Azərbaycan parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatmışdır

 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri başa çatmışdır.

ÇXR Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyətinin Pekində komitənin sədri Cia Çinqlin, sədr müavini Bay Liçen, habelə Çin Siyasi Məşvərət Şurasının Şaansi və Şanxay komitələrinin rəhbər şəxsləri ilə görüşlər keçirilmişdir.

Səfərin yekunlarını şərh edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk diplomatik münasibətlər qurduğu ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Azərbaycan ÇXR ilə münasibətlərin inkişafına daim böyük əhəmiyyət verir. Bizim bu səfərimizin də əsas məqsədi Çin-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması ilə bağlı fikir mübadiləsi aparmaq olmuşdur. Çin hazırda dünyanın iqtisadiyyatı ən inkişaf etmiş ölkələrdən biridir, bəzi iqtisadi parametrlərə görə isə dünyada birincidir. Belə bir dövlət ilə əlaqələrin genişləndirilməsi və strateji səviyyəyə qaldırılması olduqca vacibdir: "Səfər zamanı keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlər, siyasi, iqtisadi, humanitar əlaqələr, ümumilikdə, hər iki tərəfi maraqlandıran məsələlər müzakirə mövzusu olmuşdur. Biz münasibətlərimizin perspektivləri barədə fikir mübadiləsi apardıq".

Milli Məclis Sədrinin müavini daha sonra demişdir ki, görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırıldı: "Bu məsələnin burada qaldırılmasının böyük əhəmiyyəti vardır. Çünki 1993-cü ildə Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunan ərazilərindən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul etmişdir. Amma bu qətnamələr hələ icra olunmamışdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Çinin bu məsələyə münasibətinin bir daha öyrənilməsi bizim üçün çox vacib idi.

Bundan başqa, görüşlərdə humanitar məsələlər barəsində fikir mübadiləsi apardıq. Biz Çin tərəfindən xahiş etdik ki, bu ölkənin  universitetlərində təhsil almaq üçün Azərbaycana ayrılmış kvota artırılsın. Bu, iki ölkə arasında humanitar sahədə əməkdaşlığa bir töhfə olar. Bundan başqa, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekində büstünün qoyulması üçün yaradılan şəraitə görə Çin tərəfinə təşəkkür etdik".

İki ölkənin parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı müzakirələrin də aparıldığını qeyd edən Z.Əsgərov bildirmişdir ki, Azərbaycanın çox yaxşı parlamentlərarası əlaqələrinin olduğu ölkələrdən biri də məhz Çindir. Mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir: "Qərara aldıq ki, parlamentlərarası əməkdaşlığın daha da inkişafı üçün bu səfərlər daha intensiv olsun. Ümumilikdə, Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafı və genişləndirilməsi üçün böyük potensial vardır. Elə görüşlərdə də bu məqam bir daha vurğulandı".

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

 

Azərbaycan.-2013.- 5 mart.- S.2.