Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 21 il ötür

 

Azərbaycan Respublikası BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanılmasında böyük rol oynadığını qəbul edir. Ölkəmiz BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadi və sosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində qurum ilə əməkdaşlığını ildən-ilə genişləndirir. Azərbaycan beynəlxalq ictimaiyyətin BMT və digər qurumlar çərçivəsində terrorçuluğa qarşı mübarizəsinə töhfə verməkdədir. XXI əsrin problem və təhdidlərinə səmərəli cavab vermək üçün BMT-nin iş qabiliyyətinin artırılması məqsədilə, o cümlədən beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların icrasının təmini istiqamətində bu təşkilat daxilində islahatların aparılmasını dəstəkləyir.

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.

Prezident İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

Azərbaycanın nəinki qonşu, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməyə nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz də tamamilə məntiqə uyğundur. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaradır. Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edən yeni qeyri-daimi üzv seçilməsi böyük diplomatik uğur kimi qiymətləndirilməlidir. BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya), 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına, habelə BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi əsas götürülür. Eyni zamanda, dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfələri həlledici amillər kimi nəzərə alınır.

Şübhəsiz, BMT-dəki parlaq qələbəmiz müstəqil respublikamızın beynəlxalq təşkilatlar daxilində əldə etdiyi ilk diplomatik nailiyyət deyildir. Cənab İlham Əliyevin xarici siyasətini "Ən yaxşı müdafiə hücumdur!" taktikası üzərində qurması nəticəsində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına və ifşasına nail olmuşdur.

Rəsmi Bakı qurum çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə, BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. Hələ 1993-cü ildə təşkilatın Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsbit olunmuşdur. Təşkilat respublikamızın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür.

BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək 1993-cü ildə 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. 1996-cı ildə BMT Baş Assambleyası qəbul etdiyi "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev də ötən 9 ildə BMT ilə əlaqələrin inkişafına mühüm önəm vermişdir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir kimi BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. Cənab İlham Əliyev beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər edilməsi məsələsini bir daha diqqətə çəkmişdir.

Azərbaycan son 9 ildə təşkilat daxilində siyasi üstünlüyü ələ almağa nail olmuşdur. Ölkə iqtidarının uğurlu diplomatik səyləri nəticəsində BMT Baş Assambleyasının 2004-cü il noyabrın 23-də keçirilmiş 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 163 nömrəli bənd daxil edilmişdir.

Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində müəyyən addımların atılmasına münbit şərait yaratmışdır. 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında - 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə" qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlatmaq lazımdır. Məlumat üçün bildirək ki, 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha ifadə etmişdir. Həmin qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu sessiyada İslam Əməkdaşlıq Təşkilatının mövqeyini ifadə edən Pakistan nümayəndəsi, GUAM dövlətləri adından danışan Ukrayna nümayəndəsi, habelə Türkiyə və Uqanda təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən layihəni dəstəkləməyə çağırmışlar. Müzakirələrin sonunda keçirilən səsvermədə respublikamızın maraqlarına tamamilə cavab verən qətnamə qəbul olunmuşdur.

Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək bir daha təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları üçün normal, bərabər yaşayış şəraitinin yaradılmasının zəruriliyi vurğulanır, Minsk qrupunun münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş vasitəçiliyinə dəstək ifadə olunur. Sənəddə deyilir ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır.

2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək geniş nitq söyləyən Prezident İlham Əliyev təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Cənab İlham Əliyev Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, etnik təmizləmə siyasətini həyata keçirdiyini, işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışdığını bildirmişdir. Dövlət başçısı bildirmişdir ki, münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir və bu da gözlənilməz nəticələrə gətirə bilər.

BMT-dəki diplomatik uğurumuz deməyə əsas verir ki,  Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti, resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli və ümumbəşəri məqsədlər üzərində qurur. Respublikamızın regionda və dünyada sülh, iqtisadi və sosial rifah, səmərəli tərəfdaşlıq təşəbbüsləri beynəlxalq miqyasda dəstəklənir və rəğbətlə qarşılanır. Eyni zamanda, bu seçim göstərir ki, dünya dövlətlərinin mütləq əksəriyyəti Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyevin idarəçilik və liderlik keyfiyyətlərini yüksək dəyərləndirirlər.

Azərbaycan rəhbərliyinin böyük uzaqgörənliklə yürütdüyü xarici syasət strategiyası ölkəmizin beynəlxalq aləmdəki rolunu getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz bütün problemlərin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 2 mart.- S.1;5.