İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cümə Məscidi dini icmasının Azərbaycan Respublikasına qarşı şikayətini rədd etmişdir

 

Cümə Məscidi dini icması və onun üzvləri İlqar İbrahimoğlu, Azər Səmədov, Azad İsayev, İlqar Əlizadə, Nəcəf Allahverdiyev, Adil Hüseynov, Ramin Tahirov, Pərviz Hacıyev, Eldar Sultanov və Namin Axundov Avropa Məhkəməsinə müraciət edərək dini icmanın dövlət qeydiyyatına alınmaması və İçərişəhərdə yerləşən məsciddən çıxarılması barədə şikayət etmişlər.

2002-ci ilin iyun ayında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dini icmaların yeni qanunvericiliyə əməl olunmasını təmin etmək üçün əvvəllər qeydiyyatdan keçmiş bütün dini qurumların yenidən qeydiyyata alınmaq üçün müraciət etmələri tələb olunmuşdur.

2004-cü ilin yanvar ayında Cümə Məscidi dini icması yenidən qeydiyyatdan keçmək üçün Dövlət Komitəsinə müraciət etmiş, lakin təsis sənədlərinin qanunvericiliyə uyğun olmadığı üçün Dövlət Komitəsi qeydiyyat üçün əlavə sənədlərin tələb olunduğunu bildirmişdir.

Eyni zamanda, 2004-cü ilin yanvar ayında "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu ərizəçilərə məktub göndərərək onlardan on beş gün ərzində məscidi boşaltmalarını tələb etmiş və Səbail Rayon Məhkəməsinə müraciət edərək dini icmanın Cümə Məscidindən çıxarılması barədə qərar qəbul etməyi xahiş etmişdir. Məhkəməyə müraciətində "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu binanın qeydiyyatdan keçmiş sahibi olduğunu iddia edərək dini icmanın rəsmi qeydiyyatdan keçmiş dini qurum olmadığını və onun Cümə Məscidinə icarə və ya hər hansı digər əşya hüququnun olmadığını bildirmişdir. Səbail Rayon Məhkəməsinin 2004-cü il 1 mart tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, ərizəçilər dini icmanın qeydiyyata alınmaması ilə əlaqədar Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmədiyinə görə dövlətdaxili hüquq müdafiə vasitələri tükənməmişdir və bu səbəbdən şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü hissələrinə əsasən rədd edilməlidir.

Digər tərəfdən, Avropa Məhkəməsi bildirmişdir ki, dini icmanın hər hansı qanuni istifadə hüququ olmadığı binadan çıxarılması ərizəçilərin Konvensiyanın 11-ci maddəsi nəzərə alınmaqla təfsir edilən 9-cu maddəsinin təmin etdiyi dini azadlıq hüququna əsassız müdaxilə hesab oluna bilməz. Beləliklə, bu şikayət açıq-aşkar əsassız olduğu üçün 35-ci maddənin 3-cü hissəsinə əsasən qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 4-cü hissəsinə əsasən rədd edilməlidir. Ərizəçilər, həmçinin Konvensiyanın 6-cı və 13-cü maddələrinə əsasən məhkəmələrin müstəqil və qərəzsiz olmadığından və ölkədaxili proseslərin "ağlabatan müddət" tələbi pozulmaqla həyata keçirildiyindən şikayət edərək bu proseslərin "Azərbaycan məhkəmələri üçün normal sayılan vaxtdan daha qısa müddət ərzində" davam etdiyini bildirmiş, Konvensiyanın 9, 10 və 11-ci maddələri ilə birlikdə 14-cü maddə əsasında şikayət edərək dini etiqadlarına və siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qalmalarından şikayət etmişlər.

Avropa Məhkəməsi işdə olan bütün materialları nəzərə alaraq ərizənin bu hissəsində Konvensiyanın pozuntusu müəyyən edilməmişdir. Buna görə də o, açıq-aşkar əsassız olduğu üçün 35-ci maddənin 3-cü hissəsinə əsasən qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq rədd edilməlidir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 6 mart.- S.5.