Azərbaycan dünya bazarının önəmli neft və regionun mühüm təbii qaz təchizatçısına çevrilib

 

Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında Azərbaycanın yeni neft strategiyası durur desək, yanılmarıq. Çünki bu strategiyanın uğurlarının nəticəsi ölkəmizin regionun lider dövləti, eləcə də qlobal iqtisadi layihələrin icrasının aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaratmışdır. Bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə məhz "Əsrin müqaviləsi" təşkil edir. Olduqca güclü olan bu təməl əsasında Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf etdi və xalqımızın maddi-rifah halı ildən-ilə yüksəldi.

Azərbaycanın uğurlu enerji siyasəti artıq ölkə hüdudlarından kənara çıxıb və bu gün neftimiz xalqın milli maraqlarına xidmət edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni neft strategiyası çox düşünülmüş siyasətlə qeyri-neft sektorunun inkişafına yönəldilib, neft kapitalı insan kapitalına çevrilib. Aparılan uğurlu siyasət Azərbaycanı bu gün dünyanın ən etibarlı tərəfdaş ölkəsinə çevirib. Ölkəmizdə "Əsrin müqaviləsi" çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün son dərəcə etibarlı və geniş imkanlara malik ixrac kəmərləri sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb olur, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan yaradır.

Hazırda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatları arasında rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Azərbaycanın bütün maliyyə göstəriciləri bir  çox ölkə üçün nümunə sayılır. İşsizlik 5,2, yoxsulluq 6 faizə enib, strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini, xarici dövlət borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir. Bir milyondan çox yeni iş yeri açılıb. Bu nailiyyətlərin təməlində isə yenə də neft amili və neftdən uğurla istifadə edən dövlət siyasəti dayanır. Azərbaycan çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürüdərək özünü etibarlı tərəfdaş, həmçinin Xəzər-Qafqaz regionunda əməkdaşlıq üçün güclü, sabit və geniş anlayışda həlledici bir ölkə kimi tanıdıb. 1992-ci ilin 2 mart tarixində BMT-yə üzv olduqdan bəri Azərbaycan firavan və ədalətli dünyanın qurulmasını istəyən BMT-nin Əsasnaməsinin və beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqliyini davamlı şəkildə nümayiş etdirir.

Azərbaycan hər zaman müxtəlif din, etnik qrup və fəlsəfələrin birgə yaşayış və tolerantlıq məkanı olub. Mədəniyyətlər arasında körpü və Sivilizasiyalar Alyansının Dostluq qrupunun fəal üzvü kimi Azərbaycan qarşılıqlı hörmət və anlayışa əsaslanan dinləri və mədəniyyətlərarası dialoqu təşviq etmək məsuliyyətini hiss edir. Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır, məsləhətləşir və hər hansı əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər. Cənubi Qafqazı əhatə edən hansısa layihənin Azərbaycanın maraqlarının nəzərə alınmadan həyata keçirilməsi qeyri-mümkündür. Bütün bunlar Azərbaycanın dünyada artan nüfuzunun və imicinin, eyni zamanda, iqtisadi imkan və potensial baxımdan bölgənin aparıcı dövləti olmasının göstəricisidir. Məhz bu uğurların nəticəsi kimi Bakıda hər il keçirilən beynəlxalq neft-qaz sərgisi və konfransının 20 illiyi münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Prezident İlham Əliyevə göndərdikləri məktubları göstərmək olar. Həmin məktublarda Azərbaycanın etibarlı tərəfdaş kimi enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirilib. Azərbaycan Prezidentinə və xalqına ən xoş arzularını çatdıran ABŞ Prezidenti Barak Obama bildirib ki, Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş irihəcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Məktubda eyni zamanda vurğulanıb ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun məktubunda isə qeyd olunmuşdur ki, Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaq. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynayıb. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinə ünvanlanan bu məktublar bir daha təsdiq edir ki, dünyanın böyük dövlətləri Azərbaycanla enerji sahəsində yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar və münasibətlərin daha da dərinləşməsi üçün böyük imkanlar mövcuddur.

Xatırladaq ki, Azərbaycan öz qazını Avropaya çatdırmaq üçün "Trans Adriatic Pipeline" (TAP) boru kəməri layihəsini seçmişdir. Bu ilin fevral ayının 13-də Afinada (Yunanıstan) Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinə dair hökumətlərarası sazişin imzalanma mərasimi keçirilmişdir. Azərbaycan qazını Qərbi Avropaya nəql edəcək TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2017-ci ildə başlanacağı gözənilir və TAP kəmərinin tikintisinə 3 il lazım olacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 milyard kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 milyard kubmetrədək artırılacaq.

Bu kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 milyard avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar "EGL", "Statoyl" və "E.ON Ruhrgas" şirkətləridir.

Keçən həftə isə Azərbaycan daha bir uğura imza atmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin satın alınması barədə Yunanıstan Respublikasının Əmlakının İdarə Edilməsi Fondu (HRADF /TAIPED) ilə prinsipial razılıq əldə etmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: "DESFA-nın satın alınması haqqında qərar Yunanıstan və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin, həmçinin SOCAR və Yunanıstanın aparıcı enerji şirkətləri arasında əlaqələrin təzahürüdür. Xəzər regionunda təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış SOCAR Avropa Birliyi ölkələrində bu tipli ilk layihədə, Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir. SOCAR Yunanıstanda əməkdaşlığın gələcəyinə nikbin baxır".

İyulun 21-də Brüsselə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə keçirdiyi görüşlərdə bir daha vurğulanmışdır ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur. Dövlət başçısı Herman Van Rompuyla birgə keçirdiyi mətbuat konfransında demişdir: "TANAP layihəsinin elan edilməsi "Cənub" qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Ümidvarıq ki, bu yaxınlarda qəbul olunacaq qərarlar Avropanın enerji xəritəsini tamamilə dəyişəcək belə bir mühüm enerji layihəsinin həyata keçirilməsi üçün əlavə şəraitlər yaradacaqdır. Bu halda bütün tərəflər udur. Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcəkdir. Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır. Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də, "Cənub" qaz dəhlizinin yaradıldığı bir vaxtda atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir".

Xose Manuel Barrozu ilə keçirdiyi görüşdən sonra mətbuat üçün bəyanat verən dövlətimizin başçısı vurğulamışdır ki, Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf "Şahdəniz-2" layihəsi ilə məhdudlaşmayacaqdır: "Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatlarımız vardır. Artıq qeyd etdiyim kimi, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcəkdir".

Prezident İlham Əliyev bir daha qeyd etmişdir ki, "Cənub" qaz dəhlizi enerji təhlükəsizliyinə xidmət edən layihədir. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək və ölkəmizin, eləcə də region ölkələrinin iqtisadi əməkdaşlıqdan yararlanması üçün əlavə imkanlar açacaqdır.

 

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 30 iyun.- S.5.