Xalqımızda qürur
doğuran möhtəşəm parad
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Nizami Korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətə öz ordusunu yaratmağa hüquqi əsas verdi. Elə həmin il Azərbaycan müvəqqəti hökuməti nazirliklərin aparatını təşkil etdi və vaxt itirmədən ordu quruculuğuna başladı.
Yeni yaranan müsəlman korpusu "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı. İyulun 11-də hökumətin fərmanı ilə hərbi səfərbərlik elan edildi, hərbi nazirlik yaradıldı. Gəncədə təşkil edilən hərbi məktəb sonradan Bakıya köçürüldü. 1918-ci il dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlınski nazir müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər. Dövlət büdcəsinin 24 faizi milli ordunun formalaşdırılmasına ayrıldı. Ölkənin dəniz sərhədlərinin qorunması üçün hərbi donanmanın olması da vacib idi. Bu məqsədlə 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı.
Silahlı Qüvvələr gününün tarixləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il mayın 22-də ulu öndər imzaladığı fərmanla, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı günü - 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etdi. Bununla da, milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atıldı. 1994-cü il mayın 12-də atəşkəsin elan olunmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Dövlətçiliyi və hərbi andı hər şeydən yüksək tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ölkədə hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Silahlı qüvvələrin mükəmməl qanuvericilik bazası yaradıldı. Döyüş hazırlığının səviyyəsi hərbi texnikadan başqa, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verəcək hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib bir mərhələ oldu. Azərbaycan hərbçiləri qısa zaman kəsimində ən müasir və mürəkkəb hərb maşınlarını peşəkarcasina idarə etməyi öyrəndilər. Hərbi təyyarəçilərimiz ən çətin idarə olunan qırıcı təyyarə və helikopterləri səmada şahin kimi süzdürürlər. Bu gün respublikamız dünyanın 50-dən çox ölkəsi ilə hərbi sahədə əməkdaşlıq edir. Müasir nizami ordumuzun peşəkarlığı və döyüş qabiliyyəti dünya standartları səviyyəsindədir.
Son illər xalqımız 26 iyun tarixini böyük sevinc və qürur hissi ilə qarşılayır. İyunun 26-da lap erkəndən qadın, kişi, yaşlı-cavan vətəndaşlarımız bu möhtəşəmliyi görmək və bu qüruru yaşamaq üçün "Azadlıq" meydanına tələsirdilər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev milli ordumuzun yaradılmasının 95-ci ildönümü münasibətilə xalqı təbrik etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxış edərək Azərbaycan ordusunun bölgədə, hətta dünyada ən güclü ordulardan biri olduğunu bildirdi.
Hərbi parad başladı. 5 mindən çox şəxsi heyət, 100-dən çox təyyarə və vertolyot, hərbi silahlar, 40-a yaxın gəmi və kater nümayiş etdirildi.
İnsanların üzündə bir qürur hissi vardı, səmada süzən şahinlərimizi
heyranlıqla seyr edirdi. Əgər 90-cı illərdə Azərbaycanda müasir hərbi texnikanın incəliklərindən başı
çıxan hərbçilər
yox dərcəsində
idisə, indi yetərincə bilikli və təcrübəli mütəxəssislərimiz, milli
kadrlarımız var.
Bu qüruru yaşayanlar arasında Azərbaycanın
Milli Qəhrəmanı,
şəhid Hidayət
Rüstəmovun anası
Şəfiqə Rüstəmova da vardı. Qürurundan göz
yaşlarını saxlaya
bilməyən ana təəssüfləndi ki,
Hidayət bu günləri görə bilmədi: "Oğlumun ən böyük arzusu hərbçi olmaq idi, lap uşaqlıqdan çox meyilliydi hərbə. Xain düşmən oğlumu
Meşəlidə yaxaladı.
Ağır döyüşlərdən sonra Hidayət tək qalmışdı.
1992-ci il dekabrın 22-də ermənilər
oğlumu diri-diri yandırdılar. Vətən üçün
böyütdüyüm oğlumun
məşəli ölənədək
ürəyimdə yanacaq.
Hidayət adlı nəvəmin
əsgərlik yaşı
çatır artıq.
Azərbaycan ordusunun bu günkü əzəməti,
qüdrəti məni
oğlumun qanının
yerdə qalmayacağına
əmin edir. Bu qırıcı təyyarələrdə
nəvəm Qarabağa
dönəcək, oğlumun
və bütün xalqın qisasını alacaq, bayrağımızı
Şuşaya sancacaq! Onda bütün şəhidlərin
və mənim oğlumun da ruhu təsəlli tapacaq, qələbəmizə
sevinəcəklər".
Mahir
Rzayev birinci qrup Qarabağ müharibəsi əlilidir,
1993-cü ildə bir ayağını itirsə də, inadkar
bir ruhla işğal olunmuş torpaqlarımızın azad
olunacağına inanır: "Özümüzü qorumaq
üçün əlimizdə nə vardısa
yığışdırıb aldılar. Dara
düşəndə əlimizə aldığımız
yabanı, beli, daşı da
imkanları olsaydı, yığışdırardılar,
müsadirə edərdilər. İndi isə
bu müasir texnikaya, yeni silahlara baxdıqca əli yalın, müdafiəsiz
qalan günlərimizi yadıma salıram.
Çox sevinirəm, bu
möhtəşəm silahlar, dövlətimizin
hərbi gücü
ruhumda cəngi kimi səslənir,
məni əlil olsam da
belə, savaşa çağırır.
Hərbi sənayemiz, müasir
texnikamız, cəsarətli gənclərimiz və güclü zabit heyəti
düşməni bircə anda diz çökdürmək gücünə malikdir. Mən də bu ordu ilə birlikdə Qarabağa
yola düşərdim".
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir. Azərbaycanda yüksək döyüş qabiliyyətli, mükəmməl təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Dövlət başçısı ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi, müasir ordu quruculuğunun yüksək səviyyədə aparılması kimi mühüm məsələləri diqqət mərkəzində saxlayır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı ayıra biləcək razılaşmaya getməyəcək, onun qaytarılması üçün əlindən gələni əsirgəməyəcəkdir: "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barədə dəfələrlə rəsmi bəyanatlar da verilmişdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, başlıca şərtdir".
Rəsmiyyə
RZALI,
Azərbaycan.-2013.- 30 iyun.- S.4.