Azərbaycan gənclərə göstərilən qayğının səviyyəsinə görə dünya ölkələri arasında seçilir

 

Azərbaycan Prezidenti İlham Əliyevin  bu addımı ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

 

Bu sözləri "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyi idarə heyətinin sədri Seymur Orucov dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı sərəncamına münasibət bildirərkən demişdir.

Sərəncamı gənclərə göstərilən etimadın nümunəsi kimi qiymətləndirən sədr bildirmişdir ki, Azərbaycanın gənclər siyasəti ilə dünya ölkələrinin bu sahədəki fəaliyyəti arasında xüsusi fərq vardır. Sərəncamda bir sıra dövlət orqanlarından və gənclər təşkilatlarından olan nümayəndələrin adları qeyd edilmişdir. İlk olaraq qeyd edim ki, dövlət başçısının bu addımı gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz təşkilatımız adından Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.

Seymur Orucov qeyd etmişdir ki, Azərbaycan gənclərə göstərilən qayğıya, onlar üçün həyata keçirilən tədbirlərə, ümumiyyətlə, gənclər siyasətinə görə dünya ölkələri arasında seçilir. Ölkəmizdə gənclərlə bağlı qanunvericilik bazasının gündən-günə təkmilləşdiyi göz qabağındadır. Bu ölkənin vətəndaşı və gənci olmaq bizim hər birimiz üçün qürur mənbəyidir. Çünki biz gəncliyin inkişaf zirvəsində olduğu, əhalinin bu təbəqəsinə xüsusi diqqət və qayğı göstərilən, gənclərin bütün problemlərinin həlli üçün müxtəlif təşkilatların səfərbər edildiyi bir ölkənin vətəndaşlarıyıq.

Azərbaycanda istər xaricdə təhsil alan, istərsə də ölkəmizdə yaşayan gənclərin maddi və mənəvi problemlərinin həlli istiqamətində bir sıra ictimai birliklər fəaliyyət göstərir. Bu gün biz bir sıra sahələrdə həmin fəaliyyətin, gənclərə ayrılan diqqətin bəhrəsini və uğurlu nəticələrini görürük.

S.Orucov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkil edilməsi ölkəmizdə gənclərlə bağlı bir sıra mühüm layihələrin reallaşmasında əhəmiyyətli rol oynayacaqdır. Biz də Müşahidə Şurasının üzvləri olaraq gənclərlə bağlı həyata keçiriləcək bütün layihələrdə onlara yaxından dəstək verəcək, həmyaşıdlarımızın uğurları üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, bütün dünya ölkələrinin gəncləri və beynəlxalq səviyyəli gənclər təşkilatları bizim fəaliyyətimizdən nümunə götürsünlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 6 mart.- S.4.