Erməni xisləti Fransada yenidən özünü göstərdi

 

Fransada bu ölkənin parlamentinin bir neçə deputatının iştirakı ilə keçirilən "Sumqayıt hadisələrindən 25 il sonra, hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbirdə baş vermiş insanlığa yaraşmayan hadisəylə bağlı etirazlar böyüyür. Hətta bu ölkənin aparıcı mətbu orqanları da baş vermiş hadisəyə biganə qalmayıb. "Le Fiqaro", "Le Monde" və digər qəzetlərin səhifələrində, habelə aparıcı "Frans Press" agentliyinin saytında məlum olay barədə geniş məlumat verilib.

Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsi xəbəri düyna azərbaycanlılarında böyük hiddət və təəssüf hissi doğurub. Dünyada və digər  ölkələr arasında dözümlülüyü, demokratiyanı təbliğ etməyə çalışan bir dövlətdə bunun törədilməsi olduqca böyük rüsvayçılıqdır. Eyni zamanda bu, demokratiya beşiyi olan Fransada tələbələrin təhlükəsizliyinin lazımınca təmin edilməməsinin göstəricisidir. Xocalı soyqırımının ildönümü ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransadan, onun qanunverici orqanından obyektiv münasibət gözlədiyimiz bir gündə iki azərbaycanlı gəncin klassik erməni vəhşiliyi ilə üz-üzə qalması və bunun fransız parlamentarilərin gözü qarşısında və iştirakı ilə törədilməsi ümumbəşəri dəyərlərə və ifadə azadlığına böyük qəsd kimi qiymətləndirilir. Hadisəyə münasibət bildirən siyasətçilər bu fikirdədirlər.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyir ki, Fransada erməni lobbisinin təsiri altında olan siyasətçilər var və onlar Fransa parlamentində, Senatında özlərinə yer tutublar. Həmin adamlar əslində erməni pulu ilə Fransa siyasətində qalmağı bacarırlar və ermənilərin çirkli pulları sayəsində fəaliyyət göstərirlər: "Bu cür çirkli pullarla siyasətdə qalan və fransız xalqının adına uyğun olmayan adamlar ermənilərin çaldıqları hər cür havaya oynamaqdadırlar. Bu hadisə də, təbii ki, onun bir növüdür. Məqsəd Xocalı soyqırımı kimi qətliamları ört-basdır etmək, işğal olunmuş torpaqlarla əlaqədar erməni təcavüzkarlığını yox etməkdir. Necə deyərlər, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Yəni təcavüzkar bu gün elə danışır ki, guya təcavüzə özü məruz qalıb".

Deputat hesab edir ki, Fransada erməni lobbisinin əlinin altında olan bəzi siyasətçilər alət kimi istifadə olunmaqdadır. Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq bu məsələyə öz etirazını bildirib. Eləcə də ölkə gəncliyi bu məsələlərə etirazını bildirməkdədir. YAP Gənclər Birliyi artıq bununla əlaqədar Fransanın parlamentinə, hakimiyyətinə, o cümlədən Fransanın Azərbaycandakı səfirliyinə etiraz məktubları göndərib. Mübariz Qurbanlı əlavə etdi: "Budurmu Fransa demokratiyası, Avropa dəyərləri? Biz bütün bunların əleyhinəyik və bunu qətiyyətlə pisləyirik. Hesab edirik ki, Fransa hakimiyyəti bununla əlaqədar ciddi araşdırma aparmalıdır və günahkarlar məhkəmə qarşısına çıxarılmalıdır. Milli Assambleyada baş verən bu xoşagəlməz hadisənin müəllifləri cəzasız qala bilməz və onlar öz hərəkətləri üçün cavab verməlidirlər".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirdi ki, bu məsələ bütün Azərbaycanı ayağa qaldırıb. Dinc insanların vəhşicəsinə döyülməsi erməni millətçilərinin iç üzünü bir daha açdı. Demokratiya,  insan hüquqları prinsiplərinə zidd olaraq Fransa parlamentində belə bir cinayət yaşanıb: "Maraqlısi isə odur ki, bu cinayət ermənipərəst mövqeləri ilə həm mətbuatda, həm də AŞ PA-da yaxşı tanınan deputat Fransua Roşebloun  gözü qarşısında baş verib. İki nəfərə qarşı 150 nəfərin təzyiq göstərməsi erməni xislətinin bariz nümunəsidir. 1988-ci ildə özlərinin törətdikləri Sumqayıt hadisələrinin ildönümünü qeyd edənlər fərqli mövqeyə aqressiv yanaşmanı ortaya qoyublar". Deputatın sözlərinə görə, bu hadisədən sonra erməni tərəfinin olaya münasibəti gülüş doğurur. Çünki ermənilər iddia edirlər ki, guya 2 azərbaycanlı 150 ermənini ittiham edərək onlara hücum çəkib. Bu, tamamilə absurddur. Vüsal Hüseynov isə əsl Azərbaycan kişisinə xas olan bir hərəkət edib: "Azərbaycanlı tələbə ermənilərin Mirvari Fətəliyevaya hücum cəkdiyini görərək bədəni ilə onu qorumuş, bütün zərbələri öz üzərinə götürmüşdür. Onun qabırğası sınsa da, ciddi zədə alsa da, Azərbaycan kişisinə xas olaraq xanımı qoruya bilmişdir. Onun hərəkəti əsl azərbaycanlı kişinin hərəkətidir. Öz həyatını təhlükə altına qoyan tələbə milli xarakterimizi bütün parlaqlığı ilə göstərə bilmişdir. Erməni millətçilərinin hərəkəti gözlənilən olduğu kimi, Vüsalın da hərəkəti gözlənilən idi. Həmin qadın başqa millətin nümayəndəsi də olsaydı, Vüsal bu hərəkəti edəcəkdi. Bu, bir daha onu deməyə əsas verir ki, ermənilər qadına hücum etməyi, azərbaycanlılar isə qadını qorumağı bacardıqlarını ortaya qoydular".

Aydın Mirzəzadə düşünür ki, 1992-ci ildə Xocalı sakinlərinə qarşı soyqırımı aktını həyata keçirənlərin mənəvi nəvələri iki azərbaycanlıya qarşı cinayət törədiblər. Həmin ermənilərin nəvələri yenə də insanı məhv etmək, qadını öldürmək, körpəni süngüyə keçirmək ideologiyasını davam etdirirlər. Əsl erməni xisləti Fransada da özünü tanıtdı. 

Deputat inanır ki, bu hadisə ciddi surətdə araşdırılmalı və təqsirkarlar cəzalandırılmalıdır.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 2 mart.- S.6.