Fransa Milli Assambleyasının Prezidentinə

 

Azərbaycan Respublikası Qubadlı rayon ictimaiyyətinin bəyanatı

 

 Hörmətli cənab Prezident!

 

Fransa Milli Assambleyasında 2013-cü il  fevralın 26-da Erməni Məsələləri Bürosunun təşkilatçılığı ilə "Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün perspektivlər" mövzusunda keçirilən tədbirdə Fransa parlamentinin üzvü Fransua Reşeblonun təhriki ilə "Azərbaycan Evi" diaspor təşkilatının rəhbəri Mirvari Fətəliyevanın və azərbaycanlı tələbə Vüsal Hüseynovun vəhşicəsinə döyülməsi və onların sağlamlığına xəsarət yetirilməsi Qubadlı rayon ictimaiyyətinin dərin hiddətinə səbəb olmuşdur.

 Bu hadisə erməni radikalların alternativ fikrə dözümsüzlüyünüzor tətbiq etməyə meyilli olduqlarını göstərir. Hadisənin söz azadlığını və insan hüquqlarının qorunduğu bir yer olan Fransa Milli Assambleyasında, həm də parlament nümayəndələrinin gözü qarşısında baş verməsi bizdə dərin təəssüf və anlaşılmazlıq hissi yaradır. Dünyada sivil bir dövlət kimi tanınan Fransada bu cinayət əməlini törədənlərin cəzasız qalmayacağına inanırıq.

Xocalı faciəsinin 21-ci ildönümü günündə Mirvari Fətəliyevanın haqq səsini ucaltması heç də təsadüfi deyildir. Çünki  onun doğulduğu Qubadlı rayonu da Ermənistan tərəfindən işğal edilib, oradakı kəndlər, tarixi-mədəniyyət abidələri və azərbaycanlılara məxsus qəbiristanlıqlar yerlə-yeksan olunub. İşğal üzündən M.Fətəliyeva və onun həmkəndliləri, qohumları 20 ildir ki, öz yurduna dönə bilmirlər.

Fransa parlamentinin binasında erməni millətçilərinin azərbaycanlı gəncləri bu cür fiziki zorakılığa və təhqirlərə məruz qoymaqdan çəkinməməsi Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində vasitəçilik roluna bir zərbədir. İşğal nəticəsində 1 milyon azərbaycanlının hüquqlarının pozulmasının və Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalmasının davam etməsi bütün qaçqın və məcburi köçkünlər üçün böyük bir ağrıdır. Onlar bu ağrı ilə 20 ildir yaşayırlar.

Biz, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri Fransa hökumətinin və parlamentinin rəhbərliyindən Mirvari Fətəliyevaya  və Vüsal Hüseynova qarşı cinayətkar əməllərə əl atmış şəxslərin cəzalandırılmasını tələb edirik.

 

 

Azərbaycan.-2013.- 3 mart.- S.2.