Azad söz həm də ədalətli və məsuliyyətli olmalıdır

 

Müsahibimiz Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovdur

 

- Əflatun müəllim, son zamanlar Mətbuat Şurasının tərkibində yaradılmış internet resursları üzrə komissiya barədə çox danışılır. Hər halda belə bir qurumun formalaşdırılmasının ciddi səbəbləri olub. Çox güman, müəyyən məqamlar da nəzərə alınıb. Hazırkı reaksiyaları gözləyirdinizmi?

- Desəm ki, gözləmirdik, düz olmaz. Gözləyirdik! İctimaiyyət də deməzdim, ancaq müəyyən aktiv kəsim var ki, onsuz da reaksiya verməyə adət edib. Təbii, söhbət internet media ilə bağlı tənzimləmədən gedirsə, həmin kəsimin reaksiyanı, belə desək, tündləşdirməsində haradasa uyğunluq da var. Ancaq ümumən sirkəyə çevrilməyə, nəyisə çatlatmağa ehtiyac yoxdur! Çünki çatladılan böyük hesabla öz qabımız olacaq. Nəticədə həmin qabdan illər ərzində dişimizlə, dırnağımızla yığdığımız məhsullar dağılacaq. Nədir o məhsullar? İlk növbədə, peşəkarlıq, məsuliyyət, həssaslıq, vicdani yanaşma və başqaları. Əslində, bunların hamısını bir ad - peşəkarlıq adı altında birləşdirmək mümkündür. Amma müəyyən istisnalar var ki, onlarla hər birimiz üzləşmişik və üzləşirik də! Nə vaxtsa bu istisnaların ayrı-ayrı epizodik məqamlarını yada salır, həyatın qəribəliklərinin qarşısında susqun təəccübümüzü ortaya qoymaqla kifayətlənirik. Hər peşənin öz yaşantı payı var! İnanıram ki, dediklərim söz və ifadə azadlığına həqiqi mənada, dəyər verənlərin hər birinə tanışdır. Əlbəttə, sözə dəyər verən istedadlı gənclərimiz çoxdur. Görürəm, əsəbləşiblər ki, nə üçün komissiya yaradarkən onları çağırıb fikirlərini öyrənməmişik. Hər halda, dediklərində anlaşılan budur. Ancaq gərəkdir, etiraz bu fonda bildirilməsin. İnternet media ilə bağlı təşəbbüsümüzün yuxarıda sadaladıqlarım meyarları özündə birləşdirən peşə dəyərlərinə və fəaliyyətinə gerçək təhlükə yarada biləcək məqamlar üzə çıxarılsın. Ona görə yox ki, həmin məqamların bizim gördüyümüz və belə desək, üstünü açıq saxladığımız, tərəddüd etdiyimiz hansısa cəhətləri var. Sadəcə, nələrinsə nəzərimizdən yayınması mümkündür. Amma deyim ki, reaksiyanın özündən çox səviyyəsi, fikirlərin ifadə tərzi təəccüblü gəldi. Məhz bunu gözləməzdim!

- Bir qədər konkretləşdirə bilərsinizmi?

- Əlbəttə, kiminsə nə dediyini xatırlamaq lüzumsuzdur. Açığı, hamısını yadda saxlamaq da olmur. Maşallah, sosial şəbəkələrdə tüğyan edən, alov saçan o qədər demokratımız var ki...

Bütövlükdə müzakirələrdə iki xətt görürəm. Birincisi, adama elə gəlir ki, narazılar qrupu Mətbuat Şurasının yeni yaradılmış komissiyasını bir növ dövlət qurumuna oxşatmağa çalışırlar. Sanki qəsdən belə bir xətt götürülüb. Nəzərə alınmır ki, Mətbuat Şurasının tərkibindəki komissiya onun özündən artıq səlahiyyətə malik ola bilməz! Yəni, o, hər bir halda ictimai tənzimləməni həyata keçirəcək, senzura orqanı olmayacaq! Axı, üzdə olan qəzetlər, informasiya agentlikləri, jurnallar bu tənzimləməni qəbul ediblər. Mətbuat Şurası elə buna görə yaşayır.

Şura yarananda internet media yox idi. Lakin on il öncə qurumun formalaşmasına qarşı çıxan ənənəvi media orqanları olmuşdu. Tədricən onların sayı da azalmağa başladı və nəhayət, Mətbuat Şurasının həqiqətən ictimai missiya yerinə yetirən, jurnalistikanın mənafeyi üçün çalışan təşkilat olduğunu gördülər. İctimai tənzimlənmənin zəruriliyini dərk edən qəzetlərin sayı artdı. Müvafiq surətdə şuranın da tərkibi genişləndi.

İndi bir qrup aparıcı internet media vasitəsi on il əvvəlki tənzimləmə zərurətini ön plana çəkir və Mətbuat Şurasına üzvlüyə can atır. Təbii ki, onlar qurumun sıralarına qəbul ediləcəklər. Cəmiyyətdə özlərini kifayət qədər təsdiqləyiblər. Burada texniki məqamlar var, amma fəaliyyətləri ilə kompleks müqayisə aparsaq, qəzetlərin malik olmadıqları oxucu auditoriyasında hətta artığına da malikdirlər. Əsas odur, ictimai rəyə real təsir vasitələridirlər. Məsələn, "lent.az"ı, "publika.az"ı, "milli.az"ı götürək. Əslində, başqalarının da adlarını çəkmək mümkündür. Sizcə, bu portallar Mətbuat Şurasına nəyə görə üzv olurlar? Yenə də deyirəm, mahiyyətcə elə səviyyədədirlər ki, hətta deyərdim, özünütənzimləmənin özünə belə ehtiyacları yoxdur. Ancaq ümumən prosesdə maraqlıdırlar. Gerçək müasir media adına iddialıdırlar. Bir çox qabaqcıl ölkələrdə olduğu kimi, əsl medianın özünütənzimləməsini prinsipcə vacib sayırlar. Komissiyanın yaranma səbəblərindən biri də onların MŞ-yə müraciətləridir.

Müzakirələrdəki ikinci xətt internetin bir növ, ilahiləşdirilməsi cəhdidir. Bu fonda internet media da toxunulmaz kimi təqdim olunur. Amma gəlin prinsiplərimizi yüksək tutaq.  Çünki toxunulmazlığa haqqı çatanlarla yanaşı, bu toxunulmazlığın vacibliyini, sadəcə, imitasiya edənlər eyni texniki vasitələri bölüşürlər, əllərində eyni rıçaqlar var! Söhbət asanlıqla sayt yaratmaqdan və orada material yerləşdirməkdən gedir. Bəlkə hay-küy salanların bir çoxunun ziyanı yoxdur. Ancaq sakit dayanıb kənardan iş tutanlar hələlik bütövlükdə cəmiyyətə olmasa da, müəyyən insan qruplarına təsir göstərirlər. Təsadüfi deyil ki, Mətbuat Şurasına son zamanlar internet media vasitələri ilə əlaqədar şikayətlərin də sayı artmaqdadır. Əslində, komissiyanın yaradılmasını zəruriləşdirən ikinci məqam da budur.

Mən dəyərlərimizi müqəddəsləşdirməyin əleyhinə deyiləm. Amma gəlin, ictimai missiyamızı da yaddan çıxarmayaq. Biz nə üçün yazırıq? Ona görə ki, pafoslu səslənməsin, cəmiyyəti irəli aparaq, hansısa naqisliyi aradan qaldıraq, ədalətsizliyin qarşısını alaq, hüquqi dəyərlərin hakim kəsildiyi mühit formalaşdıraq. Deməli, məsuliyyət yükümüz ağır, yolumuz haqq yoludur. Elə isə nə üçün imkan verək ki, bizimlə eyni yolda olmayanlar bir növ, müqəddəsləşdirdiyimiz, ilahiləşdirdiyimiz dəyərləri çeynəsinlər. Axı, biz normada məsuliyyətli olmağı bacarırıq. Heç də demirəm ki, bu gün Mətbuat Şurasına qarşı çıxanların məsuliyyətdən xəbərləri yoxdur! Sadəcə, avantüristliklərini bir kənara qoysalar, məsələyə yalnız media prinsipləri baxımından yanaşsalar, daha yaxşı olar.

- Əflatun müəllim, demisiniz ki, Mətbuat Şurasının yeni komissiyasının yaradılmasının əsas səbəbi quruma internet media resursları ilə bağlı şikayətlərin daxil olmasıdır. Şikayətlərdə ifadə olunan narazılıqların əsas motivləri barədə bilmək istərdik.

- 2011-ci illə müqayisədə ötən il internet media resurslarının fəaliyyətindən narazılıq dolu müraciətlər daha çoxdur. İnternetin inkişafı bu tip media vasitələrinin də sayını artırır. Hər gün demək olar bir-iki yeni sayt görürəm. Həmin saytların xəbərlərinə baxanda hiss olunur ki, kimlərləsə bağlı konkret bir sensasion məlumatı yaymaq üçün yaradılıblar. Sonra da yavaş-yavaş loru desək, əllərinə nə isə düşəndən-düşənə işləyirlər. Bu, hər bir halda spekulsiyadır, vəziyyətdən sui-istifadədir! Bəzən belələrini ictimai qınağa çəkməyin mexanizmini də tapmaq olmur.

Bəzən də görürsən ki, kimsə kiminsə barəsində təhqiramiz yazı yazır və onu sonradan sosial şəbəkələrdə yayır. Şikayətlərdə bu cür motivlər üstünlük təşkil edir. Hətta konkret materialı haqqında yazdıqları adamın deyək ki, "facebook" profilində yerləşdirirlər. Nə qədər olmasa, dostluğundakı yaxınlar, tanışlar, qohumlar belə şeyləri görürlər. Sonradan silinsə də, material öz mənfi rolunu oynayır.

Əlbəttə, belə demək mümkünsə, yeri-yurdu bəlli olanlardan da şikayətlər daxil olur. Qəzetlərindəki "reketçilik" fəaliyyətlərini saytlara keçirənlərə də rast gəlinir. Motiv ənənəvi mediada olduğundan fərqlənmir - təhqir, böhtan, bilərəkdən yalan məlumat yayaraq ictimai nüfuza ləkə gətirmək və s.

- Bəs bu vəziyyətdə komissiyanın işi nədən ibarət olacaq. Səhv etmiriksə, Mətbuat Şurasında şikayətləri araşdıran komissiya əvvəldən də var.

- Elədir. Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası var. Yeni komissiya isə internet media ilə bağlı şikayətlərdəki spesifik məqamlara diqqət yetirəcək və İdarə Heyətinə müvafiq rəyini verəcək. Digər tərəfdən, komissiya yeni mediadakı tendensiyaları, yenilikləri izləyəcək.

- Demək olarmı ki, komissiyanın müəyyənləşdirəcəyi hallar internet media ilə bağlı hansısa hüquqi tənzimləməyə ehtiyac yaratsın. Belə anlaşılır ki, narazılar bundan da ehtiyatlanırlar.

- Mətbuat Şurası ictimai tənzimləyici qurumdur. Ancaq onu da deyim ki, hüquqi tənzimlənmənin mövcudluğu nə dövlətin müdaxiləsidir, nə də senzuradır! Dünyanın bir çox ölkələri məhz buna doğru gedirlər. Əks halda, xaos yaranar. Elə bizdə də son bir neçə il ərzində internetin geniş vüsət alması bəzi özbaşınalıq meyillərini ortaya qoyur və heç kim təminat verə bilməz ki, belə hallar daha sürətli artım məcrasına qədəm qoymayacaq. O zaman söz və ifadə azadlığımıza da təhdid yaranacaq və bu illər ərzində ənənəvi medianın fəaliyyət tərzi baxımından əldə etdiyimiz uğurları internet media resurslarının timsalında itirəcəyik. Onda indi sərbəstlik mühiti tapıblarmış kimi düşünənlər, fikirləri ilə həmin mühitin üstündə bir növ əsdiklərini dillərinə gətirənlər görəcəklər ki, onların özlərini cəmiyyətə impulsiv, pozitiv təqdim edə bilmələri üçün mövcud olan dəyərlər artıq sıradan çıxıb. Necə ki, vaxtilə qəzetlərdə işləyənlər bunu hiss etmişdilər. Sözüm yanlış anlaşılmasın. Senzura mühiti prinsipcə yolverilməzdir! Amma yaxşı yadımdadır, bir dönəm parlamentdə "senzura olmasın" deyərək təşəbbüs səsləndirənlər, sonradan senzurasızlığın doğurduğu fəsadları aradan qaldırmaq üçün düşünmək məcburiyyətində qaldılar. Şübhə etmirəm ki, indi olmasa da, müəyyən zaman keçdikdən sonra hazırda hay-küy qoparan blogerlər, yazarlar da eyni diskomfortu yaşayacaqlar.

Deyirlər ki, internet virtual məkandır. Əslində, virtual yox, elə tam realdır. Real olan nələrdən ehtiyatlanırıqsa, nəzərə alaq ki, onun internetə ayaq açması da mümkündür. Baxın, dəfələrlə məsələ qaldırmışıq ki, qəzetlərin qeydiyyat qaydaları çox sadədədir və bu, qeyri-peşəkarların sahəyə axınını şərtləndirir. Hər halda, ortada "reket jurnalistika" adlı bəla var. Təsəvvür edin ki, internet media üçün bizim sadə bildiyimiz prosedur da yoxdur. O zaman nə olsun? Hər şey başlı-başınamı buraxılsın?

Düşünürəm ki, senzura kimi təmayüllərin yarana biləcəyindən ehtiyatlanmağa heç bir əsas yoxdur! Gerçək senzuranın özünü göstərmə meyilləri var. İndiki halda hər şey media ictimaiyyətinin öz öhdəsinə buraxılır. Sadəcə, prosesin vacibliyini görmək və yeni formalaşdırılacaq düzəndə jurnalistikanın mənafeyi baxımından faydalı ola bilən şərtlərin təminatına qol çırmamaq lazımdır. Bunu hamılıqla məsələyə hər hansı siyasi rəng qatmadan etmək zəruridir. Əgər müzakirələr gedişində gəlib bir nöqtəyə çıxsaq və düşünsək ki, bu məqamda media prinsiplərinə zərər gələn nə isə var, o zaman onun üzərinə birlikdə getməliyik.

- Siz şəxsən internet media ilə bağlı hüquqi tənzimləməni necə görürsünüz? Bununla bağlı müəyyən təsəvvürləriniz varmı?

- Təbii ki, söhbət ümumən internetdən getməməlidir. Cəmiyyətə məlumat vermək, ictimai rəyi bu və ya digər dərəcədə formalaşdırmaq missiyasını üzərinə götürən, götürməyə iddialı olan vasitələri nəzərdə tuturam. Baxın, nə qədər mənfi meyillərin mövcudluğunu desək də, real fəaliyyət göstərən internet informasiya resursları yaradıcılıq baxımından parlaq görünürlər. Gündəlik qəzetlərin saytları çap variantlarına nisbətdə daha mütəhərrikdir.

Ancaq reklam bazarının olmaması, medianın ümumən ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilə bilməməsi internet xəbər portallarının da fəaliyyətinə mənfi təsir göstərir. Zənnimcə, hüquqi status bir sıra problemlərin aradan qaldırılmasında müstəsna rol oynayardı. Dövlət dəstəyi üçün cəmiyyətə bəlli təsir göstəriciləri meyar kimi götürülürsə, o zaman bəzi media saytlarının bu şərtləri artıqlaması ilə ödədiyi məlumdur. Belə olan halda onlar daha yaxşı inkişaf üçün nəyə görə dəstək əldə etməsinlər? Əslində, hüquqi status digər cəhətlər - təhlükəsizlik, milli-mənəvi dəyərlərin qorunması və sair baxımdan da önəmlidir. Ancaq təşəbbüs, ilk növbədə, media ictimaiyyətinin özündən gəlməlidir. Nəzərə alınmalıdır ki, dövlət yardımının maliyyə-hesab münasibətlərində rəsmiləşdirilməsi vacibdir. Saytların əksər hissəsi media qurumu kimi qeydiyyatdan keçmədikləri halda isə ümumən prosesin başlanması mümkünsüzdür.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 6 mart.- S.3.