UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan xalqını qədim Gəncə şəhərinin təməlinin qoyulmasının 4000 illik yubileyi münasibətilə təbrik etmişdir

 

UNESCO-nun baş direktoru İrina Bokova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə müraciət ünvanlamışdır. Bu barədə AzərTAc-a  Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirmişlər.

UNESCO-nun baş direktorunun müraciətində deyilir: "Mən böyük məmnunluqla Azərbaycan xalqını qədim Gəncə şəhərinin  təməlinin qoyulmasının 4000 illik yubileyi münasibətilə təbrik edirəm.

İpək Yolunun qovşağında yerləşən Gəncə şəhəri bu yol boyu mövcud olan ticari və mədəni mübadilə ilə dialoqların qurulmasında böyük rol oynamışdır. Gəncə uzun müddətdir UNESCO-nun ideyası olan dialoq və qarşılıqlı anlaşmanın əsasında duran bilik, elm və müxtəlif insanların tolerantlığının qovşağı kimi tanınır.

Bu ruha malik Gəncə tarixin bütün dövrlərində filosofların, şairlərin, alimlərin məkanı olmuşdur. Təsadüfi deyildir ki, məhz dahi Nizami Gəncəvi və Məhsəti Gəncəvi burada yaşamış və yaratmışlar.

UNESCO xüsusən bu il Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi çərçivəsində Parisdə yerləşən baş ofisində silsilə tədbirlərin keçirilməsindən məmnundur.

Gəncənin zəngin irsi və tarixi onun sakinlərini bir çox çətinliklər qarşısında güclü və möhkəm etmişdir. Bu gün Gəncə şəhəri Mərkəzi Asiya və Aralıq dənizi arasında yerləşən Qafqaz da daxil olmaqla daha geniş bir coğrafiyada aparıcı yer tutur.

Bu münasibətlə Gəncə şəhərinin sakinlərini bir daha təbrik edirəm".

Gəncə şəhərinin 4000 illik yubiley tədbirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının himayəsi və rəhbərliyi ilə reallaşdırılır və bu yaxınlarda Bakıda təqdimatı keçiriləcəkdir.

 

Azərbaycan.-2013.- 30 iyun.- S.7.