Biz Heydər Əliyev universitetinin məzunlarıyıq

 

"Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm.  O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər".

 

Heydər ƏLİYEV

 

 

Zaman öz ardıcıllığında xalqların, dövlətlərin taleyini müəyyənləşdirən əhəmiyyətli dönəmləri bir araya gətirir. Mahiyyəti ilə min illərin təkamül və mübarizələrinin bütöv nəticəsini ehtiva edən bu mərhələlər qarşıdakı həyat yolları üzərində dəqiqləşdirmə aparmaq üçün cəmiyyətlərə verilmiş seçim imkanıdır. Xalqın, dövlətin gələcək uğur və məğlubiyyətlərini, intensiv inkişafını məhz bu dönəmlərdə aparılan seçimin məzmunu şərtləndirir.

Bu mənada, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı hər gün Azərbaycanın tale tarixi kimi nəzərdən keçirilməlidir. Bu günlərin hər biri gözümüz önündə qədəm-qədəm böyüyən, işıqlı gələcəyinə doğru sürətlə irəliləyən, dünya düzənində layiqli yerini, mövqeyini möhkəmləndirən müstəqil Azərbaycanın tərcümeyi-halına qızıl hərflərlə yazılıb. Bu günlərin hər biri Azərbaycanı ağır təbəddülatlardan, dərin girdablardan çıxarıb inkişaf yoluna doğru istiqamətləndirən yolun başlanğıcıdır.

Mustəqil Azərbaycan dövləti, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yol... Bu reallıqların hər birində Heydər Əliyev dühasının imzası var. Və bu reallıqlar Heydər Əliyevin ruhunu xalqın ruhuna qovuşdurub -  o, xalq üçün yaratdığı dəyərlərdə, ondan həyat dərsi, millətə, dövlətə sevgi nümunəsi, siyasi mədəniyyət, qətiyyət  əxz etmiş milyonların davranışlarında yaşayır və yaşayacaq...

Ümummilli lideri cismən bizlərdən ayıran ötən illərdə Azərbaycan cəmiyyəti və ümumilikdə bütün dünya onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk etmiş oldu. Heydər Əliyev öz şəxsiyyəti, xalqının mənafeyini əsas götürən quruculuq əməlləri ilə XX əsr Azərbacan tarixinin şanlı bir salnaməsini yaradıb. Bu mənada, "Heydər Əliyev yeni Azərbaycanın qurucusudur" deyənlər mövqelərində tam haqlıdırlar. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti bütövlükdə Azərbaycan tarixinin elə bir faktıdır ki, ümumən XX əsr Azərbaycan tarixi məhz bu faktın dərkindən və gələcək nəsillərə düzgün çatdırılmasından asılıdır.

Hələ hakimiyyətinin birinci dönəmində ölkəyə rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan iqtisadiyyatının, elminin, mədəniyyətinin inkişafı üçün yalnız ona xas tükənməz enerji, peşəkarlıq və uzaqgörənliklə fəaliyyətə başlayan Heydər Əliyev son dərəcə əhəmiyyətli uğurlara imza atdı. Müxtəlif toplantılarda, görüşlərdə, müzakirələrdəki yüksək məzmunlu nitq, çıxış və söhbətləri, verdiyi göstərişlər yalnız müdrik dövlət başçısının xalqının tərəqqisinə qayğısının parlaq ifadəsi olmaqla məhdudlaşmır. Bütün bunlar həmin sahələrin hər birinin inkişafını nəzərdə tutan, mükəmməl proqram və konsepsiyadır.

Bu gün hamı etiraf edir ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə sovetlər dövrünün son onilliklərində respublika əhalisi, bütövlükdə cəmiyyət milli şüurun formalaşması baxımından daha aktiv, məhsuldar mərhələyə qədəm qoydu. Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən respublika bütün sahələr üzrə görünməmiş sürətlə inkişaf etdi, ədəbiyyat, incəsənət, təhsil məsələləri milli özünüdərkin çevik komponentlərindən birinə çevrildi. Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən bütün fəaliyyətini bir həqiqətin istisnasız təsdiqinə yönəltdi ki, o, qeyri-müstəqil bir respublikanın növbəti başçısı yox, milli liderdir. Böyük strateq həmin illərdə bu reallığı tam sübuta yetirdi ki, sovet dövrünün ideoloji qadağalarına baxmayaraq, xalqın öz dilini, ədəbiyyatını, mədəniyyətini, elmini inkişaf etdirib yüksəklərə qaldırması üçün ona uzaqgörən, müdrik dövlət xadiminin rəhbərlik etməsi kifayətdir.

Bəli, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev dühası ictimai həyatın bütün sahələrində ağır tənəzzülün hökm sürdüyü bir dövrdən - 1969-cu ildən qurmağa başlamışdı. Bu qənaətin gerçəkliyini tarixi proseslərin sonrakı gedişi də tam sübuta yetirir. Zəngin idarəçilik təcrübəsini sovet rejiminin əsl mahiyyəti barədə dərin bilgiləri ilə uzlaşdıran ümummilli lider o zaman Azərbaycanı düşdüyü böhrandan çıxarmaq üçün qəti addımlar ataraq respublikanın uzunmüddətli, ardıcıl inkişafının təminatına yönələn proqramlar hazırlatdı və qısa zaman ərzində onların icrasına nail oldu. Azərbaycanın müstəqil yaşamağa qadir, elmi-texniki inqilabın ən son nailliyyətlərinə yiyələnən, özü-özünü təmin edən dövlətə çevrilməsini Heydər Əliyev hələ o zaman ali məqsədlərdən biri kimi müəyyənləşdirmişdi.

Həmin illərdə ümummili liderin xalq qarşısında ən böyük xidmətlərindən biri də onun milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması istiqamətində atdığı konkret addımlardan ibarət idi. Həmin dövrün canlı şahidlərindən olaraq deyə bilərəm ki, Heydər Əliyevin respublika rəhbəri kimi ilk gündən qarşıya qoyduğu başlıca məqsədlərdən biri də məhz kadrların milliləşdirilməsi idi. Milli kadr quruculuğuna göstərilən həssas münasibət bir sıra reallıqlarla şərtlənirdi. Həmin dövrdə dövlət idarəçiliyində başqa millətlərdən olan insanların önə keçməsi, ana dilinin sıxışdırılması, kosmopolit ideyaların təbliği fonunda milli ruhun, milli özünüdərkin zəifləməsi ulu öndər Heydər Əliyevi ciddiliklə narahat edirdi. Respublikanın gələcək taleyini uzaqgörənliklə düşünən Heydər Əliyev dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə milli kadrların yetişdirilməsini, azərbaycanlıların vəzifədə irəli çəkilməsini vacib məsələlərdən biri kimi nəzərdən keçirirdi. Bunun əsas səbəblərindən biri də respublikada  bəzi yeni ixtisaslar üçün kadrların hazırlanmaması idi.

Respublikaya rəhbər təyin edilən Heydər Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayaraq 1969-cu ilin avqustunda xaricdə təhsil almağa göndərilən tələbələrlə görüşdü. Azərbaycana müsabiqədən kənar qəbul üçün ayrılan yerlərin sayının azlığı respublika rəhbərini bərk narahat edirdi. Çox sonralar - 1998-ci il sentyabrın 1-də Azərbaycandan kənarda təhsil almış mütəxəssislərlə görüşündə böyük strateq Heydər Əliyev məsələyə həssas münasibətini belə izah edəcəkdi: "Araşdırmalar nəticəsində mənə məlum oldu ki, Azərbaycandan kənarda respublikanın özündə hazırlana bilməyən ixtisaslar üzrə 50 nəfərlik yer verilibdir. Mən maraqlandım ki, bəs nə üçün bu qədər azdır? Çünki respublikamız geniş inkişaf yoluna başlamışdı və iqtisadiyyatımızın bir sox sahələrində mütəxəssislər çatışmırdı, bizim ali məktəblərimizdə də belə mütəxəssislər hazırlanmırdı. Yəni, o vaxt respublikamızda belə fakültələr, kafedralar yox idi. Buna çox böyük ehtiyac var idi. Soruşdum ki, bəs nə üçün 50 nəfərlik yer ayrılıb? Mənə məlumat verdilər ki, respublikamıza hər il 50 nəfərlik limit verirlər... İkincisi siyahıya baxanda gördüm ki, təyin olunmuş namizədlərin içərisində azərbaycanlılar azlıq təşkil edirlər".   

Ulu öndər azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ulu öndər Heydər Əliyevin sonralar bəyan etdiyi kimi, kvotanın artırılması heç də asan başa gəlməyib, SSRİ rəhbərliyi ilə aparılan gərgin danışıqlar nəticəsində mümkün olurdu. Müqayisə üçün bildirək ki, digər müttəfiq respublikalar üçün 100-150-dən artıq limit verilmirdi.

Bir çox hallarda 17-18 yaşında gənc üçün Moskva Dövlət Universitetində müsabiqədən keçmək çətin idi. Onların bir qisminin biliyi buna imkan vermir, digər qismi isə rus dilini bilməməsi üzündən məqsədini gerçəkləşdirə bilmirdi. Lakin böyük strateq Heydər Əliyev özünəməxsus uzaqgörənliklə bu problemin də həllinə nail olmuşdu. Belə ki, MDU-ya daxil olmaq istəyənlər Azərbaycan Dövlət Universitetində - öz ana dillərində imtahan verir, sonra Moskvaya yola düşürdülər. Digər şəhərlərin universitetlərində də qəbul məhz bu cür idi. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdi.

Hər il kənarda ali təhsil almağa göndərilən gənclərlə respublika rəhbərinin görüşlərinin keçirilməsi də xoş ənənəyə çevrilmişdi. Heydər Əliyev bəzən istirahətini yarımçıq qoyaraq avqustun son günlərində SSRİ-nin müxtəlif şəhərlərinə yola düşməyə hazırlaşan gənclərlə görüşür, onlara arzu və istəklərini bildirir, tövsiyələrini verirdi. Ulu öndər respublikaya birinci rəhbərliyi dövründə elə bir il olmamışdı ki, bu ənənədən kənara çıxsın. Heydər Əliyevin yüksək rəhbər qayğıkeşliyini öz taleyində hiss edərək onun xeyir-duası, dəstəyi ilə Moskvada ali təhsil almış gənclərdən biri kimi həmin görüşlərdə iştirakımı bu gün də böyük həyəcanla, qürurla xatırlayıram.

Həmin illərdə bir çox gənclər kimi mənim də ali təhsil almaq arzumun gerçəkləşməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsi idi.  Bakıda 172 saylı orta məktəbi bitirdikdən və 2 illik hərbi xidməti keçdikdən sonra - 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (Hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti - Ə.B.) qəbul olundum. Azərbaycan KP MK-nın göstərişi ilə təhsildə yüksək göstəricilərimi nəzərə alaraq məni Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə köçürdülər.

1977-ci ildə - sonuncu kursda oxuyarkən, indiki Heydər Əliyev adına Sarayda tələbə gənclərlə keçirilən ənənəvi görüşdə əlaçı tələbə kimi iştirak etmək fürsəti qazanmışdım. Bundan əvvəl məni bir məsuliyyətli görüşə - Azərbaycan KP MK-nın Elm və Tədris şöbəsinə çağırdılar. Şöbə müdirinin müavini, o zaman da biz gənc alimlərin himayədarı kimi tələbələrin böyük ehtiramını qazanmış hörmətli Ramiz Mehdiyev məni qəbul edərək dedi: "Əlican, sən və sənin kimi tələbələr üçün Bakıda və Moskvada oxuduğunuz ali məktəblər, şübhəsiz, vacibdir. Amma heç bir zaman unutmayın ki, Siz ən nüfuzlu, ən sanballı ali məktəbin - Heydər Əliyev universitetinin tələbələrisiz, məzunlarısınız. Unutmayın ki, Azərbaycanı və Heydər Əliyevi təmsil edirsiniz".  Aradan çox illər ötsə də, möhtərəm Ramiz Mehdiyevin bu sözləri mənim üçün həyat kredosu olaraq qalır.

Respublikanın o zamankı rəhbəri ilə görüş isə həyatımın ən gözəl xatirəsinə çevrilib. Respublika rəhbəri özünəməxsus müdrikliklə çıxış edən hər bir tələbəni dinləyir, onlarla səmimi söhbətləşir, problemlərini, qayğılarını soruşur, tövsiyələrini verir, bir sözlə, hərtərəfli köməyini gənclərdən əsirgəmirdi. Yaxşı yadımdadır, həyəcan və sevinc hissi ilə çıxışıma başlayaraq tələbə dostlarım adından yaxşı oxuyacağımızı, respublikamızın adını daim uca tutacağımızı, ictimai həyatda fəal iştirak edəcəyimizi, Vətənə layiqli kadr kimi dönəcəyimizi bildirdim.   

Ulu öndər hər bir gənci böyük maraqla, təmkinlə, qürurla dinlədikdən sonra dərin məzmunlu nitqində onlarla qürur duyduğunu bildirir, Vətənə layiqli mütəxəssis kimi dönəcəklərinə dərin inamını ifadə edirdi. Əvvəlki görüşlərdə olduğu kimi, dahi rəhbərin nitqi bu tədbirdə də diqqətlə dinlənildi. Həqiqətən, unudulmaz anlar idi: görüş iştirakçılarının hər biri bu tarixi məqamları yaddaşına əbədi həkk etməyə çalışırdı. Ulu öndərin həmin nitqindən bəzi hissələri hələ də xatırlayıram: "Xüsusi razılıq hissi ilə deməliyəm ki, ölkənin Moskva, Leninqrad və başqa şəhərlərinin ali məktəblərinə kənd yerlərindən daxil olan oğlan və qızların sayı durmadan artır və həmin ali məktəblərdə indi əslində, bütün respublika təmsil olunmuşdur...

Asudə vaxtın təşkili, ondan istifadə problemləri hər bir tələbə üçün mühüm problemdir. Yadda saxlayın ki, istirahət, asudə vaxt heç də boş-bekar gəzmək demək deyildir, vaxtı hədər keçirmək demək deyildir. Fəal istirahət mütaliə etmək, turist yürüşlərinə çıxmaq, idmanla məşğul olmaq, sərgilərə və muzeylərə getmək deməkdir. Bütün bunlar uzun illər boyu tükənməyən və kara gələn qiymətli sərvətdir. Əksinə, gənclik illərində itirdiyimiz vaxtı qaytarmaq, bilik, təsərrüfat kəsirinin yerini sonradan doldurmaq mümkün deyildir".

Ulu öndər Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da respublikamızdan kənarda təhsil alan gəncləri unutmur, müntəzəm olaraq onlarla görüşür, qayğıları, problemləri ilə maraqlanırdı. Bu ənənə ümummilli lider Heydər Əliyevin xalqın təkidli istəyi ilə hakimiyyətə gəlişindən sonra da davam etdirildi. Qan-qada, böhran dolu həmin dövrdə xalqının səsinə səs verərək xilaskar kimi özünü yetirən, qardaş qırğınlarının qarşısını alan, ölkənin parçalanmasına imkan verməyən, Azərbaycan dövlətini işıqlı bir yola çıxaran Heydər Əliyevin 1993-cü ilin 22 sentyabrında - ölkədə çox ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir zamanda gənclərlə görüşə vaxt tapması, onların problemlərini dinləməsi ümummili liderin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin əyani göstəricisi idi. Ulu öndər dövlət quruculuğunda enerjili, təşəbbüskar, kreativ ruhlu gəncliyin potensialından səmərəli istifadəni vacib sayır, eyni zamanda, onların bu prosesdə yaxından iştirakına çalışırdı. Azərbaycan gəncliyini milli inkişafın hərəkətverici qüvvəsi hesab edən Heydər Əliyev onların cəmiyyətin iqtisadi, siyasi, mənəvi, mədəni həyatında önəmli yer tutmasını zəruri bilirdi. Eyni zamanda, ölkə vətəndaşlarının təxminən 35 faizinin gənclərdən ibarət olması bu sosial zümrəyə xüsusi diqqət və qayğının vacibliyini qabarıq şəkildə üzə çıxarırdı.

Ulu öndər Heydər Əliyev 22 sentyabr 1993-cü ildə parlamentdə ölkə gənclərinin fəal qrupu ilə görüşündə bu məqsədini açıq bəyan etməklə yanaşı, yeni dövrdə onların qarşısında duran vəzifələrə də toxunurdu. Xüsusi vurğulayırdı ki, yeni dövrdə müstəqilliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin, qanunçuluğun təmini, Azərbaycanın müstəqil dövlət kimi dünya miqyasında tanıdılması və digər mühüm məqsədlərin həyata keçirilməsi prosesində respublika gənclərinin üzərinə böyük vəzifələr düşür. Ölkə gəncliyinin milli mənlik şüuruna, onun sosial-mənəvi sarsıntılara məruz qalmış düşüncəsinə belə bir ülvi ideya aşılanırdı ki, dövlət müstəqilliyinin əbədiliyinin təmini naminə hər bir gənc məsuliyyətini aydın dərk edərək ölkə rəhbərinin ətrafında sıx birləşməlidir. Gənclik öz potensialından düzgün, səmərəli istifadə edərək bu mürəkkəb şəraitdə dövlətinin, xalqının problemlərinin həllində əlindən gələni əsirgəməməlidir.

Dahi öndər Heydər Əliyev özünün böyük fədakarlığı, təkidli səyləri ilə 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış azərbaycanlı kadrları da qətiyyən unutmur, onlara özünün doğmaları kimi yanaşır, dövlət idarəçiliyində daim irəli çəkirdi. Xatırlatmaq istərdim ki, müstəqillik illərində həmin gənclər Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Cəmiyyətini təsis etmişdilər. Özündə 1500-dən çox ixtisaslı ziyalını birləşdirən həmin cəmiyyətin rəhbərliyinin xahişi ilə ulu öndər Heydər Əliyev 1998-ci il mayın 21-də 6 nəfərlik heyəti qəbul etdi. Əlamətdar görüş ulu öndərin 75 illik yubileyinə təsadüf etdiyindən, səmimi təbriklərimizi, arzu və istəklərimizi izhar etdik. Heydər Əliyev cəmiyyətin rəhbər şəxsləri ilə görüşdən məmnun qaldığını bildirərək dedi: "Mənə məlumat verdilər ki, siz - 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərə müsabiqədənkənar oxumağa göndərdiyimiz tələbələrin yaratdıqları cəmiyyətin üzvləri mənimlə görüşmək istəyirlər. Mən bunu məmnuniyyətlə qəbul etdim. Çünki 1970-1980-ci illərdə Azərbaycandan kənarda təhsil almağa göndərdiyim insanlar mənim doğma övladlarımdır".

Ulu öndər çıxışında Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Cəmiyyətinin yaradılmasını alqışladı və 70-80-ci illərdə digər respublikalarda mütəxəssis kimi yetişmiş insanlarla xüsusi görüşün keçirilməsinin vacibliyini diqqətə çəkdi. Beləliklə, cəmi bir neçə ay sonra - 1998-ci ilin sentyabrında bu əlamətdar görüş reallaşdırıldı. Ulu öndər Heydər Əliyev bilavasitə mütəxəssis kimi formalaşmasına dəstək verdiyi həmin şəxsləri səmimi salamladıqdan sonra respublikaya birinci rəhbərliyi dövründə bu sahədə həyata keçirdiyi tədbirlərə geniş toxundu. Ulu öndər ümumrespublika toplantısında həmin dövrdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına törədilmiş süni maneələri, çətinlikləri bir daha xatırlatdı. Azərbaycanlı gənclərin xaricdə təhsil almalarının dərin köklərinin olduğunu xatırladaraq ötən əsrin əvvəllərində bir çox ziyalıların Avropa və Rusiyada yüksək ixtisaslı mütəxəssis kimi yetişdiklərini, cəmiyyətə fayda verdiklərini diqqətə çəkdi. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə gənclərin respublikadan kənarda təhsil almasına dəstək verməsinin bir sıra digər maraqlı məqamlarına da toxunaraq dedi: "Əgər insan bir kənddə doğulursa və ömrü boyu həmin kənddə yaşayırsa, yaxud bir qəsəbədə doğulub ömrü boyu həmin qəsəbədə yaşayırsa, yaxud bir şəhərdə doğulursa və ömrü boyu o şəhərdə yaşayırsa, təhsil almaq, işləmək üçün başqa bir yerə getmirsə, nə qədər kitab oxusa, başqa vəsaitlərdən istifadə etsə də, onun dünyagörüşü çox kənara çıxa bilməz. Ancaq insan öz baxış dairəsini nə qədər genişləndirirsə, öz ölkəsindən, şəhərindən, kəndindən çıxıb başqa ölkələrdə, şəhərlərdə olanları nə qədər görüb-götürürsə və öyrənirsə, daha da zənginləşir. Bax, o illər mən bu prinsipi nəzərə aldım".  

Ulu öndərlə o zamankı Respublika sarayında gerçəkləşən tarixi görüşdə çıxışçılardan biri kimi mənə də söz demək xoşbəxtliyi nəsib oldu. "Əgər 1977-ci ilin avqust ayında elə bu sarayda mən adi bir tələbə kimi çıxış etmişdimsə, bu gün artıq Sizin qarşınızda kafedra müdiri kimi çıxış edirəm. Mənim elm sahəsində qazandığım nailiyyətlər Sizin adınızla bağlıdır" - deyə nitqimdə ulu öndərin bu sahədəki fəaliyyətinə bir daha nəzər saldım. Həmçinin vurğuladım ki, 70-80-ci illərdə respublika iqtisadiyyatının güclənməsi üçün ulu öndərin həyata keçirdiyi islahatlar, xalqımızın mədəni, mənəvi yüksəlişi üçün həyata keçirdiyi tədbirlər dövlətə, xalqa xidmətin ən parlaq nümunəsi idi. Qeyd etdim ki, həmin dövrdə təhsil alan mütəxəssislərin böyük əksəriyyəti müstəqil Azərbaycan Respublikasının inkişafı və problemlərinin həlli naminə əllərindən gələni əsirgəmirlər.

Ulu öndər Heydər Əliyev sonda dərin məzmunlu nitq söyləyərək məsləhət və tövsiyələrini verdi, qarşıda duran perspektiv planlardan söz açdı. Dövlət ali məktəb şəbəkəsinin saxlanılması, müəllim adının ucalığının, Azərbaycan dilinin təmizliyinin qorunması zərurətini önə çəkdi. İndi həmin görüşü bir daha xəyalımda canlandırıb qələmə alarkən o böyük və qayğıkeş insanı minnətdarlıqla xatırlayıram.

Nəhayət, ulu öndər Heydər Əliyevlə dördüncü dəfə görüşmək xoşbəxtliyini 2002-ci ildə yaşadım. Həmin il professoru olduğum Azərbaycan Dövlət İqtisad Universitetinin yubileyində ölkə başçısı da iştirak edirdi. Fəxri qonağı və onu müşayiət edən yüksək vəzifəli şəxsləri ali məktəbin həyətində qarşıladıq. Hamı ilə səmimi görüşən Heydər Əliyev professor və müəllim heyətinin dayandığı sıraya çatanda bir anlıq ayaq saxlayaraq məni xatırlamağa çalışdı. Universitetin o zamankı rektoru, hörmətli akademik Əli Abbasov tez irəli keçib məni ölkə başçısına təqdim etdi, haqqımda qısa məlumat verdi. Öz növbəmdə mən də həmkarlarım adından ümummilli liderə səmimi salamlarımı yetirdim, onun vaxtı ilə xaricdə təhsil almağa göndərdiyi şəxslərdən biri olduğumu dedim. Böyük öndər iqtisadçı kadrların hazırlanmasında universitetin professor-müəllim heyətinə öz tövsiyələrini verdi.

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Cəmiyyətinin Ali Məclisinin sədri kimi deyə bilərəm ki, ulu öndərin böyük xeyirxahlığını görmüş insanlar onun əziz xatirəsini daim əziz tuturlar. 1500-dən çox üzvü olan cəmiyyət  öz sıralarında onlarla elmlər doktorunu, yüzlərlə fəlsəfə doktorunu birləşdirir. Qurumun üzvlərindən 100-dən çoxu məhz MDU-nun məzunlarıdır. Təşkilatın həyata keçirdiyi tədbirlər genişdir, fəaliyyət planları rəngarəngdir. Hər addımda məhz ulu öndərin tövsiyə və tapşırıqlarını rəhbər tutmağa çalışırıq. 

Xatırladaq ki, ulu öndər 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin 1998-ci ildə keçirilən ümumrespublika toplantısında gənclərin xaricdə təhsil alması məqsədilə xüsusi dövlət proqramının hazırlanması vacibliyini önə çəkmişdi. Həmin illərdə respublikanın iqtisadi vəziyyəti buna imkan verməsə də, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu nəcib təşəbbüsü praktik surətdə gerçəkləşdirdi. Gənclərin xaricdə təhsil almağa göndərilməsi ilə bağlı hələ ötən əsrin 70-ci illərində mövcud olmuş mütərəqqi ənənənin bərpası dövlət idarəçiliyi üçün müasir təfəkkürlü, biliklə və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi daşıyır. Dövlət başçısının 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında", habelə 16 aprel 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamları da məhz bu məqsədə xidmət etmişdir. Ümumilikdə, proqram əsasında 5000 tələbənin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulur ki, bu da Azərbaycan dövlətinin gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.

Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı isə respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.

Elm, təhsil, bilik, müasirlik, savad gələcəyə açılmış qapılar deməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolunu məhz bu sahələrin ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda elm və təhsil sahəsində özünü göstərən qlobal problemlər əsaslı surətdə aradan qalxacaq, milli təhsilimizin keyfiyyəti daha da yüksələcəkdir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin

"İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri,

iqtisad elmləri doktoru, professor,

əməkdar müəllim

 

Azərbaycan.-2013.- 2 mart.- S.4.