "Dəniz qırağının" (təhlükəsizlik orqanları nəzərdə tutulur) ciddi nəzarətindəymiş. Və yəqin ki, şairə də ürəyinin dərinliklərində bunu bilirdi".

 

Nigar xanım məşəqqətli ağır günlərini gənclik dostu, görkəmli dilçi alim Nəzakət Ağazadəyə (AMEA-nın müxbir üzvü Əliheydər Orucovun həyat yoldaşı) həsr etdiyi şeirdə real boyalarla, inandırıcı şəkildə verə bilmişdir:

 

...Nə ata çörəyi yedik,

 

nə gördük qardaş sovqatı.

 

Qamçıladı bizi acı-acı

 

sərt üzlü yetimlik həyatı.

 

...Ömrün çətin yollarında

 

Bizə yar oldu Əli, Rəsul

 

Onlar açıqürəkli,

 

qaynar məhəbbətli

 

gənclər idi.

 

O zamanlar bizimlə

 

ünsiyyət bağlamaq

 

Sadə sevgi deyil,

 

böyük hünər idi.

 

Xalq düşməninin qızı damğası ilə damğalanan Nigar xanım qorxudan suyu üfürə-üfürə içən adamlar kimi şeirlərində sözləri çox diqqətlə seçirdi. İlhamının qabağına sipər çəkməli olurdu. Heç şübhəsiz, buna görədir ki, 1934-cü ildə çıxan ilk "Şeirlər" adlı kitabından başlamış 1957-ci ilə qədər çıxan 10 kitabının ən iri həcmlisi 64 səhifədən ibarətdir. Lakin ab-hava dəyişəndən, sovet rejimi laxlamağa başlayandan sonra Nigar xanımın kitabları böyük həcmdə, həm də tez-tez işıq üzü görmyə başladı.

 

Nigar Rəfibəylinin yaradıcılığı sovet ədəbiyyatının təşəkkül tapdığı illərdən başlamış və demək olar ki, 50 ildən artıq davam etmişdir. Onun poeziyasının ana xəttini elə-obaya, Vətənə, xalqa, insana, təbiətə məhəbbət təşkil edir:

 

Göy çəməni, axar suyu,

 

İlk baharı sevməsəydim,

 

Xoşbəxt ola bilərdinmi

 

İnsanları sevməsəydim?!

 

Şairin arzusu insanları, xüsusən də o vaxtlar ağır vəziyyətdə olan qadınları azad və xoşbəxt görmək idi. Ana mövzusu Nigar xanımın yaradıcılığından qırmızı xətt kimi keçir. Onun analarla bağlı şeirləri xüsusi tədqiqat mövzusudur. Şairin hər şeiri bir kəşfdir. "Toy" adlı şeirə fikir verin:

 

Deyirlər ki, qısqanırsan,

 

anasan, əlbət

 

Oğlun bu gün toy eyləyib

 

səndən ayrılır.

 

Tapıntıya heyran olmamaq olmur.

 

Qoy cəbhələr ayırmasın

 

bizi övladdan

 

Qoy aparsın oğulları

 

gözəl gəlinlər.

 

"Mətbəx şeirləri" silsiləsi də belədir. Bu şeirlər ədəbi ictimaiyyət arasında böyük marağa səbəb olmuşdu. Bu, ədəbiyyatımıza gətirilən yeni mövzu çaları idi:

 

Bütün günü yu, sil,

 

bişir-düşür

 

Birinin qismətinə

 

yüksək masa arxasında oturmaq,

 

Birinin qismətinə

 

qab-qacaq yumaq düşür.

 

Nə zərər,

 

Bəzən yüksək məclislərdən

 

daha parlaq,

 

daha təmiz olur.

 

Adi mətbəxlər...

 

Azərbaycan elminin korifeylərindən biri Nəsirəddin Tusi elm və qələm sahiblərindən danışarkən xüsusi vurğulayırdı ki, elm və qələm sahiblərini yazdıqlarının çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır. Bu hikmətli kəlam sanki Nigar xanımın həyatına və yaradıcılığına işıq tutur. Nigar xanımın sadəliyi, arzularının səmimiyyəti və təvazökarlığı da öz yerində:

 

Heykəl də qoymayın şairə vaxtsız,

 

Zaman sınağından qoy qalib çıxsın.

 

Nə oxucu ona söyləsin vaxtsız,

 

Nə dövran uçurub heykəli yıxsın.

 

Nigar xanımın poeziyası nəğmə qədər qəlbəyatandır. Çünki onun lirikası kövrək, ülvi duyğuları tərənnüm edir:

 

Ala gözlüm, səndən ayrı gecələr,

 

Bir il qədər uzun olur, neyləyim?!

 

Saf məhəbbət, qadın səadəti, övlad, Vətən sevgisi və s. Nigar Rəfibəyli poeziyasının qayəsinə çevrilmişdi. Nigar Rəfibəyli Azərbaycanda Mirvarid Dilbazidən sonra xalq şairi adına layiq görülən ikinci qadın şairlərimizdir.

 

Bakıda yaşadığı küçə, Gəncədə oxuduğu məktəb, onun adını daşıyır. Gəncənin ən səfalı yerində - Xan bağında abidəsi ucaldılıb.

 

Göründüyü kimi, Nigar xanımın əzablı, keşməkeşli tale yolunun sonu işıqlı oldu. Təsadüfi deyildir ki, o, son kitablarından birini "İşıqlı dünyam" adlandırıb.

 

Bu gün poeziyamızı Nigar xanımsız təsəvvür etmək çətindir. Onun poeziyası həmişəyaşar və təkrarsızdır. Odur ki, Nigar Rəfibəylinin yaradıcılığı həmişə qələm sahiblərinin və ədəbiyyatşünasların diqqət mərkəzində olub. Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Əli Kərim, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, Mikayıl Rzaquluzadə, Əzizə Cəfərzadə, Gülrux Əlibəyli, Rafael Hüseynov, Əliağa Kürçaylı, Abbas Zamanov, Balaş Azəroğlu, Hüseyn Abbaszadə, Nəbi Xəzri və başqaları onun yaradıcılığına sanballı məqalələr həsr etmişlər.

 

Nigar xanıma həsr olunan saysız-hesabsız şeirlər, onun təsiri altında yazılan poeziya nümunələri şairin böyük nüfuzundan xəbər verir. Baxmayaraq ki, zamanında repressiyaya məruz qalmış nəslin nümayəndəsi olan Nigar xanıma daş atanlar az deyildi. Lakin o, təzyiqlərə mətanətlə sinə gərirdi. Nə yaxşı ki, onun tale yolunda Rəsul Rza dayanmışdı. Həyatdan, quruluşdan küskün, ürəyi niskilli Nigar xanıma o vaxt arxa olmaq həqiqətən də qəhrəmanlığa bərabər idi. Rəsul müəllim sovet rejiminin qəddarlığı tüğyan elədiyi 1937-ci ilin fevralında hətta Nigar xanımla ailə həyatı qurmaqdan belə çəkinmədi. Şairin bu addımı ona başucalığı gətirmiş, ictimaiyyət arasında onun qorxmazlığı, cəsarəti, mərdliyi barədə fikir formalaşmışdı. Bu, Nigar xanımın böyük ehtiramına, tükənməz məhəbbətinə səbəb olmuş, duyğuları, hissləri ölməz poeziya misralarına çevrilmişdi:

 

Sən olmasan baharın,

 

yazın ətri olmazdı.

 

Sən olmasan bir dünya

 

sevinc belə çox azdı.

 

Baharın çiçəkləri

 

açıb solmasın sənsiz.

 

Ömrüm sənsiz olmasın,

 

şeirim olmasın sənsiz.

 

Nigar xanım bu sətirləri yazanda sanki şair fəhmi duymuşdu ki, elə belə də olacaq. Ayrılığa dözməyən şairə Rəsul müəllimdən cəmi üç ay sonra 1981-ci il iyulun 9-da dünyasını dəyişdi.

Nigar xanımın qapısına daş atanlar Bəxtiyar Vahabzadə demiş, nə murada yetdi, nə kama çatdı. Onlardan toz izi qədər də bir şey qalmadı. Şairimiz gözəl poeziyası, ziyalılığı, mədəniyyəti və şəxsiyyətinin aliliyi ilə xalqın sevimlisinə çevrildi.

 

 Qəzənfər PAŞAYEV,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 29 iyun.- S.11.