Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropanın ən etibarlı tərəfdaşıdır

 

"Bu gün Azərbaycan regionun lider dövlətidir və dünyada nüfuzu getdikcə artır. Biz əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Sevindirici haldır ki, bu barədə düşündüklərimiz azərbaycanlı həmkarlarımızın da fikirləri ilə üst-üstə düşür".

Bu fikirləri dünən Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə Azərbaycanda səfərdə olan Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Frits Noyqebauer söyləyib.

Görüşdə Oqtay Əsədov bildirib ki, bu gün Azərbaycanla Avstriya arasında əməkdaşlıq inkişaf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər iki ölkə arasında diplomatik münasibətlər yenidən bərpa olunub. Bu səfər isə əlaqələrin hərtərəfli inkişafını daha da sürətləndirəcək. Azərbaycan Avstriya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin tərəfdarıdır.

Oqtay Əsədov iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, bu gün iki ölkə arasında iqtisadi, ticarət əlaqələri də genişlənir. Lakin mövcud potensialı tam əhatə etmir. Azərbaycan-Avstriya hökumətlərarası komissiya da fəaliyyət göstərir və bu gün hər iki ölkə NABUCCO, TANAP kimi layihələrin reallaşmasında maraqlıdır: "İnanırıq ki, bu amillər bizi daha da yaxınlaşdıracaq və ticarət dövriyyəmiz də artacaqdır. Eyni zamanda, əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəkdir".

Milli Məclisin Sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin də rolunu xüsusi qeyd edərək deputatların, parlamentlərdəki dostluq qruplarının qarşılıqlı səfərlərini və fəaliyyətlərini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, acı nəticələri, Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə qonaqlara ətraflı məlumat verən Oqtay Əsədov vurğulayıb ki, bu problem həm də Azərbaycanın sürətli inkişafının qarşısını almağa yönəlmiş bir siyasətdir: "Biz inanırıq ki, münaqişənin sülh yolu ilə həlli yolları hələ tükənməyib və problem tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapacaqdır".

Öz növbəsində Frits Noyqebauer qeyd edib ki, Azərbaycana səfərin məqsədi iki ölkə arasında dostluq münasibətlərinin, xüsusən də parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır: "Artıq iki gündür davam edən səfər çərçivəsində bir sıra maraqlı görüşlər keçirmişik və çox faydalı danışıqlarımız olmuşdur. İnanırıq ki, bu səfərimiz, eləcə də qarşıda nəzərdə tutulmuş yüksək səviyyəli səfərlər və görüşlər ölkələrimiz arasındakı əlaqələrin inkişafına təkan verəcək. Onun fikrincə, Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, enerji təhlükəsizliyi sahəsində Avropanın ən etibarlı tərəfdaşıdır. Biz Avstriya nümayəndə heyəti olaraq bunu yüksək qiymətləndiririk və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıyıq".

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin, qanunverici orqanlar arasında təcrübə mübadiləsinin və əməkdaşlığın perspektivləri müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 7 mart.- S.1.