Avstriyalı qonaqlar Mərkəzi Seçki Komissiyasında olmuşlar

 

Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılığı ilə Bakıda səfərdə olan  nümayəndə heyəti martın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.

MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, qonaqlar Azərbaycan Respublikasının seçki qanunvericiliyində prezident seçkiləri ilə bağlı tələblər, qarşıdan gələn seçkilərə hazırlıq və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanmışlar.

MSK sədri Azərbaycan Respublikasının seçki sistemi, müvafiq qanunvericilik, prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı görülən işlər və planlaşdırılan layihələrdən söz açmışdır. Sədr həmçinin hazırda davam edən seçici siyahılarının dəqiqləşdirilməsi prosesi barədə də qonaqlara məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 6 mart.- S.5.