Xalqımızda qürur doğuran möhtəşəm parad

 

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti  hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Nizami Korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətə öz ordusunu yaratmağa hüquqi əsas verdi. Elə həmin il Azərbaycan müvəqqəti hökuməti nazirliklərin aparatını təşkil etdi və vaxt itirmədən ordu quruculuğuna başladı.

Yeni yaranan müsəlman korpusu "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı. İyulun 11-də hökumətin fərmanı ilə hərbi səfərbərlik elan edildi, hərbi nazirlik yaradıldı. Gəncədə təşkil edilən hərbi məktəb sonradan Bakıya köçürüldü. 1918-ci il dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlınski nazir müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər. Dövlət büdcəsinin 24 faizi milli ordunun formalaşdırılmasına ayrıldı. Ölkənin dəniz sərhədlərinin qorunması üçün hərbi donanmanın olması da vacib idi. Bu məqsədlə 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı.    

Silahlı Qüvvələr gününün tarixləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il mayın 22-də ulu öndər imzaladığı fərmanla, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı günü - 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etdi. Bununla da, milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atıldı. 1994-cü il mayın 12-də atəşkəsin elan olunmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Dövlətçiliyi və hərbi andı hər şeydən yüksək tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ölkədə hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Silahlı qüvvələrin mükəmməl qanuvericilik bazası yaradıldı. Döyüş hazırlığının səviyyəsi hərbi texnikadan başqa, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verəcək hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib bir mərhələ oldu. Azərbaycan hərbçiləri qısa zaman kəsimində ən müasir və mürəkkəb hərb maşınlarını peşəkarcasina idarə etməyi öyrəndilər. Hərbi təyyarəçilərimiz ən çətin idarə olunan qırıcı təyyarə və helikopterləri səmada şahin kimi süzdürürlər. Bu gün respublikamız dünyanın 50-dən çox ölkəsi ilə hərbi sahədə əməkdaşlıq edir. Müasir nizami ordumuzun peşəkarlığı və döyüş qabiliyyəti dünya standartları səviyyəsindədir.

Son illər xalqımız 26 iyun tarixini böyük sevinc və qürur hissi ilə qarşılayır. İyunun 26-da lap erkəndən qadın, kişi, yaşlı-cavan vətəndaşlarımız bu möhtəşəmliyi görmək və bu qüruru yaşamaq üçün  "Azadlıq" meydanına tələsirdilər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev milli ordumuzun yaradılmasının 95-ci ildönümü münasibətilə xalqı təbrik etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxış edərək Azərbaycan ordusunun bölgədə, hətta dünyada ən güclü ordulardan biri olduğunu bildirdi.

 Hərbi parad başladı. 5 mindən çox şəxsi heyət, 100-dən çox təyyarə və vertolyot, hərbi silahlar, 40-a yaxın gəmi və kater nümayiş etdirildi.

İnsanların üzündə bir qürur hissi vardı, səmada süzən şahinlərimizi heyranlıqla seyr edirdi. Əgər 90-cı illərdə Azərbaycanda müasir hərbi texnikanın incəliklərindən başı çıxan hərbçilər yox dərcəsində idisə, indi yetərincə bilikli və təcrübəli mütəxəssislərimiz, milli kadrlarımız var.

Bu qüruru yaşayanlar arasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Hidayət Rüstəmovun anası

Şəfiqə Rüstəmova da vardı. Qürurundan göz yaşlarını saxlaya bilməyən ana təəssüfləndi ki, Hidayət bu günləri görə bilmədi: "Oğlumun ən böyük arzusu hərbçi olmaq idi, lap uşaqlıqdan çox meyilliydi hərbə. Xain düşmən oğlumu Meşəlidə yaxaladı. Ağır döyüşlərdən sonra Hidayət tək qalmışdı. 1992-ci il dekabrın 22-də ermənilər oğlumu diri-diri yandırdılar. Vətən üçün böyütdüyüm oğlumun məşəli ölənədək ürəyimdə yanacaq. Hidayət adlı nəvəmin əsgərlik yaşı çatır artıq. Azərbaycan ordusunun bu günkü əzəməti, qüdrəti məni oğlumun qanının yerdə qalmayacağına əmin edir. Bu qırıcı təyyarələrdə nəvəm Qarabağa dönəcək, oğlumun və bütün xalqın qisasını alacaq, bayrağımızı Şuşaya sancacaq! Onda bütün şəhidlərin və mənim oğlumun da ruhu təsəlli tapacaq, qələbəmizə sevinəcəklər".

Mahir Rzayev birinci qrup Qarabağ müharibəsi əlilidir, 1993-cü ildə bir ayağını itirsə də, inadkar bir ruhla işğal olunmuş torpaqlarımızın azad olunacağına inanır: "Özümüzü qorumaq üçün əlimizdə nə vardısa yığışdırıb aldılar. Dara düşəndə əlimizə aldığımız yabanı, beli, daşı da imkanları olsaydı, yığışdırardılar, müsadirə edərdilər. İndi isə bu müasir texnikaya, yeni silahlara baxdıqca əli yalın, müdafiəsiz qalan günlərimizi yadıma salıram. Çox sevinirəm, bu möhtəşəm silahlar, dövlətimizin hərbi gücü ruhumda cəngi kimi səslənir, məni əlil olsam da belə, savaşa çağırır. Hərbi sənayemiz, müasir texnikamız, cəsarətli gənclərimiz və güclü zabit heyəti düşməni bircə anda diz çökdürmək gücünə malikdir. Mən də bu ordu ilə birlikdə Qarabağa yola düşərdim".   

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir. Azərbaycanda yüksək döyüş qabiliyyətli, mükəmməl təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Dövlət başçısı ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi, müasir ordu quruculuğunun yüksək səviyyədə aparılması kimi mühüm məsələləri diqqət mərkəzində saxlayır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı ayıra biləcək razılaşmaya getməyəcək, onun qaytarılması üçün əlindən gələni əsirgəməyəcəkdir: "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barədə dəfələrlə rəsmi bəyanatlar da verilmişdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, başlıca şərtdir".          

 

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 30 iyun.- S.4.